Yəqin ki, hər birimiz ağ ölümün nə olduğunu bilirik. Cəmiyyətdə ağ ölüm kimi qəbul edilən, əhalinin, daha doğrusu, gənc nəslin bir qismində sonsuz maraq doğuran, aludəçilik yaradan, müalicəsi olduqca çətin və uzun müddət tələb edən asılılıq.
“Narkomaniya” yunan sözü olub “narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Narkotikdən asılılıq ağır xəstəliyə – narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına ciddi ziyan vurur, fiziki baxımdan tükəndirir, bədənin çəkisini sürətlə azaldır, bir sözlə, insanda sonsuz problemlər yaradır. Ümumiyyətlə, bu gün narkomaniya ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən birinə çevrilmişdir. Bütün dünyada bununla bağlı mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmağa dəvam edir. Haqqında saysız hesabsız filmlər çəkilir, video çarxlar hazırlanır, yazılar, kitablar yazılır, ancaq hələ də narkotik istifadəçilərinin sayı azalmayıb.
Hazırda dünyada iki milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Narkotik maddələrin gənc nəsillər arasında daha tez yayılması təhlükəsi olduğundan dünyanın bir çox yerlərində, ən çox təhsil olacaqlarında, məktəblərdə, gənclərin çox olduğu digər yerlərdə “Narkotiksiz gələcək” başlığı altında proqramlar hazırlanır. Heç bir gənc deyə bilməz ki, mənə məktəb dərslərində narkomaniyayla bağlı heç bir məlumat verilməyib. 12 illik məktəb həyatımda, demək olar ki, hər ilin dərsliyində zərərli vərdişlər, narkomaniya, aludəçiliklə bağlı dərslərlə qarşılaşmışam. QİÇS haqqında soruşanda müəllim dəhşətli, müalicəsi çətin bir xəstəlik növü olduğunu, narkomanlar içərisində ən geniş yayılmış xəstəlik olduğunu demişdi.
Narkomaniya bəlası digər ölkələrdə olduğu kimi Gürcüstanda da var. Ölkəmizdə istifadəsi qadağan olunmayıb, ancaq alışı-satışı və əkib-becərilməsi qadağan edilib. Buna baxmayaraq, yabanı halda bitən narkotik tərkibli bitkilər ölkənin bəzi bölgələrində var.
Alışı və satışının qadağan olunması bəzi insanlara təsir etmir, etsəydi hər gün, hər açılan səhər narkomaniyayla bağlı xəbər almazdıq. Aparılan müayinələrdə min nəfərdən səkkiz yüzündə bu diaqnoz qoyulmazdı. Artıq dəfələrlə öz yaxın çevrəmizdə ölən insanların o bəladan öldüyünü eşitmişəm. Hətta bir dəfə dərsə gedərkən cəsədin başına toplaşan insanları görmüşdük. Çox istifadədən artıq orqanizm götürməyib adama son nəfəsini verdirmişdi.
Bu günlərdə eyni bəla yenə bir canı aldı. Hələ öz həyatının ilk addımlarını atan bir gənc dostlarının sözüylə, bir anlıq həvəslə o həzzi yaşamaq üçün öz canına qıydı. Hər kəs burada heç nə olmadığını, kiçik şəhər olduğunu deyir, kimsə inanmır ki, yaşadığımız həmin bu kiçik şəhərdə də narkotik istifadə edənlər çoxdur. Bu bəlanın aludəçisi olduqlarını övladlarına qondurmayan, həyat yoldaşlarına yaraşdırmayan qadınlarımız, analarımız var ki, indi o analardan biri övladını yox, onun şəklini qucaqlayır.
Maddə aludəçiliyi doğrudan da əsrin bəlasına çevrilib. Narkomaniya milyonlarla insanın həyatına son qoyan dəhşətli müharibədir. Bundan istifadə edənlər də bu müharibənin əsir düşənləridir. Niyə axı, bir insan göz görə-görə öz həyatını sonsuz bir qəfəsə həbs etsin, ani bir həzz üçün öz azadlığını, öz canını qurban versin...
Həyat çox gözəldir, özünüzə qıymayın, həyatınızı bir anlıq həvəs üçün soldurmayın.
Müəllif: Aytən Fətullayeva