Bir az uzaqdan başlayacam. Demək istədiyim əsas fikrləri yazının sonuna saxlayacam. Bunu bəri başdan nəzərə almanızı rica edirəm.
Miladi təqviminin doqquzuncu, Qədim Roma təqviminin yeddinci ayı sentyabrın gəlişi uşaqların qəlbini sevinclə doldurur, onlar məktəbin açılmasını səbirsizliklə gözləyirlər. Valideynlərin qayğıları bir az da artır. Məktəbə gedəcək uşaqlarının bəzənib bərtənmələri, məktəb ləvazimatlarının alınması üçün ailə büdcəsindən xeyli vəsait xərcləmək lazım deyilmi?
Məktəb uşaqların sevinc məkanıdır və ya sevinc məkanı olmalıdır. Antik Yunanıstanda ilk məktəblər məhz bu məqsədlə yaradılırdı. Yəni uşaqlar həmin məkanda müxtəlif oyunlar oynayaraq, şənlənə bilirdilər. Onların bilik, elm, təlim-tərbiyə alması sonrakı dövrlərdə düşünülmüşdür. Müasir məktəb öz ulu əcdadından o qədər fərqli bir məkandır ki, az qala onun ilkinliyindən əsər-əlamət belə qalmayıb.
Uşaqların məktəb sevincinin ömrünü uzatmaq üçün böyüklər əllərindən gələni etməlidirlər. Bəzən böyüklər heç buna cəhd də etmir, qaş düzəltdikləri yerdə vurub göz tökürlər.
Məktəb yaşına çatmış uşaq artıq böyüdüyünü dərk edir. Məktəb onun ictimai varlığa çevrilməsini sürətləndirən məkan funksiyasını yerinə yetirməlidir. Uşaq evdə, bağçada başladığı sosiallaşmanı məktəbdə inkişaf etdirməyə, yeni kommunikasiyalar qurmağa imkan qazanır. Bu mühitin yaradılması böyüklərdən, məktəbin pedaqoji kollektivindən, məktəbin maddi-texniki bazasından asılıdır.
Uşağın şəxsiyyət kimi yetişməsi üçün məktəb unikal məkandır. Bu məkanda ən xırda detala diqqət yetirməli, məktəbin həyətindən tutmuş sinif otağınacan, şagirdin işlətdiyi dərs ləvazimatlarından geyiminə qədər hər şey bu məqsədə yönəldilməlidir. Bir sözlə, məktəb uşağın bütün təlabatını ödəyə biləcəyi ideal məkana çevrilməli və cəmiyyət bu məkanın yaxşı məhsul – yaxşı insan yetişdirməsi üçün bütün vasitələrini, bütün ehtiyatlarını işə salmalıdır.
Böyüklər ilk gündən uşağın məktəb sevincini gözündə qoyurlar. Murazı gözündə qalmaq elə bu olmalıdır. Tələsməyin, niyəsini deyəcəm. Məktəbə birinci dəfə ayaq basan uşağın ilk gündən məktəbdən iyrənməsi, bezməsi prosesinə də start verilir. Yeni dərs ilinin açılış mərasimi başlamaq bilmir ki, bilmir. Ya təşkilati çatışmazlıq, ya kiminsə gecikməsi ucbatından tədbirin başlaması bəzən saatlarla uzanır. Bu yetmirmiş kimi, mərasim boyu çıxış edənlərin tribunada bir-birini əvəz etmələri, şablon, çeynənmiş fikirlərin dəfələrlə təkrarlanması məktəbi sevinc yerindən daha çox uşaqlar üçün çansıxıcı bir məkana çevirir. Orasını da deyim ki, illərdir bu mərasimin özü təkrarçılıqdan başqa bir şey deyil. Çevir tatı, vur tatı yəni. Köhnə hava, köhnə nanay-nanay.
Bu sönük, maraqsız mərasim texnologiyaların içində məktəb yaşına çatmış uşağa, əşədübillah, heç nə vermir. Onun günlərlə ürəyində bəslədiyi məktəb sevgisinin üstünə bir qara daş qoymaqdan savayı heç nəyə yaramır. Mənim bu dediklərimi qəribliyə salıb, qınaya da bilərsiniz. Amma azca kənara çəkilib, bu mənzərəni müşahidə etməniz yetər ki, bunun acı bir gerçəklik olduğunu dərk edəsiniz.
Üzündən sevinci son qətrəsinədək silinən, kiçicik bədənləri yorğunluqdan, qeyri-müəyyənlikdən taqətdən düşən, hətta aşırı psixoloji gərginlikdən göz yaşlarını saxlaya bilməyən bu saf uşaqları seyr etmək belə ağrılıdır.
Bəlkə də kiçicik həyatlarında ilk dəfə belə haylı-küylü bir yığıncaq görən birincilərin şok keçirməsi, psixoloji travma almaları an məsələsidir. Düzdür, bütün bunlar – məktəbin müəllim kollektivinin, valideynlərin, ictimaiyyətin dəvətli-dəvətsiz nümayəndələrinin mərasimə toplaşması şagirdlər üçün nəzərdə tutulur, dərs ilinin təntənə ilə başlanması üçündür. Amma yuxarıda sadaladığım uzunçuluğun yaratdığı stresi hər uşaq eyni cür keçirmir. Həmin uşaqların bəzilərində ilk gündən məktəb sevgisini məktəb qorxusu, məktəbə nifrət əvəz edir və onlarda bəzən həkimlərin də kömək edə bilməyəcəyi xəstəlik – şkolafobiya yaranır.
Bundan sonra şagirdin, əsasən də birinci sinfə gələnlərin məktəb sevincinin məhv edilməsinin növbəti mərhələsi başlayır. Ən yaxşısı bunu yeni abzasa keçirim.
Valideynlərin, əsasən də anaların uşaqları ibtidai siniflərdə oxuyarkən, bir ayaqları məktəbdə olur. Ay mənim uşağımı filankəsin uşağı ilə oturtmayın, ay mənim uşağım arxada oturmasın deyərək, həm uşağın məktəb sevgisini öldürməklə, həm də müəllimlərin əlini-qolunu işdən soyutmaqla məşğuldurlar. Elə ki, uşaq yuxarı siniflərə keçdi, oxumaqdan başqa hər pisliyi etməyə başladı, həmin valideynləri məktəbə xahiş-minnətlə də gətirmək mümkün olmur. Həmin valideynlər uşaqlarını buraxırlar taleyin ümidinə. Uşaq da başlayır həyatını buraxma yaşamağa. Əlinə vuran yox, ağızına vuran yox.
Taleyin ümidinə buraxılmış uşaqların da bütöv şəxsiyyət kimi yetişməsi mümkün deyil. Başlı-başına buraxılmış, baxımsız bağdan-bağçadan yaxşı məhsul götürmək olarmı?
Məktəb qorxusu və ya tibbi dillə desək şkolafobiyanın caynağına keçirdiyi uşaq isə, atam ölə, anam ölə məktəbə getmərəm deyib, iki ayağını bir başmağa durtər, iti görüm, qurdu görüm deyib, məktəblə bağlı heç nəyi görmək istəməz. Məktəb adı gələndə elə bil başlarından aşağı qaynar su tökürlər. Belə uşaqları ölüm-zülüm məktəbə gətirmək mümkün olsa da, onlar bir yolunu tapıb, məktəbdən yayınacaq, ən yaxşı halda isə valideynlərin, müəllimlərin zəhmətlərinə rəğmən onlara nəsə öyrətmək mümkün olmayacaq.
Bütün bunlara baxmayaraq, hamımızın – şagirdlərin də, valideynlərin də, müəllimlərin də yeni dərs ili düşərli olsun deyərək, yazını nöqtələyirəm.
Afiq MUXTAROĞLU