HƏYAT DƏRSLƏRİ

30. 2020-Cİ İLİN SÜRPRİZLƏRİ

 

(əvvəli burada)

2020-ci ilin gəlişi elə ilk andan sürprizlərlə dolu olacağının əlamətlərini göstərirdi. “İki” və “sıfır”ın kombinasiyasından təşkil olunmuş 2020 sanki bununla nəyisə anlatmaq istəyirdi. Palindroma deyib keçə də bilərdik. Yeri gəlmişkən, bu, özünü 02.02.2020 tarixində daha aydın və daha geniş ölçüdə göstərir. Amma 2020 qeyri-adiliklərini mənə lap ilk başlanğıcından təqdim etməyə başladı. Sırasıyla danışmağa çalışacam.

 

Yeni ilə bir neçə gün qalmış və Yeni il axşamı az qala yeri-göyü silkələyən atəşfəşanlığın yaratdığı heyrətimi ifadə etməkdə çətinlik çəkirəm. Bu barədə bir qədər sonra danışacam. Ölkə miqyasında 77 milyon avroluq pirotexniki vasitənin tükədilməsi faktını özümə tutalğac edərək bu barədə bir qədər geniş danışım. Niderland yeni ilini qarşılamaq üçün 77 milyon avroluq atəşfəşanlıq vasitəsi almış və bu qədər pul bir gecədə havaya sovrulmuşdu. Hələ bu rəsmi rəqəm doğru olmaya da bilər. O üzdən ki, ölkəyə qeyri-qanuni yollarla bu rəqəmin bir neçə qatı qədər pirotexnik vasitənin gətirilməsini söyləyənlər də var. Müxtəlif malların – narkotik maddələrdən tutmuş ərzaq məhsullarına qədər Avropaya qeyri-leqal yollarla gətirilməsi, kirli pulların yuyulması da danılmazdır. Bunu mən demirəm, Avropanın başbilənləri hərdən ağızlarından qaçırırlar. KİV-də onu təkrarlamaqla, tirajlamaqla məşğul olur. Dərinə getsək heç bunları burada söyləməmizə gərək də yoxdur. Nədən ki, bunu ortaya çıxaranlar da, xalaxətri dilə gətirənlər də eyni qabdan yemək yeyənlərdir. Özləri çalıb, özləri də oynayırlar.

 

Mən Niderlandın timsalında kiçik bir hesablama apardım. Yeni il atəşfəşanlığına ölkədə 77 milyon avro xərcləndiyini artıq bilirik. Ölkə əhalisinin təxminən 17 milyondan bir qədər çox olduğunu nəzərə alsaq, adambaşına 4-5 avro pul xərcləndiyini müəyyən etmək o qədər də çətin deyil. Dünya əhalisinin sayının 8 milyarda yaxınlaşdığını da bildiklərimizdən sayaq. Dünya əhalisinin 30-40 faizinin müxtəlif – dini, sosial-iqtisadi səbəblərdən Yeni il atəşfəşanlıqlarına qatılmadığını düşünək. Yerdə qalan əhalinin təxminən 20 milyard avroya yaxın vəsait tükətdiyini qəbul etmək olar. Bu vəsaitlə hər nəfərə 200 avro xərcləməklə 100 milyon adamı yaxşı-pis bir-iki ay dolandırmaq olmazdımı?

 

Niderlandda atəşfəşanlıq mənzərəsi o qədər rəngli, o qədər səsli-küylü keçirilir ki, adam heyrət etməyə bilmir. Dünənə qədər sakitlik, soyuqqanlılıq rəmzi saydığım hollandların qeyri-adi, bəlkə də dəliliyə bərabər çılğınlıqları, bir-biri ilə yarışa girmiş sayaq növbənöv pirotexnik məlzəməni havaya uçurmaları məni çaş-baş qoymuşdu. Hər yerdən – küçələrdən, meydanlardan, səkilərdən, həyətlərdən yüksələn gurultu, havada müxtəlif rənglərin qarışığından yaranan bir az postmodernist, bir az mistik-ecazkar təsirə malik görüntülər, gecə saat 12-yə doğru insanların küçələrə axın edərək şən səsləri ilə hər yeri doldurması, bütün bunların saatlarla fasiləsiz davam etməsi mənim kirayə otağımın açıq pəncərəsindən heyrətlə baxan gözlərim qarşısında baş verirdi. Az qala qışqırıb “bu qədər də olmaz” demək istəyirdim. Amma qışqırsam da, bu hay-harayda, bu vurçatlasında məni eşidən olardımı?

 

Səhərisi gün Yeni il atəşfəşanlığından geriyə rəngbərəng karton-kağız qırıntıları, bəzi yerlərdə sınmış şüşələr, bəzi adamların yaralanmış bədənləri, yanmış, dəlik-deşik olmuş paltarları, ən ümdəsi isə boşalmış cibləri qalmışdı. Yanılmıramsa, rütubətli yanvar sabahının havasında bir az da barıt iyi var idi. Müşahidə edilən mənzərə bundan ibarət idi. Biz tərəflərdə bir qədər kiçik miqyasda da olsa, təxminən belə mənzərə yarandığını gözümün önünə canlandırdım. Bizim insanların bundan əndişələnməsi, şikayətlənməsi isə ayrıca bir mövzudur. “Ay qulağımız batdı”, “Belə də şeymi olar?”, “Hökumət hara baxır?” kimi deyinmələri az eşitməmişik. Torpağı düşmən tapdağında olan bir xalqın belə şikayətlər etməsi isə tamam gülüncdür. Bəs, bomba, qumbara, güllə səsi eşitsək nə edərdik? Bəs, torpağımızı almaq niyyətindəyik? Atəşfəşanlığın yalançı gurultusundan qorxuya düşənlərimiz, müharibənin həqiqi gurultusuna necə dözəcək? Heç olmasa ildə bir dəfə yalançı bir məşq etməyin nəyi pisdir? Həm şənlənirsən, həm də yatmış beynini məşq etdirirsən.  

 

Yanvarın 1-dən Hollandiya adından rəsmi olaraq imtina edildi. Bundan sonra bu dövlətin adı yalnız Niderland Krallığı kimi tanınacaq. Dövlətin iki adından biri olan Hollandiya sözündən imtina edilməsinin səbəbləri barədə başqa bir yerdə söhbət açdığımı xatırlayıb, bu barədə uzun-uzadı danışmaq fikrimi bir kənara qoyuram.

 

2020-ci il mənim şəxsi həyatıma işsiz qalmağımla daxil oldu. Mən 11 ay çalışdığım marketdəki işimi itirdim. Mənim işdən çıxarılacağım gözlənilən idi. Nədən ki, külli miqdarda borclanmış marketin düşdüyü vəziyyətdən çıxmaq üçün müxtəlif yollara baş vurması təbii idi. Borcların qapadılması üçün işçilərin ixtisarından başlanmasını da təbii sayıram, elə özümün uzaqlaşdırılmamı da. Ölkədə qaçaq yaşayan, iş icazəsi olmayan bir adamın çalışdırılması da market üçün böyük təhlükə idi. Borc bataqlığında çabalayan marketin bir də mənim ucbatımdan cəza-cərimə alacağını da gözləmək olardı. Sarı yaranın üstündən saqqal yarasının çıxması məsəlini yəqin bu məqamda işlədirmişlər.

 

Mən “Məram”da çalışmağımı, nə iş görməyimi bir kənara buraxmaq, çalışdığım müddətdə yaxın təmasda olduğum, duz-çörək kəsdiyim, az-çox Niderland həyat tərzinə alışmamda bu və ya digər dərəcədə yardımçı olmuş şəxslər barədə danışmaq istəyirəm. Marketin kiçik kollektivi bir-birinə isnişmiş adamlardan ibarət idi. Turan və Sinan dükanın sahibi olsalar da, işçilərdən heç bir fərqləri yox idi. Turanın marketdən ayrılmasından sonra onu Hakan əvəz etdi. Hakan da işçi-patron ayrı-seçkiliyi yapmayan birisi idi. Kollektivin digər üzvü isə Özləm xanım idi. Marketin kassaçısı. O qədər yaxşılığını gördüm ki, deməklə bitməz. Hüseyn abi də marketin sahibi sayılırdı. Həftədə bir neçə gün bizə köməyə gəlirdi. Surinam mənşəli, Sinanın həyat yoldaşı Kimbirli də öz istiqanlılığı ilə yaddaşıma köçüb. Və sonda hamımızın “Cimi” dediyimiz Ceyhan. Ceyhan Bolqarıstan türküdür. Mənə çox yaxşılıqları keçib, adım dilinin əzbəri idi. Onun həyat yoldaşı polyak qızı Lusiya marketə hərdən baş çəkərdi, mənə “abi” deyə müraciət etməsi də heç çür xatirimdən çıxmaz. Nəhayət, ayrılmaz kvartet. Həmişə bir yerdə gəzən, tez-tez marketə birlikdə gələn suyuşirin, hamımızın sevimlisi, türkcəsinin dolğunluğu  ilə fərqlənən türk Həsəni, ağbəniz mərakeşli Səidi, əslən Türkiyədən olan, az da olsa türkcəni bilən kürd Rufalı, türkcəsi, demək olar ki, yox dərəcədə olan qarayanız türk cocuğu Öməri tanımağım da Niderland cəmiyyətini təşkil edən etnoslar barədə az-çox təsəvvürümü genişləndirməkdə mənə yardımçı olurdu.  

 

Bundan sonra başlayan işsizlik, koronavirusun gəlməsi ilə mənim iş tapmağımın daha da müşkülə düşməsi, ölkələr arasında tətbiq edilən karantin səbəbindən gediş-gəlişin məhdudlaşdırılması və sonucda tamam qapadılması qeyri-müəyyənlik, məchulluq içində qalmama səbəb oldu. Artıq bir neçə aydır ki, davam edən bu durumdan xilas üçün əl atdığım yöntəmlərdən biri mütaliə, digəri isə yazı-pozu ilə məşğul olmaqdır. Əslində bunlar mənim üçün əyləncə, hobbi də deyil. Bunlar mənim həyatımın mənasıdır. Ən işıqlı anlarımı yazı prosesində yaşayıram deməyimin müştəbehlik, özündən razılıq kimi anlaşılmayacağına ümid edirəm. Qırx ildən artıq bir müddətdə yazı-pozu işləri mənə həyatımın ən yaddaqalan anlarını yaşadıb. Koronavirus mənim yenidən yazı-pozu işlərinə köklənməmə, xoş anlar yaşamama nədən oldu. Hər şərdə bir xeyir var düşüncəsinin nə qədər doğru olduğuna mən koronaviruslu günlərdə bir daha inandım.

 

Mən Niderlandın Utrext əyalətinə tabe olan, üzümün-gözümün öyrəşdiyi, az-çox isinişdiyim Amersfoortla vidalaşmalı oldum. Soyuq yanvar günlərindən birində ölkənin şimalına Cənubi Hollandiya əyalətinə, Rotterdama tabe olan Hoogflit rayonuna daşındım.

(davamı burada)

 

Afiq MUXTAROĞLU

Niderland