Uşaq ikən böyüməyə can atarıq, nə vaxt məktəb bitəcək, nə vaxt biz də böyüyəcəyik deyə tələsərik. 18 yaş müstəqil həyatın başladığı, yeni həyata atılan ilk addım deməkdir – həyatımızda nə edəcəyimizə qərar verməkdə sərbəst olduğumuzu hiss etdiyimiz an, həyatımızla bağlı qərarlar verib, qarşımıza məqsədlər qoymalı olduğumuz vaxt...
Özümüzə həyatımızda nəyi dəyişdirmək, ətrafını dəyişdirmək, kimlərdən uzaqlaşmaq və ya kimlərlə nə üçün əlaqədə olduğumuz barədə suallar verməliyik. Ən əsas sual isə həyat və ondan nə gözlədiyimizlə bağlı olmalıdır.
Birdən-birə insana gələn o ilham ki var: “Hə, qurtardı, sabahdan atıram tənbəlliyin daşını, başlayıram idmana”, “Bu gün də yeyim, mütləq bazar ertəsindən otururam dietaya”, “Sabah filan işimi həll edəcəm”, “Bu gün də telefona doyunca baxım, sabah ciddi şəkildə dərslərlə məşğul olacam”... Hər gün özümüzə bu cür sözlər veririk, amma o “sabah” heç gəlib çatmır. Bir də baxırıq, vaxtında ediləsi olan qalıb bir yanda, iş işdən keçib, artıq gecdir.
Sabahdan etibarən yeni bir həyata başlayacağam deyə özümüzə neçə dəfə demişik. Bunun üçün ilk öncə səbir və inam lazımdır. Ancaq bəzi insanlar üçün səbir və inam bir neçə gün davam edir və sonradan yenidən məyusluq, peşmanlıq, özünə inamsızlıq başlayır. Bir sözlə, həvəs ölür. Düşüncələr mənfi hala keçməyə meyillidirlər. Bunun bir çox səbəbləri var, birincisi “Onsuz da bu günə kimi belə yaşamışam, indən belə də yaşayaram” düşüncəsidir. Konfort zonasından çıxmaq istəmirik. Hər şeyi düşünən beyin hiyləgərlik edib tənbəlliyin daha rahat olduğunu, insanın özünə niyə əziyyət verməli olduğunu deyir sanki.
Həyat bir bataqlıq deyil, davamlı hərəkətdədir. Bir yerdə durmaq, hərəkət etməmək yaşamamaq deməkdir. İnkişaf çətinliklərdən, manelərdən, köhnə münasibətlərə qarşı mübarizə aparmaq yolundan keçir. Bu normaldır. Nail olmaq üçün dözmək, səbir etmək isə mütləqdir. Həyatda əldə etdiyimiz hər bir fikir, bilik, bacarıq bizim üçün yenilikdir. Onu əldə etmək üçün fikrimiz təmiz, əməlimiz yaxşı olmalıdır. Dəyişərkən yaxşılığa doğru dəyişmək lazımdır. Doğrudur, gələcəkdə başımıza gələcəklər haqqında hər şeyi bilməyimiz mümkün deyil. Amma ətrafımızı, dostlarımızı seçmək bizim əlimizdədir.
İnsanlar doğum günündə bir-birinə sağlamlıq, xoşbəxtlik arzulayırlar. Amma bizdə düzgün həyat tərzi, düşüncə və əməl olmazsa, nə bizə arzulananlar bizim ola bilər, nə də kiməsə arzuladığımız reallaşar. Bunlar sözlərdən başqa bir şey olmaz. Ona görə də dəyişin, bu gündən, bu andan yaxşılığa doğru dəyişin, düşüncələrinizi dəyişin. Sağlam həyat tərzi və düzgün düşüncə olarsa həm sağlamlıq, həm də xoşbəxtlik olar. Çalışın düşüncələrinizi təmiz saxlayın, çünki insanı bataqlıqdan çıxarmaq olar, amma bataqlığı insandan çıxarmaq qeyri-mümkündür.
Müəllif: Aytən Fətullayeva