Tarix var ki, yaddaşlardan silinir, zamanın tozlu səhifələri arasında itib gedir. Bir də tarix var ki, nəsildən-nəslə ötürülür, xalqın yaddaşında yaşayan qürur ünvanına çevrilir. 28 May – Müstəqillik Günü məhz belə bir gündür. Bu tarix, Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq, azad yaşamaq və gələcəyini özü müəyyən etmək əzminin təntənəsidir.

 

1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dərin izlər buraxdı. Cümhuriyyət dövründə demokratik dəyərlərə əsaslanan idarəetmə forması yaradıldı, xalqın iradəsinə əsaslanan ilk parlament formalaşdı, qadınlara səsvermə hüququ verildi, milli ordu quruldu və təhsilin inkişafına xüsusi diqqət yetirildi. Bu tarixi qərarlar XX əsrin əvvəllərində azərbaycanlıların milli şüur səviyyəsinin yüksəkliyini və azadlıq arzularının gücünü əks etdirirdi.

 

1920-ci ildə sovet işğalı ilə müstəqilliyə ara verilsə də, xalqımızın azadlıq əzmi heç zaman sönmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə müstəqilliyimiz yenidən bərpa edildi. Bu mühüm sənəd Azərbaycanın beynəlxalq hüququn subyekti kimi tanınmasının əsasını qoydu.

 

1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində ölkəmizin müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək asan deyildi. Məhz ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində dövlətçilik prinsipləri bərqərar oldu, müstəqil Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi.

 

Bu gün Azərbaycan Cənubi Qafqazın ən dinamik inkişaf edən dövlətidir. Güclü iqtisadi potensial, modern ordu, sabit daxili vəziyyət və beynəlxalq nüfuz ölkənin suveren inkişaf modelinin uğurla həyata keçirildiyini sübut edir. Müstəqillik yalnız dövlət atributları ilə yox, həm də xalqın düşüncəsində, həyat tərzində və gələcəyə inamında öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük uğurlara imza atır. 2020-ci ildə baş vermiş Vətən Müharibəsi nəticəsində Azərbaycan öz tarixi ədalətini bərpa etdi, işğal altında olan torpaqlarımızı azad etdi və ərazi bütövlüyünü təmin etdi. Bu qələbə müstəqil Azərbaycanın gücünü və qüdrətini bir daha nümayiş etdirdi.

 

Müstəqillik sadəcə tarixdə qazanılmış hüquq deyil, həm də hər bir vətəndaşın qarşısında dayanan böyük məsuliyyətdir. Bu dəyəri qorumaq, onu daha da möhkəmləndirmək hər bir azərbaycanlının borcudur. Gənc nəsillərə dövlətçilik ənənələrinin, vətənpərvərlik ruhunun aşılanması bu istiqamətdə atılan mühüm addımlardandır.

 

28 May – bu gün, sadəcə bir bayram deyil. Bu, millət olaraq kimliyimizi xatırladığımız, şəhidlərimizi andığımız, vətən sevgisini yenidən hiss etdiyimiz bir gündür.

 

Yaşasın müstəqil Azərbaycan!

 

                                                  Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində

                                                  Azərbaycan Dövlət Pedaqoji Kollecinin rus dili və ədəbiyyatı

                                                  müəllimi Xatirə Daşdəmirova