Hələ məktəbə yeni qədəm qoyduğum illərdə, uşaqlığın saf hissləri başımda dolanarkən, zənn edirdim ki, müəllimlər bizim kimi ətdən-qandan olan insanlar deyillər. Çünki onlar axı hər şeyi bilirdilər. Bu qədər biliyi öyrənmək, bu qədər məlumatı yadda saxlamaq mənə asan iş kimi görünmürdü. Uşaq ağlımla müəllimi sanki başqa bir dünyanın insanı hesab edirdim.

 

O illərdə gözümdə parlayan ən böyük zirvə müəllimlik zirvəsi idi.

 

Böyük həvəslə oxumağı, yazmağı, qələm tutmağı öyrəndim. O zaman nə bilərdim ki, qılıncdan kəskin qələmi tutmağın da öz yaraları var. Nə bilərdim ki, müəllim olmaq sadəcə dərs danışmaq, lövhə qarşısında dayanmaq, suallara cavab vermək deyil. Bu peşənin öz yükü, məsuliyyəti, yorğunluğu, sevinci, bəzən də insanın içində iz buraxan yaraları var.

 

Peşəmi seçdim. Yolumda yıxıla-qalxa davam edirəm. Ümid edirəm ki, gələcək şagirdlərim də bir gün mənim öz müəllimlərimə bəslədiyim sevgini və hörməti öz müəllimlərinə bəsləyərlər. Çünki müəllim olmaq sadəcə şagirdlərə bilik ötürməkdən ibarət deyil, müəllim olmaq şagirdinin həyatına, gələcəyinə işıq olmaqdır. Yolunu itirəndə “mənə müəllimim bir yol göstərər” deyib ona qaçmaqdır.

 

Sözü çox uzatmadan keçək əsas məsələyə.

 

Çoxunuzun da bildiyi kimi, iyul ayında hər il keçirilən müəllimlərin imtahanı baş tutdu. Mən bu imtahana xüsusi bir iddia ilə deyil, sadəcə maraq üçün, özümü sınamaq və həmin ab-havanı hiss etmək məqsədilə daxil oldum. Bu, mənim üçün tamamilə fərqli bir təcrübə idi. İlk dəfə idi ki, müəllimlərin də universitet tələbələri kimi əllərində dəftər, üzlərində həyəcan imtahan binasının qarşısında stress və dua ilə imtahana girməyə hazırlaşdıqlarının şahidi olurdum.

 

Əslində, insanın peşəsi, nə olursa olsun, imtahan qarşısında hamımız eyniyik. Hər kəsin içində bir həyəcan, bir narahatlıq, bir “görəsən necə olacaq” sualı var.

 

Həmin gün ətrafıma baxdıqca çox maraqlı mənzərələrin şahidi olurdum. Tanıdığım bəzi müəllimlərim də orada idi. Vaxt var idi, məktəbin dəhlizində onları görəndə yolumu dəyişərdim. Həmin gün isə tamam başqa duyğularla salamlaşıb, uğurlar arzuladıq bir-birimizə.

 

Keçək imtahan prosesinə.

 

Yaxşı xatırlayıram. Hələ o qədər də çox vaxt keçməyib. 2023-cü ilin iyul ayını, demək olar ki, imtahan mərkəzində keçirmişdim. Bu imtahanda da eyni qayda-qanunların tətbiq olunduğunu bilirdim. İlk dəfə imtahana qatılan müəllimlərin həyəcanını başa düşmək mümkündür. İnsan ilk dəfə belə bir mühitə daxil olanda təbii olaraq stress keçirir. Amma bir məsələ var idi ki, onu başa düşmək mənim üçün bir qədər çətin oldu – müəllimlərin, əsasən də yaşlı müəllimlərin bir-birinə ötürdüyü negativ enerji. Kimisinin təzyiqi qalxdı, kimisinin şəkəri oynadı, hətta bəzilərinə təcili yardım gəldi.

 

İmtahan otağında onların yaratdığı gərginlik, narahatlıq və həyəcan ətrafdakı insanlara da keçirdi. Sanki hamı öz stressini yanındakına ötürürdü. Halbuki müəllim dediyimiz insanın ən böyük xüsusiyyətlərindən biri də özünü idarə edə bilmək, çətin anlarda sakitliyini qorumaq deyilmi?

 

Bu məqamda imtahan qorxusunun nə qədər böyük olduğunu göstərmək üçün xalq arasında danışılan bir lətifəni xatırlatmaq yerinə düşər.

 

Deyilənə görə, bir gün əsgər qan-tər içində, böyük bir təşvişlə Napoleonun çadırına qaçaraq gəlir və qışqırır:

 

– İmperatorum, imperatorum! Hər şey bitdi, üstümüzə minlərlə nəfərlik düşmən ordusu gəlir!

 

Bu zaman Napoleon soyuqqanlıqla əlini ürəyinə qoyub dərindən nəfəs alır və deyir:

 

– Uf, mən də elə bildim imtahan-zad var.

 

Əlbəttə, bu, sadəcə lətifədir. Amma içində maraqlı bir həqiqət var. Bəzən imtahanın özü insanın gözündə qarşısındakı ən böyük təhlükədən belə qorxulu görünür. Həmin gün imtahan binasının qarşısında gördüyüm mənzərə də bir qədər bunu xatırladırdı. İllərlə şagirdlərinə: “Sakit olun, həyəcanlanmayın” – deyən müəllimlər bu dəfə özləri eyni həyəcanı yaşayırdılar.

 

Etiraf edim, ilk dəfə idi ki, özümdən təxminən 40 yaş böyük bir müəllimə imtahan zamanı “şparqalka” verməli vəziyyətində qalmışdım. O an dərk etdim ki, insan neçə il müəllim işləsə də, neçə şagird yetişdirsə də, imtahan qarşısında yenə şagirdə və ya tələbəyə çevrilə bilir. Hətta həmin imtahanda “kurator” deyilən nəzarətçi az qala qapını örtüb çıxacaqdı... Biçarə qız qaydaları başa saldı, sonra tərcümə etməyimi xahiş etdi, ancaq buna rəğmən yenə də qaydaları pozdular.

 

Bəlkə də bu hadisə kənardan gülməli görünə bilər. Amma mənim üçün həmin gün orada olmağımın əsas səbəbi imtahan deyildi. Mən orada müəllimlik haqqında uşaqlıqdan formalaşan təsəvvürlərimlə bu gün gördüyüm reallıq arasında müqayisə apardım.

 

Uşaqlıqda müəllimlər mənə hər şeyi bilən, səhv etməyən, daim güclü görünən insanlar kimi gəlirdi. Böyüdükcə isə başa düşdüm ki, müəllim də insandır. Onun da həyəcanı var, qorxusu var, yorğunluğu var, bəzən özünə inamsızlığı da ola bilər. Amma bütün bunlara baxmayaraq, müəllim yenə də müəllimdir. Çünki onun qarşısında hər gün ona inanan şagirdlər dayanır. Mən hələ də müəllimlik zirvəsinə uşaqlıqda baxdığım gözlə baxıram. Sadəcə, indi o zirvənin yolunun nə qədər çətin olduğunu daha yaxşı anlayıram. Qələm tutmağı öyrəndiyim o illərdən bu günə qədər çox şey dəyişib. Amma bir şey dəyişməyib – müəllim zirvəsinə olan sevgim.

 

İndi isə həmin zirvəyə doğru addımlayıram. Yıxıla-qalxa, səhv edə-edə, öyrənə-öyrənə... Bəlkə də həmin gün mənim üçün ən böyük nəticə imtahandan neçə bal toplamaq deyildi. Mən sadəcə bir daha başa düşdüm ki, illər keçsə də, insan öyrənməkdən, həyəcanlanmaqdan və səhv etməkdən azad olmur. Müəllim də bütün bunları yaşayır.

 

Uşaqlıqda müəllimlərə baxanda onların yalnız güclü tərəflərini görürdüm. İndi isə başa düşürəm ki, o gücün arxasında neçə illik zəhmət, yorğunluq, həyəcan və məsuliyyət dayanır. Bəlkə də müəllimlik zirvəsinin ən gözəl tərəfi elə budur. O zirvəyə çatdığını düşünmürsən. Hər gün bir az da yaxınlaşırsan, hər gün nəsə öyrənirsən, bəzən yıxılırsan, sonra yenidən qalxırsan.

 

Mən hələ yolun başlanğıcındayam. Qarşıda məni neçə imtahanın, neçə çətinliyin gözlədiyini bilmirəm. Amma uşaqlıqda gözümə böyük görünən o müəllimlik zirvəsinə doğru indi özüm addımlayıram. Və istəyirəm ki, illər sonra hansısa şagirdim mənə baxıb eyni hissi yaşasın. O zaman anlayacağam ki, bu yolda atdığım bütün addımlara dəyib.

 

Aytən Fətullayeva