SOSİUM

12. QIRMIZIYANAQ UŞAQLARIN HEKAYƏTİ

 

Niderlandda qarışıq ailələr çox olduğu kimi, bu ailələrdə boşanma halları da çoxdur. Holland qadınla və ya kişi ilə ailə quran qeyri-hollandlar arasında boşanmanın səviyyəsinin yüksək olmasını adi müşahidə ilə də müəyyən etmək olar. Dil, din, mədəniyyət, mentalitet fərqlərini aradan qaldıra bilməyən, bu mövzularda bir-birinə güzəştə gedə bilməyən bu cür cütlüklərin müəyyən vaxtdan sonra boşanması, evliliklərinin bir ömür davam edə bilməməsi təbii görünür. Atası türk, anası holland olan xeyli uşaq, gənc, yaşlı insanla söhbətlərim zamanı mən bunu dəfələrlə gördüm. Valideynləri boşanmış bu uşaqlar valideynlərindən birinin yanında qalmağı seçməyə məcbur olurlar. Qarışıq ailələrdə dünyaya gələn, əksər zaman valideynləri ayrılan bu insanların kim olduğunu, hansı etnosun daşıyıcısı olduğunu müəyyənləşdirmək çətin olur. Daha çox holland dilində danışmağa üstünlük verən, holland olmayan atasının və ya anasının dilini, mədəniyyətini alayarımçıq bilən bu insanların özlərini ifadə edərkən, necə çətinlik çəkdiklərini söyləmək belə çətindir. Bu uşaqlar belə demək mümkünsə “Vəli aşından da olurlar, Əli aşından da”. Sadaladığım bütün bu hallar sonradan “Hollandiyanın... bir də qadınına güvənmə” kimi özünə haqq qazandırma, özünü təmizə çıxarma üçün uydurulumuş bir deyimin ortaya çıxmasına nədən olmuşdur.

 

Qarışıq ailələrin yaranması bəzən məqsədli şəkildə baş verir. Niderlanddan oturma izini, vətəndaşlıq almaq istəyən əcnəbilər bu yola baş vururlar. Müsəlman gənclərin holland qızlarla izdivacı çox vaxt bu məqsədə xidmət edir. Postsovet məkanından Niderlanda təşrif buyuran rusdilli xanımların holland kişilərlə ailə qurmasının kökündə də əsasən bu məqsəd gizlənir. Elə holland qızları ilə ailə quran kişilər da çox zaman bu məqsəd üçün çalışırlar. Məqsədinə çatan əcnəbilər, həyatda olmalarına rəğmən ortada valideyn qayğısından, nəvazişindən məhrum etdikləri bir neçə körpə buraxaraq, bir neçə ildən sonra adətən boşanırlar. Bu evliliklər çox vaxt başa varmadan yarımçıq bitir. Vaxtından əvvəl ömrünü başa vuran bu evliliklərdən nişanə qalan uşaqlara dövlətin yardımı nə qədər yüksək olsa da, onları qarşıda bir ömür boyu fərəhsiz, natamam bir həyat gözləyəcəyini qeyd etmədən keçməyim.

 

Həyat haqqında ən xırda detallarına qədər biliklərə yiyələnmiş bir avropalı uşaq artıq nəyin yaxşı, nəyin pis olmasına özü qərar verir. Kiçik yaşlarından ona hansı hüquqların, hansı azadlıqların verildiyini, bu hüquq və azadlıqların ölçüsünü bilən, özünün ailə, cəmiyyət, dövlət qarşısında hansı öhdəlikləri yerinə yetirməli olduğunu anlayan yeniyetmə, insan kimi öz fərdi məsuliyyətini də dərk etmiş olur.

 

Avropada hər şeyin çox baha olduğunu söyləməyə bəlkə heç ehtiyac da yoxdur. Nədən ki, bunu bilməyən insanımıza rast gələcəyimiz ehtimal da olunmur. Bahalıq təbii qaz, elektrik, ev kirayəsi və digər kommunal xərclərdə daha qabarıq görünür. Niderlandda isə bu bahalıq özünü daha aydın hiss etdirir. Məsələn, qonşu Almaniyadan fərqli olaraq Niderlandda ev kirayəsi az qala iki dəfə bahadır. Bu üzdən də uşaqlar burada daha erkən, 13-14 yaşlarından çalışmağa başlayırlar. Elə bu faktın özü göstərir ki, Avropada həyat heç də bizim düşündüyümüz kimi asan deyil. Çoxlarımızın güman etdiyi kimi, Avropada yel əsib, qoz tökülməyib. Həyatını qazanmaq üçün sənin daha erkən çalışmağa başlaman, uşaqlığınla daha tez vidalaşman tələb olunur.

 

Bir örnək verim. Rotterdamın Lombardiyan məhəlləsində, Feyonord stadionunun yaxınlığında nohurdan velosiped çıxarmaq istəyən və buna gücü çatmayan 14-15 yaşlı holland uşağın inadkarlığına heyran qaldım. Qarmaqlı uzun kəndirlə nə vaxtsa suya düşmüş, sahibinin çıxara bilmədiyi, artıq yararsız halda olan velosiped yalnız metal qırıntısı kimi istifadəyə yaraya bilərdi. Sözarası deyim ki, burada müəyyən səbəblərdən nohura, kanala düşən və çıxarılmayan velosipedlər çoxdur. Mənim qəhrəmanımın həmin velosipedi nohurdan çıxarıb 3-5 avro qazanmaq məqsədi aydın idi. Görünür, o, bu işlə çoxdan məşğul olurmuş. Nədən belə düşündüyümü də deyim. Uşaq velosipedi çıxarmaq üçün hazırlıqlı gəlmişdi və velosipedi harada axtarmağı da yaxşı bilirdi. Uzun sözün kəsəsi, mən uşağa yardım etməli oldum, birlikdə artıq metal qırıntısına çevrilmiş velosipedi çıxara bildik və uşağın üzündəki sevinc təbəssümünü görmək çox xoş idi.

 

Nəfəsimizi dərmək üçün bir qədər mövzunun səmtini dəyişək. Uşaqların həyata hazırlanmasında mühüm önəm daşıyan məktəblər barədə danışaq. Niderland məktəbləri uşaqların yaşına görə fəaliyyət göstərir. Məsələn, ibtidai məktəblə yuxarı sinif şagirdlərinin oxuduğu məktəblər bir-birindən ayrı, heç bir əlaqəsi olmadan mövcuddur. Yəni bizdən fərqli olaraq, burada bütün uşaqlar eyni damın altına doldurulmurlar. Belə məktəblərin idarəçiliyi, hər şeyin nəzarətdə saxlanması da asan olmalıdır. Səs-küyü, şagird kontingenti az, pedaqoji kollektivi məhdud sayda. Bununla kiçik yaşlılar yuxarı sinif şagirdlərinin təzyiqindən qorunur, bir qədər kobud desək, onların ayaqları altında qalmaları əngəllənir. Hər bir məktəbin həyətində şagirdlərin velosipedlərini saxlamaları üçün üstüörtülü xüsusi dayanacaqlar quraşdırılır. Bəzi məktəblərdə isə belə dayanacaqlar birbaşa məktəb binasının içərisində yaradılır.

 

Söz məktəbdən düşmüşkən, qeyd edək ki, Niderlandda müəllimlərin aylıq əmək haqqı təxminən 3500 avrodur. İbtidai məktəblərdə yenicə işə başlayan pedaqoq 2100 avro maaşla işə başlayır, müəyyən təcrübə, peşəkarlıq qazanmaqla bu məbləğ ildən ilə artır. İbtidai sinif müəllimləri maaşlarının aşağı olmasından narazıdırlar və bu narazılıqlarını hökumətə bildirmək üçün etiraz aksiyalarına belə əl atırlar. Məsələn, 2019-cu ilin noyabrında dörd min müəllimin iştirakı ilə belə bir aksiya düzənlənmişdir. Ölkə üzrə istər ibtidai, istər orta, istər də ali məktəblərdə müəllim çatışmazlığı hiss olunur. Müəllim defisiti hər il daha kəskin şəkildə hiss edilməkdədir.

 

Niderland uşaqları ilkin peşə vərdişlərinə məktəb partasından alışırlar. Məktəbdə keçirilən sınaqlar nəticəsində uşağın bilik və bacarığı, həvəsi, qabiliyyəti, fərdi marağı müəyyənləşdirilərək, həmin sahəyə də yönləndirilir. Bu uşaqlar artıq müəyyən yaşdan sonra həftənin bir gününü özlərinin seçdikləri müəssisələrdə keçirməli olurlar. Yalnız bundan sonra onlar ölkənin əmək məcəlləsində nəzərdə tutulan və yaşlarına uyğun olan müddətdə işləyib pul qazanmağa başlayırlar. Marketlərdə, restoranlarda, digər iaşə obyektlərində onlar ilk əmək vərdişlərinə yiyələnməklə qalmır, həm də öz şəxsi büdcələrini formalaşdırırlar. Kafe və restoranların aldıqları sifarişlərin ünvanına çatdırılmasında əsasən uşaq və yeniyetmələrin xidmətindən istifadə olunur. Kafe və restoranların qarşısında sıralanmış, üzərində xüsusi daşıma qutuları quraşdırılan velosiped və motosikletlərin sürücüsü adətən belə uşaqlardır. “KFC”, “Dominos” kimi kafe-restoranların qarşısında sıralanan velosipedlərin, motosikletlərin ətrafında əyninə müəssisənin fərqləndirici paltarını geymiş çox sayda yeniyətməyə rast gəlmək mümkündür.

 

Ölkədə maraqlı bir ənənənin mövcudluğunu da qeyd edim. Təhsilini başa vuran məktəb məzunlarının, elə universitet məzunlarının da evlərinin önündən ölkənin üçrəngli bayrağı və bayrağın ucundan da məzunun çantası asılır. Bu rəmzin nə anlatmaq istədiyinə birmənalı cavab vermək mümkün olmasa da, çanta ilə dövlət bayrağının bir arada görünməsi, vəhdətdə təqdim olunması hər şey anlatmaq üçün yetərli olmalıdır. Görünür məzun bununla ölkə üçün artıq faydalı, tamhüquqlu bir vətəndaş olduğunu, yetkinlik statusu qazandığını ətrafdakılara bildirmək istəyini ifadə edir.

 

Avropa, o sıradan da Niderland haqqında bizim səhv təsəvvürlərimizdən biri də insan artımı, doğumla bağlıdır. Əslində bu bizim sahəmiz deyil. Bu məsələni demoqraflar çözməlidirlər və çözürlər də. Avropa ailələrində də uşaqlar dünyaya gəlir, onların gəlişi də sevinclə qarşılanır. Amma burada doğulan uşaqların sayı azdır. Məsələn, Niderlandda doğum faizi 1,66-dır. Nədən? Bəlkə avropalı xanımlar uşaq dünyaya gətirməyi, onların nazı ilə oynamağı özlərinə rəva bilmirlər? İlk baxışda bunun belə olduğu qənaətinə də gələ bilərik, amma uşaq doğmanı məhdudlaşdıran səbəblər tamam başqadır. Biz adətən bu məhdudlaşdırıcı səbəbləri görə bilmirik. Avropada da çoxuşaqlı ailələr var, amma belə ailələr azdır, barmaqla sayıla biləcək qədərdir. Avropa ailəsi planlı ailədir. Hər bir ailə büdcəsinin neçə uşağı böyüdüb-başa çatdıracağına yetərli olduğunu düşünür və bundan sonra qərar verir. Və büdcənin imkan verdiyi qədər də uşağa sahib olmanı özünə məqbul görür. Avropa ailəsi “hər uşağın qismətini Allah verir” fəlsəfəsindən uzaqdır, bu düşüncənin onun beynində yeri yoxdur. Avropa ailəsi hər bir uşağın dünyaya gəlişinin əlavə məsuliyyət olduğunu dərk edir. Dərk edilən hər şey də gerçəkdir. Avropada həyat səviyyəsi yüksək olsa da, bu gerçəklik heç vaxt unudulmur.

 

Burada uşaqların istənilən təşəbbüsü ailəsi tərəfindən dəstəklənir. Onların idmana, musiqiyə, rəsmə marağı valideynləri tərəfindən həvəsləndirilir və gerçəkləşdirilməsinə şərait yaradılır. Hoogflitdə 10-12 yaşlı qızın səki daşlarını təbaşirlə müxtəlif həndəsi fiqurlardan ibarət kompozisiya ilə boyamasını yanında duran anası ürəkləndirir, onun bu təşəbbüsünün nə qədər gözəl olduğunu hər hərəkəti ilə nümayiş etdirməyə çalışırdı. Ötüb keçənlər də “gözəldir”, “superdir” deyərək, uşağa əlavə stimul verirdilər. Düzünə qalsa, uşaqların asfalt üzərində təbaşirlə rəsm cızmalarına biz tərəflərdə də təsadüf olunur. Bayramdan bayrama cəmiyyətə “görmürsünüzmü biz işləyirik” mesajını ötürmək, saxta işgüzarlığını nümayiş etdirmək üçün beş-altı uşağın ətrafına cəm olmuş xala-bibilərin, əmi-dayıların təşəxxüs satmalarını yəqin ki, müşahidə edənləriniz olub. Bayramın bitməsi ilə unudulan bu tədbir bir də növbəti bayramda yada düşür. İllərdi ki, bu cürdür. Bakıda, Tiflisdə, Rustavidə, hətta Qardabanidə uşaqların sevə-sevə çəkdikləri rəsmlərə mən də baxmışam. Bunu ənənəyə çevirmək olmazmı? Həm uşaqlar öz istedadları üçün meydan qazanarlar, həm də böyüklərin gözü dəyişik nələrsə görər, bir anlıq da olsa bozluqdan canları qurtarar.

 

Demoqrafiyanın qızıl qaydalarından biri də həyat səviyyəsi ilə bağlıdır. Həyat səviyyəsi yüksək olan ölkələrdə doğumun sayında azalma müşahidə edilir. Həyat səviyyəsi aşağı olan ölkələrdə isə yeni doğulanların sayı qabarıq şəkildə hiss olunur. Maddi zənginlik uşaq artımında qabaqlayıcı vasitə kimi görünürsə, kasıblıq bu prosesin qarşısını almaqda acizdir. Maddi zənginlik mənəvi zənginliyin təməlidir. Bu zənginlik uşaq dünyaya gətirməyi düşünən insanların planlı hərəkət etməsinə səbəb olursa, bunun əksi insan artımında kortəbiiliyə gətirib çıxarır. Uşaq artımına ailələrin intelektuallığı da təsir edir. Bu sahədə də səviyyənin yüksəkliyi yüz ölçüb, bir biçməyi nəzərdə tutur. Dünyagörüşü, intelektual səviyyəsi aşağı olanlarda bunlar nəzərə alınmır. Avropada hər dünyaya gələn uşağın maddi və mənəvi tələbatının ödənilməsi önəm daşıyır. O uşağın faydalı bir şəxsiyyət kimi yetişməsi düşünülür. Digər cəmiyyətlərdə isə, bu, xaotik, kortəbii baş verir. “Pis qarpızın çiyidi çox olar”, “pis itin küçüyü çox olar” düşüncəsi burada da özünü təsdiqləyir. “Allah yaratdığı bəndənin ruzisini də verir”, – deyib, uşaq dünyaya gətirmək və onu taleyin ümidinə buraxmaq sadəcə düşüncəsizlikdir. Kasıb ölkələrin çoxuşaqlı ailələrində bir qarnı ac, bir qarnı tox böyüyən uşaqların gələcəyi də bu cür şəkillənir: bir ömür əzab çəkməyə məhkumluq. Arasıkəsilməz, zəncirvari reaksiya kimi bu hal kasıbların alın yazısına çevrilir, atadan oğula miras qalır.

 

Mövzu üzərində düşünməyə dəyər ümidiylə bu bölümə üç nöqtə qoymağın zamanının çatdığını düşünürəm.

 

Afiq MUXTAROĞLU

Niderland