İndi məşhur olmaq, ulduz olub parlamaq, qəhramana çevrilmək çox asandır. Bunun üçün hansısa istedad, bacarıq, zəhmət, fədakarlıq, qoçaqlıq, qaçaqlıq da lazım deyil. Bunun üçün heç öz dilini bilməsən də olar. Əsas odur ki, gürcü dilində bir-iki cümlə qura biləsən, bir-iki mövzuya toxuna biləsən, baxmayaraq ki, mövzu ilə aranda kilometrlərlə məsafə var, toxunmaq bir yana, heç bu məsafədən o mövzunu görə də bilmirsən. Amma sən heç qəm yemə, indi uzaq məsafəni burnunun ucunda göstərən müxtəlif optik cihazlar var, nə qədər istəyirsən zum effektindən istifadə edə bilərsən. Sən təki danış, mövzuya toxun, o bahalı cihazları qapına qədər gətirənlər tapılacaq.

 

Zəmanəmizin qəhrəmanına çevrilmək üçün, sənə gözlərini yorub bu cihazlardan baxmaq da lazım deyil heç, oradan-buradan, ondan-bundan eşitdiklərini danışmağın bəs edir.

 

Məsələn, əlin bir dəfə də olsa kişi əlinə dəyməsə də kamera qarşısında düz oturub əyri danışmaq pozası aldıqdan sonra üzünə ən azı 50-60 yaşlı, həyatın və həyətin bütün çətinkliklərini yaşamış qadın ifadəsi verərək, nifrət qarışıq qəzəbli səs tonu ilə evlənməyin zərərlərindən, boşanmadan, uşaq dünyaya gətirməyin və uşaq böyütməyin çətinliklərindən, qeysəriyyə əməliyyatından, mastopatiyadan, çoxuşaqlı ailələrin problemlərindən, gəlin-qayınana münasibətlərindən, gəlin-baldız davalarından, gəlin və süpürgə söhbətindən, toylarımızda musiqinin səsinin ucalığından, “Vağzalı” sözünü “Atlandırma” ilə əvəz etməyin vacibliyindən, yengənin həyasızlığından, süni mayalanmadan, süni intellektdən və daha nələr-nələr haqqında süni-süni danışmaqla qəhrəman olmaq mümkündür.

 

(Gender balansı üçün yuxarıdakı abzasda “əlin bir dəfə də olsa kişi əlinə dəyməsə də” cümləsindəki “kişi əli”ni “qadın əli” və “üzünə ən azı 50-60 yaşlı, həyatın və həyətin bütün çətinkliklərini yaşamış qadın ifadəsi” cümləsindəki “qadın ifadəsi”ni “kişi ifadəsi” ilə əvəz edərək də oxuyun ki, feminist hüquq müdafiəçilərimizin xətrinə dəyməsin).

 

Bu qədər danışmağa gürcü dili biliyin imkan vermirsə, yenə də qəm yemə, məmə yeyəndən, pəpə deyənə ağızlarında saqqız kimi çeynəyib şirinini sorduqdan sonra tüpürdükləri bir mövzu da var – erkən evlilik. Bu haqda çox danışıb problemin kökünü, özəyini, mənbəyini, nüvəsini-zadı araşdırıb tapmaq, həlli məsələlərini ortaya qoymaq-zad da lazım deyil, erkən evliliyi milli adət-ənənə kimi sənə tərəf bərələn qeyri-milli minlərlə gözə kül kimi üfürsən, sənə tərəf şeşələnən milsiz minlərlə qulağa sırğa etsən yetərlidir. Dönüb avtomatik olursan zəmanəmizin qəhrəmanı. Amma danışanda elə danışmalısan ki, inandırıcı olsun, sənə baxanları, səni dinləyənləri inadırmalısan ki, erkən evlilik yalnız və yalnız bizdədir, bizim milli-mənəvi dəyərsizimizdir, adət-ənənəmizdir. İnandıra bilməsən, yanılıb bunun təkcə bizdə deyil, başqa xalqlarda da rast gəlindiyini desən, o zaman ulduzun parlamayacaq, mükafatsız qalacaqsan.

 

Əgər gürcü dilin televiziyaya, radioya, saytlara və daha haralarasa çıxası abırda deyilsə, yenə də qəm yemə, bunun da çarəsi var, özü də daha asan və daha qısa yolla. Məsələn, şükür Allaha, indi hamı feysbukdan istifadə edir. Feysbukda bircə statusla da qəhrəman olmaq mümkündür. Götürürsən “ağ” prefiksli bütün sözlərdən sonra qara təhqir, qara yaxma, qara söyüş yazırsan, olursan zəmanəmizin qəhrəmanı, ilin adamı, ilin söyüş üzrə dövlət mükafatı laureatı, ən yaxşı təhqirə görə qran-pri sahibi və sair. Az qala ombudsman istefa verib yerinə səni təyin etmək istəyir.

 

Yenə davam etmək olar. Məncə, asan yolla, kəsələməsinə qəhrəman olmaq üçün bu qədər yetər. Qalanı sənin öz vicdanına.

 

Yox, əgər erkən evliliyi milli adət-ənənə kimi sırımaq əvəzinə problemin həlli yollarından söz açsan, günahı milli adət-ənənədə yox, hüquq-mühafizə orqanlarında, qanunun axsaqlığında axtarsan; bütün bunların kökünün məktəbdən tutmuş dövlətə qədər gedib çıxdığını sadədən mürəkkəbə doğru sadalasan; müəllimdən tutmuş deputata qədər erkən evlilik iştirakçısı olduğunu desən; bu problemin təkcə Kvemo Kartlidə deyil, Şida Kartli, Sameqrelo-Zemo Svaneti, Raca Leçxumi və Kvemo Svaneti, İmereti, Quriya, Acara, Samtsxe-Cavaxeti, Mtsxeta-Mtianeti və Kaxetidə də movcüd olduğunu qeyd etsən; və nəhayət bu erkən evlilik söhbətindən iyrəndiyini, boğaza yığıldığını hayqırsan səndən qəhrəman olmayacaq, nə ilin adamı olacaqsan, nə ayın adamı, nə də günün adamı. Özün danışdığını da elə özün eşidəcəksən.

 

Məndən bu qədər, day qalanı sənin öz vicdanına.

Azər MUSAOĞLU