Uşaq bağçası və məktəbin açılmasına az qalanda valideynlərin həyəcanı artır. Uşağın hansı qrupa və ya sinfə düşəcəyi, müəllimin kim olacağı, hansı ləvazimatların lazım gələcəyi müzakirə olunur. Ancaq bütün bunlarla birlikdə artıq başqa bir mövzu da demək olar ki, ənənəyə çevrilib. Nə alaq və nə qədər pul yığaq? Bağça hələ fəaliyyətə başlamamış valideyn qruplarında müxtəlif ehtiyaclar müzakirə edilir. Döşəmə pis vəziyyətdədir, dəyişdirilməlidir, təmizlik üçün tozsoran lazımdır, yataq dəstləri alınmalıdır, nəmli və quru salfet, sabun, təmizlik vasitələri və qutarmaq bilməyən daha nələr.
Siyahı uzandıqca bir sual yaranır. Bütün bunları niyə valideynlər almalıdır? Düzdür, hər bir valideyn övladının rahat və təmiz şəraitdə olmasını istəyir. Heç kim uşağının pis vəziyyətdə olan döşəmədə oynamasını, təmiz olmayan mühitdə qalmasını və ya lazımi gigiyena vasitələrinin olmamasını istəməz. Elə buna görə də valideynlər çox vaxt etiraz etmədən pul yığılmasına razılaşırlar. Amma məhz bu xoş niyyət bizi əsas məsələdən uzaqlaşdırır. Çünki “uşaqlar üçün lazımdır” cümləsi ilə hər ehtiyacın valideynin üzərinə qoyulması normal hala gəlməməlidir. Valideyn uşağının şəxsi ehtiyaclarını təmin edə bilər. Məsələn, geyim, çanta, dəftər, qələm və şəxsi istifadə üçün lazım olan əşyalar valideynin məsuliyyətidir. Amma bağçanın döşəməsi, təmizlik avadanlığı, əsas gigiyena təminatı və digər məsələlər artıq başqadır.
Eyni vəziyyət məktəblərdə də qarşımıza çıxır. Bu yaxınlarda qardaşımın sinfinin dəyişdirilməsi ilə bağlı valideyn qrupunda həmin sinfin vəziyyətini göstərən video paylaşılmışdı. Videoda sinfin vəziyyəti səsli şəkildə izah edilirdi. İstilik batareyası qırılıb, işıqlandırma yoxdur, divarlar yaxşı vəziyyətdə deyil, qapı da qırıq vəziyyətdə ortada dayanırdı. Bütün bunlar göstərildikdən sonra əsas fikir belə idi: Əlimdən gələni edib sinfi gözəlləşdirəcəyəm, pul yığaq. Bu cümlə üzərində düşünməyə bilmirsən.
Niyə ilk addım valideynlərdən pul toplamaqdır? Niyə həmin video məktəb rəhbərliyinə, direktora və ya aidiyyəti şəxslərə göstərilmir? Niyə əvvəlcə “bu sinfin belə vəziyyətdə olmasının səbəbi nədir və bunu kim həll etməlidir” sualı verilmir? Əgər sinifdə işıqlandırma yoxdursa, bu, artıq “sinfi gözəlləşdirmək” məsələsi deyil. Əgər qapı qırıq vəziyyətdə ortada dayanırsa, divarların vəziyyəti pisdirsə, bu, estetik problem yox, təhlükəsizlik məsələsidir. Əgər divarın müəyyən hissələri qırılıbsa və ya yararsız vəziyyətdədirsə, bunun da ilk həlli valideynlərin cibinə müraciət etmək olmamalıdır.
Müəllimin sinfin daha yaxşı görünməsini istəməsini başa düşmək mümkündür. Müəllim hər gün həmin otaqda uşaqlarla işləyir və təbii ki, onlar üçün daha yaxşı şərait arzulayır. Amma müəllimin xoş niyyəti sistemin məsuliyyətini valideynin üzərinə keçirməməlidir. Burada müəllimi də günahlandırmaq niyyətində deyiləm. Əksinə, bəzən müəllimin özü də bu vəziyyətin içində qalır. Qarşısında yararsız sinif var, qarşısında uşaqlar var və o da vəziyyəti yaxşılaşdırmaq istəyir. Əgər sistemdən lazımi dəstəyi vaxtında ala bilmirsə, ən asan çıxış yolu kimi valideynlərə müraciət etməyə məcbur qala bilər. Bu zaman isə başqa bir sual yaranır. Niyə müəllim belə seçim qarşısında qalmalıdır? Niyə müəllim öz əsas işi olan tədrisdən əlavə sinfin təmirinə və təminatına görə narahat olmalıdır? Niyə valideyn uşağının təhsil xərclərindən əlavə məktəbin və ya bağçanın əsas ehtiyaclarını da düşünməlidir?
Bu mövzu mənim üçün yeni deyil. Keçən il də eyni problemlərlə bağlı bir məqalə yazmışdım. O zaman yazını niyə yazdığımı və niyə paylaşdığımı qınayan bir neçə müəllim də olmuşdu. Bəlkə onların narahatlığını müəyyən qədər başa düşmək olar. Çünki belə yazılar bəzən müəllimlərə qarşı ittiham kimi qəbul edilir. Ancaq məsələ əsas müəllimdə, bağçada və ya məktəbdə deyil. Məsələ bir sistemin necə işləməsindədir.
Əgər bir il əvvəl danışılan problem bir il sonra yenə qarşımıza çıxırsa, bəlkə də problem haqqında yazmağımıza görə narahat olmaq əvəzinə problemin niyə hələ də həll olunmadığını müzakirə etməliyik. Çünki susmaq problemi aradan qaldırmır. Əksinə, problemlər haqqında danışılmadıqca onlar adiləşir. Bu gün bir bağçanın döşəməsi üçün pul yığılır, sabah isə başqa bir şey üçün. Məktəbdə isə sinfin divarları rənglənir, işıqlandırma düzəldilir, qapı dəyişdirilir, pərdə alınır, mebel təmir olunur. Sonra bütün bunlar “valideynlər kömək etdi” kimi təqdim edilir. Amma bir müddət sonra heç kim artıq soruşmur: “Bunları niyə valideynlər etməli oldu?”
Ən təhlükəli məqam da budur ki, çatışmazlığın özü yox, çatışmazlığın normal qəbul edilməsidir. Valideynlər yaxşı niyyətlə pul verir. Çünki onlar üçün əsas olan uşağın rahatlığıdır. Amma bu proses davamlı olduqda sistemdəki çatışmazlıqlar valideynlərin şəxsi təşəbbüsü ilə örtülür.
Bu gün döşəmə düzəldilir və problem həll olunmuş kimi görünür, amma sabah başqa problem ortaya çıxır. Bu gün tozsoran alınır, sabah başqa avadanlıq lazım olur. Bu gün sinfin divarları rənglənir, sabah tavan və ya qapı ilə bağlı problem yaranır. Beləliklə, valideynin üzərinə düşən xərclərin siyahısı getdikcə böyüyür.
Üstəlik, hər ailənin maddi vəziyyəti eyni deyil. Bir ailə üçün 30 və ya 50 lari ciddi məsələ olmaya bilər. Başqa ailə üçün isə həmin məbləğ gündəlik büdcəyə təsir edə bilər. Bəs pul yığımına qoşula bilməyən valideyn nə etməlidir? “Hamı verir, sən niyə vermirsən?”
Çünki valideynin maddi vəziyyəti onun uşağının məktəbdə və ya bağçada aldığı münasibəti müəyyən etməməlidir. Uşağın haqqı valideyninin maddi imkanından asılı olmamalıdır. Əlbəttə, könüllü yardım başqa məsələdir.
Valideynlər öz istəkləri ilə uşaqlar üçün kitab ala, əlavə tədris materialları gətirə və ya hansısa faydalı dəstək göstərə bilərlər. Bu, normaldır. Könüllülük seçimdir. Məcburiyyət isə öhdəlikdir.
Bəlkə də valideyn qruplarında növbəti dəfə “Nə qədər pul yığaq?” sualından əvvəl başqa sual verməliyik: “Bu problemi əslində kim həll etməlidir?” Bağçanın döşəməsi niyə bu vəziyyətdədir? Təmizlik avadanlığı niyə yoxdur? Uşaqlar üçün yataq dəstlərinin təminatı necə təşkil olunur? Gigiyena vasitələri necə təmin edilməlidir? Məktəbdə niyə işıq yoxdur? Niyə qapı qırıq vəziyyətdə ortada dayanır? Niyə tavan və divarlar təmir olunmayıb? Və ən əsası isə, niyə bütün bu sualların cavabını ilk olaraq valideynin cibində axtarırıq? Bəlkə qırıq qapının şəklini əvvəlcə valideyn qrupuna göndərib pul toplamaq yox, məktəb rəhbərliyinə göstərmək lazımdır? Bəlkə yararsız döşəməni valideynlərin hesabına dəyişmək əvəzinə bu məsələni aidiyyəti qurumların qarşısında qaldırmaq lazımdır?
Fikrimcə, məsələ valideynlərin heç vaxt kömək etməməsi deyil. Məsələ kömək ilə məsuliyyətin bir-birinə qarışdırılmamasıdır. Valideyn öz övladının yanında olmalı, onun təhsilinə maraq göstərməli, ehtiyaclarını təmin etməli və məktəblə əməkdaşlıq etməlidir. Amma valideynin yaxşı niyyətindən istifadə edib təhsil müəssisəsinin əsas çatışmazlıqlarını daimi şəkildə onun hesabına aradan qaldırmaq normal qəbul edilməməlidir.
Bəlkə də artıq “uşaqlar üçün pul yığaq” deməzdən əvvəl bir az dayanıb düşünmək lazımdır. Çünki bu cümlənin arxasında çox vacib bir sual gizlənir. Uşaqlar üçün lazım olan hər şeyi valideyn təmin etməlidirsə, onda məktəb və bağçanın təminatına kim cavabdehdir? “Uşaqlar üçün” deyərək valideynlərdən nə qədər tələb etmək olar?
Validə Fətullayeva