Marneuli bələdiyyəsinin Sadaxlı kənd 2 saylı ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi, məktəb dərsliklərinin həmmüəllifi Natia Mania ölkənin bütün vətəndaşlarını məhz dövlətin bəyəndiyi paltarı geyinməyə məcbur etməli olduğunu başa düşmədiyini deyir.
Pedaqoq məktəb formalarından daha önəmli bu gün təhsil sistemi qarşısında duran problemləri qeyd edir.
– Natia, siz ibtidai pillədə məktəb formalarının məcburi qaydada qəbul olunmasına necə baxırsınız və bu yenilik şagird, məktəb, ümumiyyətlə, tədris prosesi üçün nəyi dəyişəcək?
– Əlbəttə, məktəbli formalarının geyinilməsi öhdəliyi yenilik deyil. Bizim ölkə də, başqa ölkələrdə də forma geyinirdilər. Bəzi yerlərdə bu gün də geyinirlər. Ancaq dövlətin bütün ictimai məktəblərdə eyni formanın geyinilməsi, hər yerdə formanın məcburi olması ilə bağlı qaydası Sovet İttifaqı və Şimali Koreyanı xatırladır.
Əlbəttə, məktəbli forması təhsil prosesinə heç nə əlavə etməyəcək, nə də azaltmayacaq (ümid edirəm). Haradasa formanın qəbul edilməsinin hansısa akademik iştiraka təsir etdiyini heç eşitməmişəm. Yaxud forma necə təhsilə təsir göstərməlidir? Nəyi dəyişməlidir? – Mən bunu başa düşmürəm və heç vaxt da başa düşməyəcəyəm.
Konservativ baxışları olan adamlar təsdiq edirlər ki, eyni formalar şagirdin təhsil prosesinə istiqamətlənməsini gücləndirir. Ancaq mən keçmiş formalı şagird olaraq bununla razılaşmıram. Formanın sosial qeyri-bərabərliyi məhv etməsi ilə də razılaşmıram. Bu axmaqlıqdır, insanların gözünə kül üfürməkdir.
Kim kasıbdır və kim daha çox imkanlıdır, bu, başqa detallarda da görünür – uşaqların həmişə müxtəlif keyfiyyətdə olan çantası, qələm qabı, qələmləri və rəngli karandaşları, paltosu, gödəkcəsi, ayaqqabıları və sairdə.
Növbəti addım nə olacaq, “sosial bərabərliyə” nail olmaq üçün hamını inkubator cücələri kimi eyni cür palto və ayaqqabı geyinib gəzməyə, eyni çanta daşımağamı məcbur edək? Bu mümkün deyil! Bu səbəbdən formalar vasitəsilə sosial bərabərsizliyi aradan qaldırmaq da mümkün deyil.
Dövlət məktəbli forması tətbiq etmək əvəzinə kasıblığı aradan qaldırmaq, məktəbdə qida və ehtiyacı olan ailələrin uşaqlarına müvafiq yardım göstərməyin qayğısına qalsa yaxşı olardı. Ancaq bu sonuncu tədbirlər çox düşüncə, planlaşdırma, yaxşı təşkilatçılıq və böyük məbləğ tələb edir. Formalar haqqında sərəncam vermək isə heç bir resurs tələb etmir.
– Valideynlərin böyük əksəriyyəti məktəbli formaları ilə bağlı qaydanın tətbiq edilməsini dəstəkləyir və bu yeniliyi bəyənir. Necə düşünürsünüz, bu əhvali-ruhiyyə nəyin göstəricisidir? Bir valideyn prizmasından sizin nə xoşunuza gələrdi?
– Bəli, doğrudur. Ölkədə çox adam forma ilə bağlı qanunun qəbul edilməsini alqışlayır. Düşünürəm, bu, çoxlarının tənqidi düşünə bilməməsi və hazır ideyanı qəbul etməsinin göstəricisidir.
Ola bilsin, bu nostalji əhvali-ruhiyyənin günahı da ola bilər – valideynin, nənə-babaların əksəriyyəti forma ilə böyüyüb. İnsanlar uşaqlığı və gəncliyi üçün darıxır, uşaqlıqla əlaqədar forma fenomenini müsbət qəbul edirlər. Forma geyinmək tabe olmaq, konservatizmlə assosiasiya olunur. Bizim konservativ cəmiyyət uşaqların tabe edilməsini, çərçivəyə salınmasını sevir və bütün bədbəxtliklərin səbəbini “artıq” azadlıqda görür.
Cəmiyyətimiz fərqliliyi, qeyri-standartlığı qəbul etməkdə çətinlik çəkir. Formalar olmayanda məktəbdə də bu fərqlilik və qeyri-standartlıqla barışmalı olursan, onlar isə bunu istəmirlər. Hər kəsin eyni olmasını üstün tuturlar. Görünür, rəngarənglik və müxtəliflik əvəzinə, eynilik onların gözünü və qəlbini daha çox oxşayır.
Məktəbli forması kimi nəticəsiz və mənasız məsələlərin əvəzinə dövlətin kvalifikasiyalı müəllimlər hazırlamasına, məktəb infrastrukturunun qayğısına qalmasına, bulinqin aradan qaldırılmasına, müəllim və şagirdlərə psixoloji yardım etməsinə, məktəbdə təhlükəsiz, əməkdaşlıq mühitinin yaranmasına dəstək göstərməsinə sevinərdim, amma olmayan olmur.
– Şagirdlərin özlərindən də bir çox fikirlər eşitmişik; yuxarı sinif şagirdləri, əgər onlar üçün də məktəbli forması məcburi olarsa, forma geyinmək öhdəliyi ilə razılaşmırlar. Azad geyim və ya forma bir məcburiyyət olmalıdır, yoxsa şagirdin özünün etdiyi bir seçim?
– Düşünürəm ki, bu, öz-özünə olacaq – ümumilikdə forma geyinmək hər bir şagirdin seçimi olacaq. Hadisələrin başqa cür olmasını çətin təsəvvür edirəm. Bu halda forma geyinməzsə şagirdin cəzası (ya onun valideyninin) nə olmalıdır? Məktəbə buraxmayacaqlar? Məktəbdən çıxaracaqlar? Şagirdi etiraz etdiyi şeyi etməyə necə məcbur etməlisən. Bu ona heç cür maneə törətmir və başqasının təhsil prosesinə mane olmursa necə məcbur etməlisən? Sovet dövründə deyilik ki, bant taxmadığımıza görə saçımızı yolsunlar? Hesab edirəm ki, bu təşəbbüs baş tutmayacaq və bu qədər geyim də hədər olacaq.
İkinci variant budur ki, forma geyinməyi elə sərt tələb edəcəklər və şagirdləri elə qorxudacaqlar ki, heç kim qarşı çıxa bilməyəcək. Amma, nə bilim, tamamilə Şimali Koreyaya bənzəyəcəyimizə şübhə edirəm.
– Siz özünüz forma geyinirdinizmi və bu öhdəlik sizdə hansı hissləri yaradırdı?
– Bəli, Sovet dövründə doğulmuş-böyümüş uşaq kimi, mən də birinci sinifdən doqquz-onuncu sinfə qədər məktəbli forması geyinmişəm.
Qızlar üçün Sovet formasının bir neçə variantı var idi: yaz-payız (ağ köynək qızılı düymələrlə və mavi ətək) və qış (gündəlik qara və ya bayram üçün nəzərdə tutulmuş ağ önlüklü qəhvəyi yun don). Yadımdadır, ağ köynək və göy sintetik ətək mənə rahat deyildi. Qara önlük qəhvəyi donla çox zövqsüz idi. Ağ önlük isə tez kirlənirdi.
Həmişə istəmişəm ki, mənim formam daha çox zövqlü olsun. Bir il də ağ don və önlük tikdirdim ki, biraz fərqli, daha gözəl olsun. Fabrikada tikiləndən yaxşı idi, amma çox şey dəyişməmişdi, yenə də inqilaba qədər olan xidmətçi formasına oxşayırdı.
– Təhsil Nazirliyi tərəfindən təklif olunan eskizlər nə dərəcədə məqbuldur? Əvvəlcə bizə dedilər ki, formanın üslubu ictimai müzakirə yolu ilə müəyyənləşəcək, sonra isə Nazirlik öz zövqünə uyğun hazırladı...
– Bir-iki yerdə nəzər yetirdim, çox müşahidə etməmişəm. Bütün Gürcüstanın təhsil müəssisələrində eyni geyimin məcburi geyinilməsi mənim üçün o qədər qəbuledilməz ideyadır ki, Quççi və Şanelə dizayn sifariş versələr də xoşuma gəlməyəcək.
– Maliyyə baxımından Nazirlik tərəfindən məktəbli formalarının tikilməsi nə dərəcədə əsaslandırılmış xərcdir? Baxmayaraq ki, bilirik ki, bəzi istisnaları çıxmaqla, xərcləri şagirdlərin valideynləri ödəməlidir.
– Əgər valideynlər formanın pulunu ödəməlidirlərsə, xərc böyük olmayacaq, ancaq planlaşdırma, təşkil etmə və müəyyən resurslar yenə də lazım olacaq. Bunların hamısı hansısa dərzixananın və ya atelyenin zənginləşdirilməsinə xidmət göstərmirsə, həqiqətən də resursların israf edilməsidir.
– Və yekunda, ümumi təhsildə nazirlik üçün formalardan daha prioritetli olmalı, formalardan daha mühüm olan üç problem qeyd edin.
– Təhsil Nazirliyi üçün, təhsil və övladlarının gələcəyi ilə maraqlanan bütün insanlar üçün üç məsələ ən prioritetli olmalıdır:
1. Direktorların və müəllimlərin kvalifikasiyası.
2. Məktəblərin infrastrukturu.
3. Reallığa uyğunlaşdırılmış, adekvat milli tədris planı.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə etdi Aynurə Əliyeva