Gürcüstanda azərbaycanlıların yaratdığı və ya azərbaycanlılar üçün yaradılan, qurulan, qeydiyyatdan keçirilən xeyli qeyri-hökumət təşkilatı var. Demək olar ki, hər sahəyə aid təşkilat “fəaliyyət” göstərir. Bir-ikisi də indi mənim ağlıma gəldi, yaddan çıxmamış, həm də bir təklif kimi burada qeyd edim, bəlkə kimsə yaratdı. Məsələn: “Samovar” Gürcüstan Azərbaycanlılarının Çayxanalar İttifaqı; “Təkər” Gürcüstan Azərbaycanlılarının Avtomobil Alverçilərinin Birliyi; Gürcüstan Azərbaycanlılarının Taksi Sürücülərinin İttifaqı; Gürcüstan Azərbaycanlılarının Assimilyasiya Mərkəzi; “Haralısan, Kimlərdənsən?” adlı Gürcüstan Azərbaycanlılarının Yerlibazlıq, Tayfabazlıq Asossiasiyası; “Yaltaq” Könülülür Birliyi; “Siyasətə Qarışmıram” Milli Hərəkatı; “İldə bir partiya dəyiş – inkişaf et” Fərdi İnkişaf Mərkəzi; “Cibim” Biznes Mərkəzi; Tiflis Azərbaycan Tragikomediya Teatrı... Bu qədər yetər, məncə. Lazım gəlsə siyahını artırmaq da olar. Bunlar gələcək üçün.
İndi isə hazırda “fəaliyyət” göstərən təşkilatlarımız haqqında bir-iki söz demək istəyirəm. Demək istəyirəm deyəndə ki, onsuz da bu təşkilatları hamınız yaxşı tanıyırsınız. Kimin necə, nə cür, harada nə iş gördüyünü də yaxşı bilirsiniz. Gürcüstan azərbaycanlıları adından Gürcüstan azərbaycanlıları üçün həqiqətən də iş görən təşkilatlarımız barmaqla sayılacaq qədərdir. İşləri avand olsun! Bir də var Gürcüstan azərbaycanlıları adından özləri, qohum-əqrəbası üçün “fəaliyyət” göstərən təşkilatlar. Adı bizim, dadı onların yəni. Bu təşkilatların fəaliyyətləri əsasən şəkil çəkdirməkdən ibarətdir. Ayda bir-iki dəfə qohum-əqrəbanı toplayıb, qabaqlarında armudu istəkanda xoruzpipiyi çay şəkil çəkdirib feysbukda paylaşırlar ki, biz fəaliyyət göstəririk. Bu təşkilatların “fəaliyyəti” yığılıb tanış-tunuşdan birinin şeir kitabının təqdimatını keçirməkdən, unudulmuş ziyalıdan-zaddan tapıb yubileyini qeyd etməkdən, “şaşki”, nərd oyunları yarışı təşkil etməkdən, yaxud da bayramlarda xalçadan, palazdan çıxarıb sərgiləməkdən ibarətdir. Və ayda bir-iki dəfə bu cür “tədbirlərin”, “fəaliyyətin” şəklini çəkib paylaşmaq onlar üçün kifayətdir. Guya hesabat verirlər...
Maraqlısı da odur ki, bu cür təşkilatlara maliyyə ayıranlar həmişə tapılır. Lazımlı iş görən təşkilatlara gələndə isə pul qurtarır. Görünür, maliyyə verənlər də icmanın xeyirinə ciddi iş görənlərlə işləmək istəmirlər. Çörəyi çörəkçiyə yox, çəkməçiyə verirlər – birini də artıq.
Əvvəl Gürcüstanda Azərbaycan dilində xeyli qəzet, jurnal çıxırdı, icmanın maraqlarından çıxış edən təşkilatlar var idi. Sonra nə oldusa bütün bu qəzet və jurnalların, təşkilatların maliyyələşdirilməsi dayandırıldı, icmanın marağı şəxsi maraqla əvəz edildi.
Başqaları təşkilatlanıb birləşəndə, iş görəndə, biz ayrılmaq, parçalanmaq üçün təşkilatlandırıldıq, hərəmiz bir təşkilatın rəhbəri olub təşkilotulandıq. Üzdəki fəaliyyətimiz şəkil çəkdirib paylaşmaqdan, görünməyən fəaliyyətimiz isə bir-birimizin ayağının altını qazmaqdan, donos yazmaqdan ibarət oldu. Elə uzunmüddətli “fəaliyyət” göstərən, işləyən təşkilatlarımız da məhz donosu çox yazan təşkilatlarımız oldu.
P.S.
Bu günlərdə yerli mediada Tiflis Azərbaycan Dövlət Dram Tearının tamaşa nümayiş etdirməsi ilə bağlı xəbər çıxdı qarşıma. 2020-ci ildən bu yana onsuz da şəkil – “hesabat” üçün “fəaliyyət göstərən” teatr hesabatını bu dəfə gürcü dilində veribmiş və “gürcü dilində nümayiş etdirilən tamaşa anşlaqla keçibmiş”. Görəsən teatrın Azərbaycan dilində hazırlanan tamaşaları niyə “anşlaqla keçmir”? 4-5 nəfərin əlində girinc qalan bədbəxt teatrın gürcü dilində tamaşa qoymasına nə lüzum var axı? Olma peşəkar gürcü teatrları gürcü xalqının zövqünü oxşaya bilmirlər və 4-5 nəfərdən ibarət klub səviyyəsində fəaliyyət göstərən Azərbaycan teatrına möhtac qalıblar? Azərbaycanlılar gürcü dilində tamaşaya baxmaq həvəsinə düşsələr gedib hər gün repertuarı dolu olan gürcü teatrlarında baxarlar. Bəs görəsən Azərbaycan teatrı kimlər üçündür, kimlərə xidmət edir? Azərbaycanlılar ana dillərində tamaşa izləmək üçün hara, hansı teatra getməlidirlər? Bilənlər bilir, bilməyənlər teatrın 2020-ci ilə qədər olan fəaliyyəti ilə maraqlansalar fərqi görərlər və təəssüf ki, bu gün Azərbaycan xalqının tarixi mədəniyyət ocağı Azərbaycan mədəniyyətinə dəxli olmayanların, Azərbaycan dilini bilməyənlərin əli ilə necə məhv edilir; kimlərinsə şəxsi maraqları, ambisiyaları uğuruna qurban verilir və günü-gündən həmişəlik bağlanmaq təhlükəsi ilə üz-üzədir. Bax, biz bu cür təşkilatlanırıq, bu cür fəaliyyət göstəririk. Allah işimizi avan eləməsin!
Azər Musaoğlu