Deyir, itlə dostluq elə, amma çomağı əldən qoyma. İndi itlə dostluq eləməsən də əli çomaqlı gəzməlisən ki, daş atanda elə itə dəyən bu şəhərin küçələrində, döngələrində, xəstəxanalarının qarşısında, apteklərinin girəcəyində, mağazalarının qapısının ağzında, məktəblərinin, uşaq bağçalarının həyətində, binalarının girişində, parklarında, zibil urnalarının həndəvərində yatan, eşələnən, bitlənən, dolaşan, dalaşan sahibsiz itlər sənə hücum etməyə ürək eləməsinlər. Necə deyərlər, it də öz qapısında ağadır. Vay halına çomağını evdə unutdunsa, yerdən daş tapa bilmədinsə (“heyvansevərlərin” qulağından iraq), özü də axşama düşmüsənsə, təksənsə, vaxtından əvvəl qaçıb canını qurtara bilmədinsə – hoyuna yetən olmayacaq; özlərini küçələrin, döngələrin, xəstəxanaların, apteklərin, mağazaların, məktəblərin, uşaq bağçalarının, binaların, parkların, zibil urnalarının sahibi hesab edən itlər səni xəstəxanalıq edəcəklər, nə gücünə baxacaqlar, nə cəsarətinə. Axı iki it bir aslana dov gələr. Sən də ağzına it başı alıb bu it xılı, köpək sürüsünə yiyə durub küçələrdən yığışdırmayanları yeddi arxa dönənini söyüb-batıracaqsan, yenə də hamıdan çox “heyvansevərlərin” xətrinə dəyəcək, başına it oyunu açacaqlar, it də gedəcək, ip də...

 

İndi ağız büzüb deyəcəklər ki, it yiyəsini tanımadığı bir vaxtda heç hənanın yeridirmi, o-bu kosmosa it göndərir, it robotu istehsal edir, it klonlaşdırır, nə bilim daha nə... Qanın it qanına dönüb belələrinə itin abırını verəcəksən ki, ay itin dişi, motalın dərisi, biz sahibsiz itlərin əlindən evdən mağazaya gedib çörək alıb geri qayıda bilmirik, xəstəxananın qarşısında itlərin hücumuna məruz qalırıq, uşaqlarımızı bağçaya, məktəbə ötürə bilmirik, parklarda gəzə bilmirik, zibilimizi zibil qablarına ata bilmirik... Bizim itlərimizi nəinki kosmosa, heç qoyun otarmağa da göndərə bilməzsən. Bu qədər it azdırmı ki, hələ bir it robotu da düzəldək, it klonlaşdıraq? Sənin bu danışdıqların itotu, bağayarpağıdır. Bir də ki, it kosmosa da uçsa, filmə də çəkilsə, yenə də itə sahibinə görə hörmət edirlər.

 

İlin əvvəlində itlərlə bağlı qəbul edilmiş qanundan yəqin ki, hamının olmasa da, it-pişik saxlayanların bir qisminin xəbəri var. Xəbəri olmayanlar üçün qeyd edim ki, qanuna görə, uşaq bağçalarının, məktəblərin, idman meydançalarının, metroların, marketlərin, tibb məntəqələrinin, avtovağzalların və qəbiristanlıqların ərazisinə it və pişiklə gedənlər 50 lari cərimə olunmalı idilər. Həmçinin itləri xaltasız və ağızlıqsız bulvarlarda, parklarda və meydanlarda gəzdirən it otaranlar 150 lari, qanunu ikinci dəfə pozduğuna görə isə 300 lari cərimələnməli idilər. İdilər ona görə ki, mən kiminsə iti ağızlıqsız gəzdirdiyinə görə cərimələndiyini nə gördüm, nə eşitdim. Görünür bütün bu səs-küy it başı bəzəməkmiş, görünür bu qanunu da it yerinə qoyan olmadı, görünür bu da it adına üyüdüb özü yeməkmiş.

 

Sədaqət rəmzinə çevrilmiş itin ayağını basarsan, səni qapar. İt quduranda yiyəsini də qapar. Mənim nə it-pişiklə düşmənçiliyim var, nə də it-pişik saxlayanlar üçün iti açıb, daşı bağlamaq niyyətim. Demək istədiyim budur ki, sahibsiz itlərin sayı günü-gündən artır və insanlar, xüsusən də uşaqlar üçün təhlükəyə çevrilir. Küçə itlərinin əlindən küçədə rahat gəzmək olmur. Hansı orqana şikayət edirsən məsuliyyəti öz üzərindən atır. İt itin ayağını basmaz axı. Sahibli itləri başa düşdük, kağızda da olsa, onlar üçün bir çəki-düzən var. Bəs yuxarıda adı çəkilən ərazilərdə xaltasız, ağızlıqsız öz kefinə gəzib-dolaşan sahibsiz itlərin cəriməsini kim ödəyəcək? Kiminsə uşağını it parçalayanda məsuliyyəti hansı hökumət və ya qeyri-hökumət təşkilotusu öz üzərinə götürəcək? İtin hüququ insanın hüququndan çox qorunan bu heyvanxanada atlar ölüb, itlərin bayramıdır...

 

Bir ara küçə itlərini peyvəndləyib, qulaqlarını birkalayıb elə buraxırdılar küçələrə. İtlər insanlara, insanlar da itlərə hörmətlə yanaşmağa başlamışdı. Sonra itlərlə insanların hüququ az qala bərabərləşdi, bircə o qaldı ki, itlərə də səsvermə hüququ verilsin. İtlə dosluq eləyənlərin əlinə çomaq almaq qadağan olundu, 2 ildən 3 ilədək ev dustaqlığı və ya 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edildi. Lap yaxşı! İt aparan olsun. İstəməyən lap it kökünə düşsün. İti öldürənə sürütdürmək elin adətidir onsuz da. Yaxşı, məscidin qapısı açıqdır, bəs itin abrına nə gəlib?..

 

Azər MUSAOĞLU