Bu günlərdə mübarək üç ayları yaşamaqdayıq. Bir neçə gündən sonra isə bu üç ayların ən fəzilətlisi olan mübarək Ramazan ayına qədəm basacağıq. Mübarək üç aylar xeyirli və savablı olan əməllərin ən çox işləndiyi bir zaman hissəsidir.
Rəcəb, Şaban və Ramazanı əhatə edən üç aylar Rəqaib gecəsiylə başlayır, Merac və Bəraət gecəsiylə davam edir, min aydan daha xeyirli Qədr gecəsiylə zirvəyə çatır, birlik və bərabərliyimizi gücləndirən, ülfət və məhəbbətimizi artıran Ramazan bayramıyla taclanır. Üç aylar könül xanəmizə qonaq etdiyimiz müqəddəs qonağımızdır, möminlər üçün bir yenilənmə mövsümüdür. Allah Elçisi (s.ə.s.) üç ayları qarşılayarkən belə dua edərmiş: “Allahım, Rəcəb və Şaban aylarını haqqımızda mübarək et, bizi Ramazan ayına çatdır” (İbn Hənbəl, Müsnəd, 1, 259).
Başda da qeyd etdiyimiz kimi, bu aylar yaxşılıqların və savabların ən çox yaşandığı günlərdir. Hər kəs bu aylarda sədəqə verməyə çalışar. O zaman gəlin görək nədir bu sədəqə. Əslində bu geniş bir mövzudur. Mən isə qısa olaraq mövzunu qələmə alacam.
Böyüklərimiz sədəqəni “savabdan başqa hər hansı bir qarşılıq gözlənilmədən sırf yaxşılıq niyyətiylə edilən xeyir növləri” olaraq tərif ediblər. Sədəqə deyiləndə bizim ağlımıza küçələrdə dolaşan və ya qapı-qapı gəzərək kömək istəyən insanlara verdiyimiz qəpik-quruşdan ibarət olan kiçik maddi yardım gəlir. Amma aləmlərə rəhmət olan Əfəndimiz bizə çox sədəqə verməyimizi təlqin etməkdədir. “Verəcək bir şeyimiz yoxdur, ya Rəsulallah” deyənlərə isə “İnsanlara təbəssüm etmək də bir sədəqədir” buyurmuşdur. Buradan da göründüyü kimi, sədəqə yalnız maddi anlamda bir yaxşılıq olaraq anlaşılmamalıdır. Onu da qeyd edək ki, istər maddi, istərsə də mənəvi mənada ediləcək bu sədəqələr göstərişdən uzaq olaraq Allahın razılığını qazanmaq niyyəti ilə edilməlidir.
Uca Allah Bəqərə surəsinin 276-cı ayəsində buyurur ki: “Allah faizi (faizli qazancın bərəkətini) yox edər, sədəqələri (sədəqəsi verilən malın bərəkətini) isə artırar. Allah heç bir günahkar nankoru sevməz”. Demək ki, malın-mülkün bərəkəti faizlə deyil, sədəqə verməklə olurmuş.
Din alimləri sədəqəni əsas olaraq 4 maddə halında sıralayıblar:
1. Fərz olan sədəqə. Bu maddəyə qısaca olaraq zəkat deyilir. Zəkat isə maddi vəziyyəti yaxşı olan və zəkatla bağlı qoyulan şərtləri özündə daşıyan şəxslərə fərzdir.
2. Fitr sədəqəsi. Fitr sədəqəsi hər müsəlmanın verməsi lazım olan vacib bir sədəqədir. Ramazan ayı içərisində verilir. Buna el arasında fitrə də deyilir.
3. Nafilə olan sədəqələr. Bu bənddəki sədəqə Allahın razılığını qazanmaq niyyəti ilə verilən sədəqədir. Allah rizası üçün edilən hər gözəl şey sədəqədir.
4. Sədəqeyi-cariyə. Öldükdən sonra da əməl dəftərimizə savab yazdıran sədəqədir. Sədəqeyi-cariyə məscid tikdirmək, yol salmaq, ağac əkmək, bulaq düzəltdirmək, faydalı elmi əsər buraxmaq kimi insanlara faydası toxunan hər növ yaxşı işlərdir.
Əziz müsəlmanlar, indidən hər birinizin qarşıdan gələn Ramazan ayınızı təbrik edir, bol savablı sədəqələrlə Allahın razılığını qazanmanızı diləyirəm.
Hacı BƏKİROĞLU