Tarixi binaları çox sevirəm. Elə bilirəm qədimlik verən gözəlliyi heç bir modern tikili verə bilməz. Bakı şəhərindəki klassik üslubda tarixi binaların haqında oxuyanda hələ orta məktəbdə oxuyurdum. Sonralar da tarixi, milli arxitekturalı əsərlər mənim stolüstü kitablarım oldu. Hətta asudə zamanımda dəfələrlə nənəmi özümə yoldaş edib İçərişəhəri, Nizami, Xaqani küçələrini, Neftçilər prospektini asta-asta gəzərdik. Nənəmin yorğunluğunu dəf etmək üçün binaların haqqında oxuduğum həqiqətləri, rəvayətləri danışardım, hətta onda da maraq oyatmaq üçün bəzən yalandan da əhvalatlar uydurardım ki, təki bezməsin. Binalara elə qürurla baxardım ki...
Bir dəfə sənəd vermək adıyla İsmayilliyə binasını – Bakı Şəhər İcra Hakimiyyətini, guya kimisə gözləmək bəhanəsiylə, bütün mərtəbələri, dəhlizləri gəzmişdim (Əmim icra hakimiyyətində işləyirdi). Özümü XX əsrin əvvələrində hiss edirdim. Qulağıma fayton təkərlərinin səsi gəlirdi, özümü xeyriyyəçi insanların arasında görürdüm... Bir dəfə də dəftər, qələm götürüb Azərbaycan Tarixi Muzeyində bütün otaqları bir-bir gəzmişdim, hətta estetikadan zaçota lazım olacaq deyə xeyli qeyd aparmışdım. Səhərdən ac-susuz hər eksponata maraqla baxan, məlumatları diqqətlə oxuyan, bələdçiyə ehtiyacı olmayan, sanki özü də elə burada – Tağıyevin evində yaşamış bu 18 yaşlı “uşaq” yəqin maraqla bərabər şübhə doğurmuşdu. O vaxtkı direktor xanım özü mənim yanıma gəlib maraqlarımla maraqlanmışdı, “Sən bura tarixə maraqdan çox maraq üçün gəlirsən elə bil” demişdi. O vaxt o cümlə qaranlıq qalsa da, heç nə demədim. Əlinə gələn qəpikləri manat edib kitaba, muzeyə verən, xəyalı göyərdə olan gənc bir qız üçün bu kuklaya oxşayan qadının (Püstəxanım Əzizbəyova) nə deməyi o qədər maraqlı deyildi. Beləcə, nə öyrənməkdən usandım, nə də o maraqlarım üçün yaşlandım...
Tarixi binalar nöqteyi-nəzəriylə Tiflis Bakıdan öndə olmuşdu. 1800-cü illərin əvvəlindən inzibati mərkəz olması səbəbindən büdcə hesabına indiki Rustaveli prospekti açıq muzeyə dönmüşdü. İlk dəfə opera teatrı, banklar məhz Tiflisdə inşa olunmuşdu. Bakı isə uzaq bir əyalət şəhəri idi. Şirvanşahların süqutundan uzun zaman sonra XIX əsrin mazutlu bir şəhəri idi. Bakı milyonçular şəhərinə çevrilərkən səxavətli KİŞİLƏR özündən xatirə qoymaq üçün sanki bir bəhsəbəhsə başladılar. O siyahıda digər bir millətin nümayəndəsi də varmış. Tağıyevə xəbər edirlər ki, filankəslər də mülk tikir. Deyir ki, neylək, qoy tiksin, burada qalacaq.
Doğrudan da bütün tikililər tarix oldu. Bugünkü Bakıda olan, şəhərə gözəllik verən mülklər həmin kişilərdən qaldı. Nə dəxli, biri oğluna tikdi, biri sevgilisinə... Əsas odur ki, tarixi bir əsər qoyub getdilər.
Yüz il əvvəl imkanlı kişiləri barmaqla saymaq olurdusa, bu gün imkanlıların sayı kifayət qədərdir. Razıyam, iş qururlar, qazanc artırırlar, amma restoranlara tökülən ətək dolu pulları göyə sovuranda dinməyəsən, neyləyəsən? Çətin qazandığı pulları çox asan xərcləyən bu kişilər görəsən bilirlərmi ki, Tac Mahal bir sevginin göz yaşıdır, İsmayiliyyə Binası atanın nakam oğula yanğısıdır, Bakı Opera Teatrı istehza edən qadına bir kişinin acı gülüşlə tikdirdiyi tarixi məkandır və s.
Nənəm demiş, əyri oturmayaq, düz danışaq. Hər kəndin, elin, obanın imkanlı övladları var. Hətta xaricdə yaşayanları da çox az adam saymaq olar ki, el bərəkallahı alsın, çox az adam. Hər dəstəyi dövlətdən tələb etməkdənsə, ELOĞLULARIMIZDAN tələb yox, xahiş etsək, etməzlərmi? Onlarla məktəblərimiz təmirsizdir. Kəndlərdə bağça yoxdur. İş yerləri məhduddur və s. Nəfəslərin, Vəfaların, Röyaların... başına tökülən o şabaşlarla xeyriyyəçilik etmək daha yaxşı olmazdımı? Atılan bu addım həm böyük maddi və mənəvi dəstək, həm də EL BƏRƏKALLAHI almaqdır.
Bakı zənginləri bir birlik yaratmışdılar, heç çəkinmədən mən filan işi quracam, filan məktəbi açacam, filan qədər xərc qoyacam deyirdilər. Həmin o İsmayiliyyə Binasında vaxtaşırı yığışar, xeyriyyə fonduna pul yığar, lazım olan işlərin olmasını müzakirə edərdilər. Axı bizim də belə oğullarımız var, bəs niyə çətin qazanılan ruzilərini asan yolla xərcləyirlər?..
Əminəm, elini, yurdunu həqiqətən sevən, qayğısını düşünən oğullarımız var. Sadəcə onları bir yerə yığıb istiqamət verən AĞSAQQALLARA ehtiyacımız var, əgər onlar da həmin atlara minib getmədilərsə...
Esmira Ələkbərli