Təmsil ustası kimi yaddaşlarımıza həkk olunmuş rus yazıçısı İvan Krılovun “Durnabalığı və pişik” təmsili belə başlayır:
“Hər sənətkar öz işinə getməlidir, nə gərək,
Çörəkçi çəkmə tiksin, çəkməçi yapsın çörək.”
Şeiri Azərbaycan türkcəsinə böyük Abdulla Şaiq tərcümə edib.
Dilimizdə mənbəyi “Durnabalığı və pişik” şeiri, mənsəbi isə suda balıq ola-ola quruda pişik kimi siçan ovuna çıxmaq həvəsinə düşənlər olan “Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa” ifadəsi də var.
Dilimizdə həmçinin “Çörəyi ver çörəkçiyə, birini də üstəlik” kimi məşhur deyim də mövcuddur.
Hələ 1188-ci ildə Nizami Gəncəvi isə yazırdı:
“Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.”
Bəli, vay o gündən ki, çəkməçi çörək yapa, nə o çörəyin duzu, tamı olar, nə də bərəkəti, hələ irdələsən xəmirin içindən ayaqqabı mıxı, çəkmə qaytanı da çıxar.
Heç fikirləşmisinizmi, niyə bizdə hərə öz bildiyi işlə məşğul olmur?
Məsələn, niyə məmur şeir yazır, roman yazır? Ümumiyyətlə, niyə hamı şeir yazır?..
Niyə müəllim alver edir?
Müəllim demiş, niyə məktəblərdə fransız dili müəllimləri ingilis dili tədris edir?
Niyə biznesmen deputat olur?
(Ümumiyyətlə, bizdə biznesmen kim istəsə, nə istəsə ola bilir, məsələn, yuxarıda da qeyd etdiyim kimi, deputatdan tutmuş siyasi partiya rəhbərinə, qəzet, jurnal redaktoruna qədər...)
Niyə idmançı nazir olur, icra başçısı olur?
Niyə falçı mollalıq edir və ya niyə molla falçılıq edir?
Niyə həyatında yeganə apardığı cərrahiyyə əməliyyatı həyətində ayağına batmış qamqalağı paltar iynəsi ilə çıxarmaq olanlar cərrahlıq edir?
Niyə həkim xarici dil öyrədir və ya xarici dil mütəxəssisi bankda işləyir?
Niyə orta məktəbi tam (heç natamam da) bitirməyən ali məktəb açır, özü də rektordan, direktordan-zaddan olur.
Niyə hamı beynəlxalq əlaqələr fakütləsində təhsil alır?
Niyə əli bir dəfə də olsun kişi əlinə dəyməyən qızlar boşanmadan, uşaq böyütməkdən gileylənir?
Niyə vəzifələrə diletantlar təyin edilir?
Niyə kimin özündə nəyi çatışmır başqalarına da ondan “dərs” keçir?
Niyə dəvə dəlləklik edir?
Dəvə demiş, niyə dəvənin qanadları yoxdur?
Bu suallar ritorik olsa da düşünməyə dəyər məncə.
Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa. Vay o gündən...
Dilimizdə “vay” nida kimi qorxu, həyəcan, təəssüf, kədər, ağrı bildirir; isim kimi yas, ölü yeri, müsibət, bədbəxtlik mənasında işlədilir.
Vay o gündən... yəni o gün artıq bu gündü – çörəkçinin çəkmə tikməyə, çəkməçinin çörək yapmağa cəhd etdiyi, həvəsləndiyi gün. Bu, bizim qiyamət günümüzdür bəlkə də.
Hərə öz bildiyi, bacardığı işlə məşğul olmalıdır, istədiyi, arzuladığı, təyin olunduğu işlə deyil. Gedin öz işinizlə məşğul olun, cənab çörəkçilər, çəkməçilər! Başımızda dəlləklik etməyin. Axı Allah bilir dəvəyə niyə qanad verməyib.
Azər MUSAOĞLU