Hazırda elə bir dövrdə yaşayırıq ki, insanlar xoşbəxt olmağa yox, sadəcə xoşbəxt görünməyə çalışır. Xüsusilə sosial şəbəkələrin həyatımıza daxil olduğu bu zamanda hər kəs öz həyatının rejissoruna, aktyoruna və tamaşaçısına çevrilib. Paylaşılan şəkillər, yazılan statuslar, saxta təbəssümlər... Hamısı tək bir məqsədə xidmət edir, “Ən xoşbəxt mənəm” demək. Halbuki çox vaxt bu cümlə həqiqətin çox uzağında dayanır.

 

Sosial şəbəkələrdə gördüyümüz həyatlarla gerçək həyat arasında böyük bir uçurum var. İnsanlar yalnız ən gözəl anlarını paylaşır, ən ağrılı hisslərini isə gizlədirlər. Bu, bir növ sosial maskadır. İnsan özünü qorumaq, zəif görünməmək, bəzən də başqalarının gözündə daha dəyərli olmaq üçün bu maskanı taxır. Amma problem ondadır ki, zaman keçdikcə bu maska insanın üzünə yapışır və o, artıq harada gerçək, harada saxta davranmalı olduğunu ayırd edə bilmir.

 

Bəzi insanlar özünü hər zaman pozitiv görünmək məcburiyyətində hiss edirlər. Sanki kədər göstərmək ayıb, ağlamaq zəiflik, yorulmaq isə uğursuzluq kimi qəbul olunur. Bu düşüncə insanı özü də bilmədən tələyə salır. Beləcə insan öz hisslərini boğur, içindəki ağrını susdurur və nəticədə daxilində yığılan emosiyalar daha ağır bir yükə çevrilir. Xaricdən parıldayan həyat, daxilində sönən bir həyata çevrilir.

 

Ən təhlükəlisi isə insanın öz yaratdığı dünyası və gerçək dünyası arasındakı uçurumdur. İnsan başqa cür yaşayıb başqa cür görünəndə, bu uçurum onun ruhunda yorucu bir əsəbilik yaradır. O, hər gün bir rol oynayır və bu rol getdikcə onun həqiqi mənliyini kölgədə qoyur. Bir müddət sonra isə insan artıq özünü belə tanımır, çünki o, başqaları üçün yaratdığı obrazın içində itir.

 

Xoşbəxtlik nümayiş üçün deyil, hiss etmək üçündür. O, şəkillərdə deyil, insanın daxilində yaşayır. Əgər bir insan xoşbəxt olduğunu sübut etməyə çalışırsa, bəlkə də o, sadəcə buna özü inanmaq istəyir. Çünki həqiqi xoşbəxtlik səssizdir. Onun paylaşılmağa yox, yaşanmağa ehtiyacı var.

 

Bəzən ekranda gördüyümüz xoşbəxtliklər o qədər parlaq olur ki, onları izləyənlər öz həyatlarını bəyənməməyə başlayırlar. Bu gördükləri izləyicilərin özünə olan inamını zədələyir. İnsan düşünür ki, niyə mənim həyatım bu qədər maraqlı deyil? Niyə mən bu qədər xoşbəxt görünmürəm? Beləliklə, sosial şəbəkələr tədricən insanın psixoloji vəziyyətinə təsir edir, onu öz həyatından narazı salır və dəyərsizlik hissi yaradır.

 

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Günə gözümüzü açan kimi telefona sarılır, başqalarının həyatına baxaraq günə başlayırıq. Hər kəsin paylaşdığı şəkillər, videolar və xoşbəxt anlar bizə sanki bir həqiqəti pıçıldayır: hamı xoşbəxtdir, bir tək sən yox. Başqaları nə çox gəzir, gündə bir cür paltar geyinir, hər cür yemək yeyir. Halbuki gördüyümüz bu mənzərə çox vaxt gerçəkliyin özü deyil, sadəcə seçilmiş və bəzədilmiş bir hissəsidir.

 

Sosial şəbəkələrdə insanlar adətən həyatlarının ən gözəl, ən uğurlu və ən parlaq anlarını paylaşırlar. Heç kim ağladığı gecəni, daxili boşluğunu, qorxularını və ya uğursuzluqlarını göstərmək istəmir. Nəticədə ortaya saxta bir “mükəmməl həyat” tablosu çıxır. Bu tabloya baxan digər insanlar isə buna inanırlar.

 

Hər şey bir “paylaşım” üçün edilir. Gedilən məkanlar, alınan hədiyyələr, qurulan münasibətlər... Sanki həyat yaşanmaq üçün deyil, göstərmək üçün var. Bu isə insanın özündən uzaqlaşmasına, həqiqi hisslərini gizlətməsinə səbəb olur.

 

Unutmamalıyıq ki, sosial şəbəkələrdə gördüyümüz həyatların arxasında görünməyən həqiqətlər var. Hər gülüşün arxasında bir kədər, hər uğurun arxasında bir mübarizə gizlənə bilər. Heç kimin həyatı tam mükəmməl deyil.

 

Nəticə olaraq, sosial şəbəkələrdə hər gördüyümüzün arxasında bir hekayənin olduğunu unutmamalıyıq. Hər parlayan həyat həqiqətən işıqlı deyil. Bəzən ən çox gülən insanlar ən çox susanlardır. Ona görə də nə başqalarının həyatını ideallaşdırmaq, nə də öz həyatımızı süni şəkildə gözəlləşdirməyə çalışmaq lazım deyil. Çünki insanın ən böyük azadlığı olduğu kimi görünmək cəsarətidir.

 

Afaq Azər