Ailə insanın dünyaya göz açdığı yerdir. İnsan sevgini, mərhəməti, güvəni, insan münasibətlərini, qısası hər şeyi ilk ailədə öyrənir. Uşaq üçün ailə sadəcə bir damın altında yaşamaqdan ibarət deyil. Özünü təhlükəsiz hiss etdiyi, sevildiyini bildiyi, qorxularını gizlətmədən ifadə edə bildiyi bir sığınacaqdır. Lakin təəssüf ki, hər ev uşağa ailə istiliyini, hər valideyn də övladına sevginin nə olduğunu yaşada bilmir. Bəzən dörd divar arasında yaşayan insanlar bir-birinə o qədər uzaq olurlar ki, o evə sevgi deyil, yalnız məcburi yaşayış hakim olur.
Sevgisiz bir ailədə böyümək uşağın həyatında ilk başda görünməyən, lakin uzun illər sonra özünü hiss etdirən dərin yaralar açır. Çünki uşaqlıqda yaşanan hər hadisə insanın yaddaşında sadəcə bir xatirə kimi qalmır. Onun gələcək münasibətlərinə, hətta dünyanı necə qavramasına da təsir göstərir. Valideynindən sevgi görməyən uşaq özünü sevilməyə layiq olmayan biri kimi təsəvvür edir. Ona göstərilməyən diqqətin səbəbini daima özündə axtarır, ən xırda şeydə özünü günahlandırır. Valideynlərinin sevgisini qazanmaq üçün daha az danışmağa, istəklərindən imtina etməyə başlayır. Hələ valideynlərinin diqqətini çəkə bilmək üçün yanlış yolu seçənlər də az deyil. Halbuki heç bir uşaq valideyn sevgisini qazanmaq üçün özünü dəyişdirməyə məcbur olmamalıdır.
Bəzi ailələrdə valideynlər övladlarının maddi ehtiyaclarını qarşılamaqla valideynlik borcunu yerinə yetirdiklərini düşünürlər. Onların geyim, yemək, təhsil xərcləri ödənir, amma mənəvi ehtiyacları bir qıraqda qalır. Uşağın nə hiss etdiyi, nədən qorxduğu, hansı hadisədən incidiyi, nəyə görə susduğu heç kimin marağına səbəb olmur. Belə ailələrdə uşaqların özünün otağı, çoxlu oyuncaqları, hər cür məktəb ləvazimatı ola bilər. Amma yanında dərdini danışıb ürəyindən keçənləri rahatca paylaşmağa bir nəfər tapmır, çünki sevgisiz ailədə böyüyən uşaqlar kiməsə etibar edib dost olmaqda çətinlik çəkirlər.
Unutmaq olmaz ki, bir uşağın qarnını doyurub, əynini geyindirmək onun sağlam böyüməyinə bəs etmir. Uşağın sevgiyə, qayğıya, diqqətə, başa düşülməyə də ehtiyacı var. Bəzən valideynin övladına ayırdığı on dəqiqəlik səmimi söhbət hər şeyə dəyir. Hətta bahalı bir hədiyyədən daha qiymətli olur. Çünki uşaq böyüyəndə hər şeyi unutsa da, özünü dəyərsiz hiss etdiyi anları əsla unutmur.
Ailədə sevgisizliyin başqa bir forması və təəssüf ki, ən çirkini övladlar arasında ayrı-seçkilikdir. Bəzi valideynlər bir uşağa daha çox diqqət göstərir, digərini isə daha çox görməzdən gəlirlər. Onu daim bacı-qardaşı ilə müqayisə edirlər. Birinin dərsindəki xırda bir uğuru böyük sevinclə qarşılanarkən, digərinin zəhməti adi bir hadisə kimi qiymətləndirilir. Bu münasibət uşaqlar arasında qısqanclıq və inciklik yaradır. Ən ağrılı tərəfi isə odur ki, eyni valideynlərin övladları bir evdə böyüsələr də, fərqli uşaqlıqlar yaşayırlar.
Belə mühitdə böyüyən uşaq zamanla valideyninə qarşı sevgidən çox, inciklik hiss edir. O, diqqət görən bacı-qardaşına qarşı içdən-içə nifrət bəsləyir. Əslində, onun mübarizəsi bacı-qardaşı ilə deyil, valideynlərinin sevgisində özünə yer tapa bilməməsi ilə bağlıdır. Bu zaman da uşağa bunu izah edib onun hisslərini başa düşmək əvəzinə, çox vaxt qısqanc və nankor adını verirlər.
Digər tərəfdən, ailədaxili münaqişələr, davamlı mübahisələr, təhqirlər və alçaldıcı ifadələr də uşağın psixoloji dünyasında dərin izlər buraxır. Valideynlər bəzən öz aralarındakı problemləri uşaqların yanında müzakirə edir, onları tərəf seçməyə məcbur edirlər. Halbuki uşaq heç bir valideynin münaqişəsində hakim olmaq məcburiyyətində deyil. O, sadəcə ana və atasının sevgisinə ehtiyacı olan bir varlıqdır.
Valideyn olmaq yalnız dünyaya övlad gətirmək deyil. Onun hisslərinə sahib çıxmaq, qorxularını dinləmək, səhv edəndə doğrusunu izah etmək, uğurlarını qiymətləndirmək və ən əsası, ona şərtsiz sevildiyini hiss etdirməkdir. Uşaq bilməlidir ki, səhv etdikdə də sevilir, uğursuz olduqda da dəyərlidir, ağladıqda da zəif hesab edilmir. Çünki valideyn sevgisi uşağın davranışına görə verilən ən gözəl mükafatdır.
İllər keçir, uşaqlar böyüyür və öz ailələrini qururlar. Daha sonra valideynlərinin evindən ayrılsalar da, o evdə yaşadıqları hisslər onların daxilində uzun müddət yaşayır. Bir vaxtlar anasının qucağında təsəlli tapa bilməyən uşaq böyüyəndə belə, çətin bir anında kiməsə sığınmaqda çətinlik çəkir.
Uşaq vaxtı atasının diqqətini gözləyib görməyən qız, illər sonra özünü kiməsə sübut etməyə çalışır. Eşitmədiyi bir xoş sözün həsrətini bəzən bütün ömrü boyu ürəyində daşıyar. Xoş söz eşitmək üçün, ailədə görmədiyi sevgi və qayğını görmək üçün də səhv edir, adətən yanlış adamları seçir. Halbuki qız uşaqları kişi sevgisini ilk atalarından görməlidirlər. O zaman qızlar daha güclü olur və aldanmırlar.
Valideynlər unutmamalıdırlar ki, övladları bir gün böyüyüb öz yollarını seçəndən sonra illərlə yaşadıqları evə bir də əvvəlki həvəslə qayıtmayacaqlar. Buna görə onları günahlandırıb vicdansız adlandırmazdan qabaq, həmin evdə nə yaşadıqlarını, nə qədər sevgi və dəyər gördüklərini düşünməlidirlər.
Ev insanı yalnız divarları ilə qorumur. Onu isti edən içindəki münasibətlər, səslənən xoş sözlər və çətin gündə uzadılan əllərdir.
Ən böyük faciə bir uşağın valideynsiz böyüməsi deyil, valideynləri yanında olduğu halda sevgisiz böyüməsidir.
Afaq Azər