Builki Beynəlxalq Ahıllar Günü Gürcüstanda bələdiyyə seçkiləri və Covid – 19 dalğaları fonunda keçdi. Mənə gəlincə, bu fon, necə deyərlər, beynəlxalq hadisələr zəminində baxılası fon deyildi. Əksinə, durnalı göylər, durna qatarları fonunda kədər doğuran bir fon idi. Hələ M.Bulqakovun “Nə qədər ki, siyasət mədəniyyətə müxalifdir, yazıçı da siyasətə müxalif olacaq” sitatını bir kənara qoyaq. Çünki qocaların durna qatarını xatırlatması və günlərin bir günü sənin də bu qatara qoşulacağın qüssə doğurur. Və qocaların durna qatarından filhəqiqət fərqi də budur ki, durna qatarları qayıdır, qocalar isə... qayıtmır. Bəxtiyar müəllimin şeirində olduğutək:
Köçür durna qatarı,
O, baharda dönəcək.
Ötən günlər dönəydi
Durna qatarlarıtək!
Amma kədər akkordlarını qızıl payızın, qızılı yarpaqların mənzərəli fonu ilə əvəzləsək yaxşı olmazmı?
...Bəlkə də Beynəlxalq Ahıllar Gününün 1 oktyabrda qeyd olunması təsadüfə deyil, daha çox zərurətə bağlıdır. Çünki qızıl payıza həmahəng olaraq, qocalar da, qocalıq da insan ömrünün qızıl dövrü hesab olunur. Əbəs yerə demirlər ki, qoca olmağı bacarmaq, qocalığı görmək də bir zəfərdir, bir sənətdir! Başqa sözlə, aqilliyi, müdrikliyi qocalığa bağlayanlar topar-topardır; bu yaşda, bu çağda ümidlər arazbarı azalsa da, aylı gecələrdə axan ulduzlara nisgillə baxmaq vərəq-vərəq vərdişə çevrilsə də! Amma bir var Böyük Süd Yoluna, sonsuz kəhkəşana öz doğma evinin pəncərələrindən baxasan, bir də var sığındığın Qocalar Evinin qarşı yatan dağlara dikilən, sanki çilik-çilik şüşələr üstündə yeriyən solğun işıqlı pəncərələrindən!
Qocalar Evi demiş...
Heç yadımdan çıxmır.
...İş belə gətirdi ki, günlərin bir günü ezam olunduğum Qocalar Evinin düz qənşərində yerləşən səbəttoxuyan köşkünə də dəyməli oldum. Ezamiyyətimin kökündə Qocalar Evinə yerləşdirilən bir qadının uzaq-yaxın qohumlarının bu xanımla apardıqları mülk davasını yerində araşdırmaq dururdu. Çox ibrət götürüləsi mənzərə alınırdı; çünki ünsiyyətdə olduğum qocaların, demək olar ki, hamısı bu mövzuda yazılmış, ya da nəql olunmuş həmin məşhur pritçanı əzbər bilirdi; bunu deyirəm:
Əfsanəyə görə, bir gün bir oğul arvadının sözü ilə qoca atasını səbətə qoyub meşəyə aparır. Meşənin dərinliklərində atasını səbət qarışıq ağaclardan birinin altına qoyur. Uzaqlaşmaq istəyəndə atası onu səsləyir:
– Səbəti də götür. Bir gün oğluna lazım olacaq.
Yəni... saxla samanı, gələr zamanı.
İndiyəcən mənim sözümlə heç bircə yonqarı, bircə qamqalağı da yerindən tərpədən olmamışdı. Amma elə ki, Qocalar Evindən reportajım qəzetdə nəşr olundu, eşitdim ki, səbəttoxuyan köşkünü şəhərin başqa səmtinə daşıyıb. Bəlkə də qocalar hər gün o kədərli hekayəti xatırlamasınlar deyə.
...Bir var Qocalar Evinə evin, övladın, yaşayış yerin, ailən olmaya-olmaya yerləşdiriləsən, bir də var evin, övladların ola-ola. Bu, rəhmətlik babam demiş, artıq İran – Turan mübarizəsi deyil, canım-gözüm, bu, məntiqsiz, mənasız həyata “baş üstə” deməkdir. Yaşayışı TikToka çevirmək anlamı deməkdir! Al – bu da sənə onlayn video paylaşma sosial şəbəkə xidməti!
Qocalar Evində adama arada-sırada belə gəlir ki, ahıl – “ah”larla yaşayanlara deyilirmiş!
...Dünən həmyaşıdının dəfnindən qayıdan – vaksinasiya olunmuş – qocalardan biri deyirdi ki, ay bala, bir zamanlar biz tərəflərdə əldən düşmüş atları güllələyirdilər. Gözlərimlə görmüşəm. Bəlkə bizi də elə həmin əldən düşmüş atların ahı-qarğışı tutdu. Kim bilir? Yoxsa bu virus merət bizi bu yaşda haqlayardımı? Nəvə-nəticələrimizə təhlükə yaradardıqmı? Bizi altmış, ya da yetmiş yaşdan sonra qoca hesab edə bilərdilər. Amma biz başqa cür qiymətləndirirdik, arxamızı hələm-hələm yerə verən deyildik. Çünki rəhmətlik Hüseyn qağaya (xalq şairi Hüseyn Arifi nəzərdə tutur) bir bulaq başında söz vermişdik. Onun sözləri var:
...İlləri yola salmışam,
Şeir yazıb saz çalmışam.
Ömür deyir: – Qocalmışam.
Ürək deyir: – Yaşa hələ!
Hələ bizə hörmət eləyənləri demirəm. İndinin özündə də saçlarımızı onların ağ günləri üçün ağartdığımızı düşünənlər az deyil. Hamısını Allah qorusun!..
P.S.
Uzaqdan bir səbətçi keçir. Maraq mənə güc gəlir. Sövq-təbii qaça-qaça gedib çatıram. İçində meyvədir, göy-göyərtidir. Rahat oluram.
Ah, bu səbətlər – uzun zənbillər! Arada-sırada adamı elə qorxudur ki! Qorxulu nağılları heç belə bilməzdim...
...Gedim Qocalar Evinə qəbul qaydalarını vərəqləyim bir.
İBRAHİMXƏLİL