Deməli, bəylər, məsələ belədir. Keçənlərdə bir hüzr yerindəyik. Uzun sözün qısası, cənazəni aparıb dəfn etdik. Bələdiyyədən də bir neçə məmur iştirak edirdi. Cənazə torpağa tapşırıldı, həmişəki kimi, Tofiq əmi başladı problemləri sadalamağa, elə bil meriyanın qəbulunda idi. Əlində “lapatka” olan məmurlar torpaq atır, bu isə yanlarında dayanıb çıxış edirdi: Bizim məhlədə su yoxdur, ay nə bilim, o çatışmır...
Molla da bir tərəfdən “Quran” oxuyur, bir gözü də Tofiq əmiyə zillənib. Hələ arada molla əmi “Quran”ı kənara qoyub ciddi şəkildə ona üz tutaraq sakit dedi:
– Ay Tofiq, ölünün üstündə belə şeylər danışmaq olar? Günahdır, bu nə sözdür danışırsan?
Vallah bir az da danışsaydı, camaat torpağı cənazəyə yox, Tofiq əmiyə atacaqdı. Qardaş, problemin var, buyur get meriyaya, qapısı açıqdır (Baxmayaraq ki, çox vaxt açıq olsa da içəri girmək çətin olur). Amma yox, bu elə bir tipdir ki, camaatın içində pafosla danışmasa içi rahatlamaz. Camaat da sonda “Gördünüzmü Tofiq necə cəsarətli oğlandır” deyib alqışlayacaq.
Yadımdadır, bir dəfə məhlədə səkilərlə bağlı məsələ qaldırılmışdı. Axşam hamı bir-birinə söz verdi ki, sabah hamımız gedək meriyaya, haqqımızı tələb edək. Yolun bir-iki yerinə də tramplin düzdürək. Dedim lap yaxşı, mən də sizinlə gedərəm, yetər ki, gedək haqqımızı tələb edək.
Səhər oldu, bir nəfər də görünmədi. Həmin o qəbiristanlıqda mollanın avazını batırıb danışan Tofiq əmi də oradaydı ha, amma nə olsun, heç kim gəlmədi.
Bir sözlə, bizdə meriyanın qarşısına gedib nəyisə tələb etmək, rus demişkən “zapadlo” sayılır. Açıq-açığına deyirlər: “Zapadlodur, ayıbdır”. Amma sən getməyib tələb etməyəndən sonra o problem necə həll olunacaq? Evdə oturub “bu ölkədə heç nə düzəlmir” deməklə heç nə dəyişmir. Divanda uzanıb “TikTok”-da Baboşun videolarına, ya da “Gəl canavar, gəl”ə baxmaqla heç nə düzəlməyəcək.
Hələ bəziləri küçədə raslaşanda deyirlər:
– Aya, o videonu yaman çəkmişdin haa. Sən canın, kimə söz soxurdun? Yaman ləzzət elədi mənə.
Deyirsən ki, gəl al bu mikrofonu, sən danış, sənin dərdindir, sən bilirsən. Onda da başlayır:
– Ay qardaş, sən Allah, məni elə şeylərə qatma.
Niyə? Çünki heç kim heç kəslə pis olmaq istəmir. Hamı istəyir həm narazı olsun, həm də hər kəslə yaxşı keçinsin. Amma belə olmur. Meriyada çalışanlar da bizim kimi insandır, heç kəs qorxulu canavar deyil. Nə var ki, gedib dərdini deyəsən, bəlkə də dərmanını verdilər.
Səki demiş, Qardabanidə səki anlayışı demək olar ki, yoxdur. Səkilərin hamısı günümüzün Gəray bəyləri (“obyekt” sahibləri) tərəfindən zəbt olunub. Maşınlar səkiləri tutub, nəticədə məktəbli uşaqlar yolun ortası ilə getməyə məcbur qalırlar. Bu isə onların həyatı üçün ciddi təhlükə yaradır. Hər an qəza baş verə bilər. Amma bir polis də bu “obyekt” sahiblərinə demir ki, bu maşınları buradan götürün, bura insanlar üçündür, maşınlar üçün yox. Şəxsən mən öz evimə belə zorla girib-çıxıram. Dəfələrlə yol polisinə də şikayət etmişik, xəbərdarlıq da etmişik. Amma baxan kimdi? Heç kim, səbəb bəllidir: maşın ustaları polisə işləyir. Mən isə maşın ustası deyiləm, çünki mən onların maşınlarını pulsuz düzəltmirəm. Yəni bir sözlə, məndən onlara xeyir yoxdur. Hamının yuxarıda bir adamı var.
Eh, Tofiq əmi, məsələ hüzr yerində görüntü yaratmaq deyil, məsələ səsini yuxarıya çatdırmaqdır. Nə deyim, valla. Bu ölkədə haqqını axtaranda günahkar sən olursan, ya da ki, deyirlər müxalifətsən. Axı öz haqqını tələb etmək nə zamandan müxalifət olmaq sayılır.
Uzun sözün qısası, budur süfrə duası.
Hüququn varsa ya sənə çatmır, ya da Kələntər dayının gülləsinə tuş gəlirsən.
Hamam hamam içində,
Xəlbir saman içində,
Dəvə dəlləklik eylər,
Köhnə hamam içində.
Binəli İSLAMOĞLU