Valideynlərin iş qrafikinə, ailə vəziyyətinə və ya öz maraqlarına əsaslanaraq qəbul etdikləri qərarlar var və bu qərarların illər sonra uşaqların psixo-emosional vəziyyətinə təsiri barədə çox az fikirləşirik. Uşağı 5 yaşında məktəbə aparmaq məhz belə qərarlardan biridir.
Dövlət məktəbə getmək üçün yaş həddi müəyyən edir və indi Təhsil Nazirliyi faktiki olaraq qərarı valideynlərin öhdəsinə buraxıb. Qurumun məlumatına görə, vaxtilə birinci sinif şagirdləri üçün yaş həddi uşağın hazırlığı və onun maraqları nəzərə alınmaqla dəyişdirilib. 2024-2025-ci tədris ilində dekabrın 1-dək 6 yaşı tamam olacaq uşaqların da birinci sinfə qeydiyyatdan keçməsinə icazə verilib. 5 yaşlı uşağınızı məktəbə göndərsəniz də, bağçaya qoysanız da seçim sizin ixtiyarınızdadır, amma qərar verməzdən əvvəl mütəxəssislərin və valideynlərin fikrini nəzərə alsanız yaxşı olar. Onlar bu yolu artıq keçmiş və uşağını 5 yaşında məktəbə apardığına görə çoxsaylı çətinliklə qarşılaşmış valideynlərdir.
“EDU.ARIS.GE” ilə söhbət zamanı psixoloqlar qəzəblərini gizlədə bilmirlər və deyirlər ki, heç kim bizim illər ərzində hansı nəticələr əldə etdiyimiz və bu yaşda məktəbə getmənin konkret uşaqların emosional vəziyyətinə necə təsir etdiyi barədə kompleks araşdırma aparmayıb. “5 yaşlı uşağın yeri məktəb deyil! Səbəblər, arqumentlər və uğursuz nəticələr haqqında dəfələrlə danışmışıq, amma bizi dinləyən yoxdur! Dekabrın 1-dək 6 yaşı tamam olacaq uşaqlar məktəbə qəbul edilib. Gələcəkdə də yaş dəyişikliyi nəzərdə tutulub və dekabrın 31-dək 6 yaşı tamam olacaq bütün uşaqlar məktəbə daxil ola biləcəklər. Nəyə əsaslanaraq belə qərarlar verirlər? Onlar hansı araşdırmalara əsaslanırlar? Bilmirik! Artıq bu məsələ haqqında danışmayacağıq. Bunun mənası yoxdur!" – bu bir çox psixoloqların ümumi fikridir.
Əgər siz bu fikirlə tam razı deyilsinizsə və hələ də 5 yaşlı uşağı məktəbə qeydiyyat etmək istəyirsinizsə, uşaq və yeniyetmələr üzrə psixoloq Mariam Şovnadzenin məsləhətini nəzərə alın. Mariam xanım “EDU.ARIS.GE”yə açıqlamasında bildirib ki, övladları 5 yaşında məktəbə getdiyi üçün problemlərlə üzləşən valideynlərin müraciəti çoxdur. Bunun fonunda onun tövsiyəsi budur ki, qərar qəbul etməzdən əvvəl mütəxəssis uşağın təlim prosesinə hazır olub-olmadığını qiymətləndirsin. Və ya əksər hallarda valideynlər yalnız uşağını yaxşı müşahidə etdikdən sonra seçim etməlidirlər.
Psixoloq Mariam Şovnadzenin fikrincə, uşağın neçə şeir bildiyinin və yazıb-oxumağının fərqi yoxdur, ən başlıcası onun inkişafının bütün tərəflərini dəyərləndirməkdir: “Uşaq məktəbə gedəndə ona qədər saymağı, adının hərflərini tanımalı, ən azı 6-7 cümlədən ibarət nağıl kartları əsasında hekayə qurmağı bacarmalı, bir dərsdə 30-40 dəqiqə dayanmaq, dinləmək və qavramaq bacarığına malik olmalıdır. Həm geniş, həm də incə motor bacarıqları müşahidə edilməlidir. Sadə dillə desək, uşaq rahat şəkildə qələm tutmağı, fiqurları kəsib yapışdırmağı bacarmalıdır. Həmçinin bir ayaq üstə tullanmaq, qaçmaq, maneədən tullanmaq, tarazlıq və koordinasiya qabiliyyətinə malik olmalıdır. Müstəqil olaraq paltar geyinməyi, düymələri, kəməri bağlamağı bacarmalıdır. Mən məktəbdə işləyəndə belə bir hadisə olmuşdu: uşaq təkbaşına pilləkənlərlə qalxıb-enməkdən qorxurdu və təsəvvür edin ki, birdən-birə pilləkənlərin çox olduğu, uşaqların sürətlə hərəkət etdiyi bir mühitdə özünü tək hiss edib stres keçirmişdi, hətta hərəkət etməkdə çətinlik çəkirdi”.
Psixoloq bizə tövsiyə edir ki, uşağın fiziki inkişafı və əqli qabiliyyəti ilə yanaşı, təəssüf ki, bu gün az diqqət yetirilən, uşağın psixo-emosional vəziyyətini də nəzərə almalıyıq.
“Bağçada uşaq daha çox oynayaraq hər şeyi öyrənir. Məktəbdə birdən-birə fərqli bir reallıqla qarşılaşır. Bu reallıqda o, öz emosiyalarını tanımalı, ifadə etməli və özünü sakitləşdirməyi bacarmalıdır; hiss etdiklərini konkret vəziyyətdə dostu və ya müəllimi ilə bölüşməyi, özünü sakitləşdirmək üçün rəsm və ya digər hərəkətlərdən istifadə etməyi bacarmalıdır. Həmçinin uşağınızın həmyaşıdları ilə necə asanlıqla ünsiyyət qurduğunu müşahidə edin. Ünsiyyət qurmaq çətindirsə, tədbirlərdə iştirak etmək, ehtiyaclarını ifadə etmək, əməkdaşlıq etmək çətindirsə, demək o, məktəbə hazır deyil”, – M.Şovnadze bildirib.
Psixoloqun sözlərinə görə, uyğunlaşma bacarığı da böyük əhəmiyyət kəsb edir. Əgər uşaq müşayiətçisi olmadan asanlıqla yeni mühitə uyğunlaşa bilmirsə, heç bir halda onu məktəbə aparmayın.
O, bildirir ki, digər mühüm göstərici uşağın məktəbə münasibətidir: “Əgər o, etirazını açıq-aydın ifadə edirsə, onu məktəbə buraxmamalıyıq. Əks halda, o, dərsə həvəsini itirə bilər. Məktəbə getməzdən əvvəl uşağa təlim prosesinə adekvat münasibət formalaşdırmağa kömək etməliyik. Biz öz təcrübəmizdən və ya tanıdığımız insanların hekayələrindən danışa bilərik. Bunun üzərində nə qədər tez işə başlasaq, uşaq üçün bir o qədər uyğun gözləntilər yaranacaq və o, psixoloji cəhətdən yeni həyat mərhələsini hazır qarşılaşacaq”.
Birinci sinifdə məktəbə hazır olmayan uşaq olduğu halda hansı nəticəni əldə edəcəyik? – Psixoloqun fikrincə, insanın gələcəyini müəyyən edə biləcək çətinliklərin yaranması da gözlənilir: “Uşaq özünü hazır olmadığı bir yerdə və prosesdə aşkar etsə, təkbaşına öhdəsindən gəlməli olacağı çətinliklərlə qarşılaşacaq. Belə bir zamanda uşağa verilə biləcək ən böyük zərər özünə, məktəbə, dərsə, münasibətlərə qarşı aşağı özgüvəni, arzuolunmaz münasibətinin formalaşmasıdır. Belə uşaqlar əksər hallarda uğursuz olurlar. Mənim məsləhətim odur ki, övladlarınızı, onların hərtərəfli inkişafını diqqətlə müşahidə edin və sadalanan komponentlərdən hər hansı birində problem görürsünüzsə onları bağçada saxlayın, onları narahatlığa, özünəinamın aşağı olmasına və uğursuzluğa qurban verməyin”.
Artıq qeyd etdiyimiz kimi, psixoloqların fikrincə 5 yaşlı uşaqları məktəbə qəbul etməklə hansı nəticələr əldə etdiyimizi göstərəcək kompleks araşdırma aparılmayıb. Bizim bir məqalə ilə araşdırma aparmaq ambisiyamız yoxdur, amma ümumi mənzərəni görmək üçün bir vaxtlar 5 yaşlı uşağını məktəbə aparmış bir neçə valideyndən müsahibə götürdük. Müsahiblərimiz 6 yaşınadək övladlarının məktəbə getməsinin demək olar ki, əsas səbəbini göstərirlər – valideynlər övladlarının bir il itirməsini istəmirlər. İllər keçəndən sonra əksəriyyət deyir ki, uşaqlar məktəb proqramını öyrənməkdə çətinlik çəkib-çəkməsələr də 5 yaşında övladlarını məktəbə göndərməz, uşaqlığını əlindən almazdılar.
İki uşaq anası 51 yaşlı Natia ixtisasca hüquqşünasdır və özəl şirkətlərdən birində çalışır. Övladları arasında yaş fərqi 1 ildən azdır. O vaxt düşünüb ki, bir uşağı bağçada, digəri isə məktəbdə olsa işləmək çətin olacaq və onları müxtəlif vaxtlarda evə gətirməli olacaq. Məhz buna görə o, uşaqlarını birlikdə məktəbə aparmaq qərarına gəlib. “Həyatı asanlaşdıracağımı düşünürdüm, amma əksinə, hər şey çətinləşdi. Qız məktəbə hazır deyildi. Yanında böyük qardaşının olmasına baxmayaraq elə problemlərlə üzləşdik ki, psixoloqa müraciət etməli olduq” – Natia xanım deyir.
Bacısı və oğlunun təcrübəsini bölüşən 47 yaşlı evdar qadın Elisonun da acı təcrübəsi var: “Vaxtilə nazirlikdə müsahibə əsasında bacıma istisna edilib və 5 yaşında məktəbə getməyə icazə verilib. Yeni mühitə uyğunlaşmaq onun üçün çətin idi. Onun da proqramı qavramaqda problemi var idi, amma onun çox da istedadlı olmadığı deyilirdi. İllər sonra oğlumu məktəbə qoyanda, təəssüf ki, bacımın təcrübəsini nəzərə almadım. Fikirləşdim ki, mənim Nikolozum yazıb-oxumağı bilir, indiki uşaqlar daha çox inkişaf edib, nə problem var. Problem həqiqətən var idi, Nikoloz məktəbdə əsəbilik səbəbindən bir neçə dəfə pis olub. Mən onun müstəqil olduğunu düşünürdüm, amma məktəbdə hər şey onun üçün çətinləşdi, sinifdə qala bilmədi, sinif yoldaşları ilə dostlaşa bilmədi, məktəbə alışması üçün çox əsəb və zəhmət sərf etdik”.
İkinci müsahibimizin təcrübəsi fərqlidir. İki qız anası olan 40 yaşlı Nona ixtisasca mühasibdir. Oktyabr ayında anadan olan Nini 5 yaşında məktəbə qəbul olunub. Deyir ki, uşaq əlifbanı bilməsə də, dərslərinə yaxşı yanaşıb, özəl məktəbin kifayət qədər çətin proqramına qalib gəlib və ilk dörd şagird sırasına düşüb: “Qərarımdan heç vaxt peşman olmamışam. İkinci qız övladım yanvar ayında dünyaya gəldi və 6 yaşında məktəbə apardım. Artıq gürcü və ingilis dillərində oxuyurdu. Məktəb proqramı onun üçün maraqsız idi. Bu təcrübəyə əsaslanaraq, hər kəsə uşağın bir ilini itirməməyi və cəsarətlə 5 yaşlı uşağını məktəbə aparmağı tövsiyə edirəm”.
Diş həkimi olan 35 yaşlı Maya heç vaxt valideynlərə Nona kimi məsləhət verməzdi. O, “EDU.ARIS.GE”yə bildirib ki, o vaxt 5 yaşlı oğlunu məktəbə aparmaq qərarını yalnız bir il itirməsinlər deyə qəbul edib, indi hesab edir ki, səhv edib: “Oğlum dördüncü sinifdə oxuyur. 5 yaşında məktəbə apardım, bir ilini itirməsini istəmirdim. Fikirləşdim ki, icazə var, niyə də olmasın? Əvvəlcə müəllimə heyran oldu, amma sonra cəhənnəm başladı – sinifdə qala bilmədi. Onun üçün dərs oxumaq çətin deyildi, amma mən onu məktəbdən gələndə oturmağa məcbur edə bilmirdim. Oynamaq üçün darıxırdı. O, daim yorğun idi. Bir ildən çox vaxt lazım oldu ki, məktəbə getməyə, oxumağa etiraz etməsin”.
46 yaşlı Marika PR menecerdir. Daimi məşğul qrafiki var və uşaqla münasibət üçün lazımi vaxtın qalmadığını hiss edir. Barbarenin 5 yaşı olanda, anası istədiyi müəllimin birinci sinfə uşaq götürdüyünü eşidir, belə bir müəllimdən uşağının dərs almaqda çətinlik çəkməyəcəyini düşünür. Barbare bağçaya getməyib, yazıb-oxumağı bilmirdi, amma yenə də qızı məktəbdə qeydiyyatdan keçirir: “O, hər şeyi məktəbdə öyrənməli idi. Bu məni bir az qorxutdu, amma bəxtim gətirdi. Proqram hissəsində problemimiz olmadı (3-4 saat dərs oxuyurduq), amma uşağın fərqli etirazı var idi – dərsdə oturmağı xoşlamırdı, başa düşə bilmirdi ki, niyə oxumalıdır? Dostları ilə 35 dəqiqə niyə danışmamalı, lövhəyə baxmalıdır. Arxasını müəllimə çevirib otururmuş, yarı uzanıqlı vəziyyətdə müəllimə cavab verirmiş. Müəllim bu barədə mənə ancaq məsələ həll olunanda danışdı. Nə yaxşı ki, müəllim üçün əsas məsələ oturuş tərzi yox, uşağın iştirakı idi. Davranış baxımından uşağa sərbəstlik verib, amma uşaq öyrənməyə etiraz etmirdi. Bu gün necə edərdim? – Övladımın uğur qazanmasına baxmayaraq onu 5 yaşında məktəbə aparmazdım. Uşaq oynamaq istəyəndə oynamalıdır. Bu, təkcə mənim fikrim deyil. Məktəb yaşı psixoloqlar tərəfindən müəyyən edilib”.
Xatırladaq ki, 2024-2025-ci tədris ili üçün birinci sinfə şagird qeydiyyatı iyulun 12-nə kimi davam edəcək.
Mənbə: “EDU.ARİS.GE”.
Gürcü dilindən tərcümə etdi: Aynurə ƏLİYEVA