Deyir, yaltağın allahı çox olar: birinə yalvarar, birinə də and içər. Dünya bir ovuc olandan yaltağın dili də çoxalıb. İndi təkcə öz doğma dilində deyil, həm də gürcü, rus, ingilis, ərəb, fars və başqa yad dillərdə də yaltaqlanır, özü də elə-belə danışıq səviyyəsində deyil, lap qrammatik yaltaqlanır. Əvvəl doğulub boya-başa çatdığı kəndin meşələrdən, çaylardan, dağlardan ibarət təbii sərhədləri içərisində yal (yem) üçün ləliyən yaltaq, dünya bir ovuc olandan qlobal kənddə yal-yal yalvarmağa başlayıb...
Qrammatik mənasına görə yaltaq sifət olduğu kimi, yaltağın sifəti də olur – üzündən-gözündən yaltaqlıq yağır, tərifdən başqa söz danışmır, yaltaqlanmağa ilk fürsət düşən kimi, yaltaqlanmağa varlı, vəzifəli, statuslu adam görən kimi başlayır onu tərifləməyə, ona yarınmağa, yaltaq-yaltaq danışmağa, yaltaq-yaltaq gülməyə, onun xoşuna gəlmək üçün hərəkətlər etməyə, onun dediyi hər şeylə razılaşmağa, onun bəyəndiklərini bəyənməyə, bəyənmədiklərini pisləməyə...
Yalı yaltaqlanmaqdan çıxan yaltağa hər yerdə rast gəlmək olar: məktəbdə direktorun yanında, xəstəxanada baş həkimin yanında, teatrda bədii rəhbərin yanında, toyxanada-yasxanada imkanlının yanında, mitinqdə deputatın yanında, məsciddə mollanın yanında, kilsədə keşişin yanında, konsertdə manısın yanında, qohum-əqrəbada yekə evi, maşını olanın yanında, dost-tanış arasında yaxşı vəzifəsi olanın yanında, ədəbiyyatda pristavın itinin yanında və sair, və ilaxır.
Yaltaqdan daha betəri isə yaltağın yaltaqlanmasından enerji alaraq yaşayan sarsaqlardır. “Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar” (M.Ə.Sabir). Bu iki zümrəsi çox olan cəmiyyətlərdə tərifdən başqa söz eşidilməz. Bir cəm yala görə hamı bir-birini tərifləyər. Yadımda deyil kimin ifadəsidir, deyir, adamları layiq olduğundan az öymək paxıllıq, çox öymək isə yaltaqlıqdır. Axı nəyə görə kimisə layiq olduğundan çox tərifləyəsən, öyəsən və ya ümumiyyətlə layiq olmayan adamı tərifləyəsən, öyəsən? Ağlı başında olan, əxlaqlı, vicdanlı bir adam bunu niyə eləsin ki? Deməli, bu tərifin altında başqa bir niyyət gizlədilib. Deməli, bu tərifin adı yaltaqlıqdır.
Yaltaq yala hürə-hürə yalı artıq düşər. Vay harınlamış yaltağın əlindən! Allah göstərməsin, yaltaq varlananda, harınlayanda, yaltaqlanmağa adam qalmayanda başlayar onu-bunu özünə yaltaqlandırmağa. Yala ehtiyacı olan yaltaqları ətrafına toplayıb gecə-gündüz bir qarın yala özünə tərifnamələr dedirtməyə. Bekarçılıqdan şeir yazmaq həvəsinə düşər, yaltaqlığı tərənnüm edər, mədhiyyə yazar. Pulunu xərcləməyə yer tapmayanda deputat olmaq istəyər, baş nazirə, prezidentə yaltaqlanar. Və nəhayət başlayar gürcü, rus, ingilis, ərəb, fars və digər dillərdə beynəlxalq səviyyədə yaltaqlanmağa, öz milli yaltaqlığını dünyada təmsil etməyə...
Yaltaq olmaq üçün yaltaqlığın qrammatikasını öyrənmək lazım deyil. Ümumiyyətlə, məncə, adam iki yolla yaltaq ola bilər. Birincisi, anadangəlmə, genetik olaraq. İkincisi, tərbiyə ilə, görüb-götürməklə. İkinciləri doğru yola qaytarmaq mümkündür. Birincilər – anadangəlmə, genetik yaltaqlar çox təhlükəli yaltaqlardır...
Monqol atalar sözündə isə deyilir: “Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində”. Təəssüf ki, bu gün bıçaqlar uşaq-muşaq əlində, hakimiyyətlər axmaq əlində, tərif isə yaltaq dilindədir. Şükür Allaha ki, bıçaq da, hakimiyyət də gəldi-gedərdir. Çalışın özünüzü və sözünüzü tərifdən qoruyun.
Azər MUSAOĞLU