Cəmiyyət arasında bəzən təhsil almaq üçün şəhərə gələn tələbələrdə mühitə adaptasiya problemi yarandığını eşidirik. Bəs həqiqətən kənddən gələn gənc şəhərə uyğunlaşmaqda belə problem yaşayırmı? Paytaxtımız adaptasiyası problemli olan şəhərdirmi?
Hələ qədimdən bu yana tələbələrin maddi sıxıntı ilə qarşılaşdığı məlumdur. Ancaq maddi sıxıntının da bir dərəcəsi var. Bir var ki, ailədən gələn pul ilə tələbə iqtisad edərək yaşaya bilsin, bir də var ki, tələbə işləməyə məcbur qalsın. Bizim əsas problemimiz ondadır ki, tələbələrin əksəriyyəti işləməyə məcbur qalır. Kənddən şəhərə gələn tələbə elə gəldiyi ilk gündən kirayə ev tapmaqda, otaq yoldaşı tapmaqda sıxıntı yaşayır. Bir sözlə desək, Tiflis tələbənin qabağına böyük şərtlər qoyur. Kirayənin həddindən artıq baha olması tələb edir ki, tələbə oxumaqla yanaşı işləsin. Hələ çiyinlərinə ağırlıq düşməmiş gənclər şəhərdə birdən-birə bu cür mühitə düşəndə sıxılmağa başlayırlar. Universitetdə ilk dərslərin çox ağır gəlməsi, qrupdakı uşaqlarla rahat əlaqə qura bilməmək, kirayə problemi, nəqliyyat problemi, ailə üzvlərindən ayrılıq və s. ilk aylarda, demək olar ki, hər tələbəni narahat edir. Buna isə adaptasiya problemi deyirik, lakin mənim fikrimcə, bu maddi və sosial sıxıntılardan yaranan müvəqqəti problemdir. Adaptasiya problemini yaradan ünsür isə dil baryeridir. Gürcü dilini yaxşı bilməyən tələbələr sosial əlaqələr qura bilmirlər. Aylar keçib dil baryerini aşdıqdan sonra bu problem də öz həllini tapa bilir. Hər şey öz yoluna düşdükdən sonra şəhər tam doğmalaşır. Əslində, Tiflis bizə o qədər də yad deyil ki, adaptasiya ola bilməyək.
Tələbənin ən əsas problemi maddi sıxıntıdır. Yataqxanaların olmaması tələbəni hər cəhətdən dara düşürür. Dövlət əgər sağlam nəsil yetişdirmək istəyirsə bu kimi problemlərin həll yolunu axtarmalıdır. Normal yataqxana tələbənin haqqıdır. Ucuz yataqxanalar təşkil olunsa, yemək verilsə tələbə ailəsindən aldığı məbləğ ilə iqtisadla dolana bilər və bütün enerjisini təhsilinə sərf edə bilər. Gənclərin təhsildə uğur əldə edə bilməməsinin əsas səbəbi, məncə, bu sadaladığım problemlərə bağlıdır. Gecəni “Spar”da işləyib yuxulu halda dərsə gedən tələbə o dərsi nə qədər qavraya bilər? Mən də tələbəliyimi bu şəkildə yola vermişəm. Gecəni işləyib, gündüzü dərsə getmişik. Təhsilə üstünlük verən dövlət tələbəni bu rejim ilə üzbəüz qoymamalıdır. Tələbə stipendiya almalıdır. Bu gün universitetlərdə stipendiyaya elə bir baryer qoyulur ki, onu toplamaq imkansıza bərabərdir. Məsələn, Tiflis Dövlət Universitetinin Humanitar fakültəsində stipendiyanın baryeri 97+ olur. Bu cür sanballı universitetlərdə bu balı toplamaq heç də asan iş deyil. Stipendiya maddi dəstəkdən əlavə, həm də tələbə üçün böyük bir stimuldur. Kiçik məbləğ də olsa ən azından 80+ toplayan tələbə şəhərin bahalılığı nəzərə alınaraq stipendiya ilə təmin olunmalıdır.
Bir cəhətdən də tələbənin işləyib öz ayaqları üstündə dura bilməsi müsbət haldır. Həyatın istisini-soyuğunu görən gənclər irəlidə öz işlərini qurmaqda çətinlik çəkmirlər. Yaxşıdır ki, tələbə 3 və 4-cü kurslarda işləsin. Axırıncı kurslarda həm dərs rejimi yüngülləşir, həm tələbə dil baryerini aşır, həm şəhərə tam uyğunlaşmış olur. İşlə təmin etməni də dövlət öhdəsinə götürsə gəncliyin uğuru naminə böyük addım olar. Yüngül işlərə tələbələrin dəvət olunması təqdirə layiq təşəbbüs ola bilər.
Yekun olaraq deyə bilərik ki, tələbə üçün bütün problemlərin kökündə maddiyyat durur. Əgər tələbə yataqxana və yemək ilə az məbləğ qarşılığında təmin olunsa, stipendiya ilə stimul qazansa bu problemlərin həll olacağına mən inanıram. Kəndlərdən gələn tələbə ilk gündən işləməyə məcbur edilməməlidir.
Cəlal Yadigarlı