Bu gün istər cəmiyyətdə, istərsə də sosial mediada “mən azad olmaq istəyirəm” sözünü o qədər çox eşidirik ki, bəzən onun əsl mənasını düşünməyi də unuduruq. Xüsusilə ailə məsələsində bəzi insanlar azadlığı məsuliyyətdən uzaq olmaq, istədiyi vaxt istədiyi yerə getmək və öz qazandığı pulu istədiyi kimi xərcləmək kimi başa düşür.

 

Bəzi gənc qadınlarımız düşünürlər: “Niyə mən ərimə qulluq etməliyəm? Niyə ev işi görməli, uşağa baxmalı, qayınanamla birlikdə yaşamalıyam? Gedərəm, işləyərəm, öz pulumu qazanaram, öz əlim-öz başım olar və azad yaşaram”.

 

Amma burada bir sual meydana çıxır: Bu həqiqətən azadlıqdırmı?

 

Evdə ərinin bir sözünü ağır qəbul edən, uşağının qayğısını “yük” hesab edən insan gedib başqasının mağazasında işləyəndə azadmı olur? Deyək ki, gedib işlədi, bəs bu zaman nə baş verir? Səhər işə vaxtında getməli, müdirin tapşırıqlarını yerinə yetirməli, bəzən töhmət eşitməli, müştərinin kaprizinə dözməli, yorulsa belə işləməlidir. Evdə öz ailəsinin rahatlığı üçün gördüyü işi ağır sayan insan, başqasının iş yerində eyni və bəzən daha ağır işi görərkən buna “azadlıq” adı verir. Ayın sonunda əlinə keçən bir neçə yüz manat insanı azad etmir. Pul qazanmaq azadlıqla eyni şey deyil. Əgər insan qazandığı pula görə bütün gün başqasının əmrində işləyirsə, burada sadəcə bir məsuliyyətin yerini başqa bir məsuliyyət tutmuş olur.

 

Əlbəttə, qadının işləməsi pis deyil. Əksinə, işləmək, peşə sahibi olmaq və ailəyə maddi dəstək vermək çox dəyərli ola bilər. Məsələ işdə deyil. Məsələ ailəni ayaqbağı, övladı yük, həyat yoldaşına xidmət etməyi nökərçilik kimi görməkdədir.

 

Bəzən insan başqalarının həyatına baxıb öz ailəsini kiçik görür. Rəfiqəsi, qonşusu və ya hər hansı bir tanışı gəzir, səyahət edir, pul xərcləyir və o, düşünür: “Mən də belə yaşamalıyam”. Halbuki gördüyümüz yalnız həyatın görünən tərəfidir. Başqasının bir günlük rahatlığına baxıb öz həyatımız haqqında ömürlük qərar vermək böyük məsuliyyətsizlikdir.

 

Ailə də əsarət deyil. Əgər ər-arvad bir-birinə hörmət edir, anlayış göstərirsə və ailədə sevgi varsa, qadın həm ailəsinin qayğısına qala, həm gəzə, istirahət edə, həm də özünə vaxt ayıra bilər. Həyat yoldaşı onu gəzdirə, ehtiyaclarını qarşılayıb özünə xərcləməsi üçün pul da verə bilər.

 

Ona görə də ailə haqqında ciddi qərar verməzdən əvvəl başqalarının sözünə yox, həyatın öz həqiqətlərinə baxmaq lazımdır.

 

Azadlıq evdən çıxıb başqasının qapısında işləmək deyil. Azadlıq ailənin içində öz dəyərini qoruyaraq, məsuliyyətini sevə-sevə daşıya bilməkdir.

 

Bəzən insan azadlıq axtararkən əlində olan ən böyük neməti – ailəsini itirə bilər. Sonra isə qazandığı bir neçə manatın ona itirdiyi rahatlığı, sevgini və ailə istiliyini qaytara bilmədiyini anlayar.

 

Hacı Bəkiroğlu