Son zamanlar insanoğlunun sürükləndiyi bir yön var. Bu yönün heç ürəkaçan olmaması bugünkü yazının meydana gəlməsinə səbəb oldu.
Nəyə görə insanoğlu bu qədər əsəbidir? İnsanoğlunun daxili aləmində nəyə görə bu qədər kibir və paxıllıq hissi var?
Demək olar ki, bütün insanlarda var bu duyğular, ancaq bir qismində bu duyğular oyanılması mümkün olmayan bir yuxu içində ikən, bir qismində hər zaman oyaqdır.
Bunun bir çox səbəbləri ola bilər, ancaq başlıca səbəblərdən biri insanın həyatdan gözləntilərinin yüksək olmasıdır. Hər zaman daha çox arzulamasıdır, lazımından çoxunu arzu etmək də bir duyğu problemidir əslində. Yəni ortalama yaşamaq üçün lazım olandan daha çoxunu murad etmək. Arzu olunan əldə edilmədiyi təqdirdə ortaya izlənməsi xoş olmayan səhnələr çıxır – qısqanclıq kimi, əsəb kimi və s. Bu duyğular qədərində olduğu təqdirdə gözəldir. Bu duyğular əslində idarə edildiyi təqdirdə insanı qoruyan duyğulardır, ancaq idarə edilmədikdə artıq xoşa gəlməyən səhnələrə qapı aralamış olur.
Bəs insanoğlu nəyə görə lazımından daha çoxunu arzu etməkdədir? Buna acgözlük də demək olar.
Əgər bir insan yalnız özü ilə, öz ailəsi ilə məşğul olaraq sadəcə özünün olduğu bir mühitin ehtiyaclarını düşünərsə, başını qaldırıb ətrafa baxmadan yaşayarsa, o zaman bu acgözlük meydana gələr. Bir də ki, davamlı daha üst təbəqəli insanları göz önünə alarsa, üst təbəqəli deyərkən gəlir qaynağı daha yüksək, yaşam standartları daha yüksək olanlarla özünü müqayisə etməyə çalışarsa, bax o zaman da yuxarıda bildirdiyimiz acgözlük, daha çox əldə etmək duyğusu meydana çıxar.
Ancaq insan yaşadığı həyatın fani olduğunu, əldə olunan hər bir mülkün burada qalıcı olduğunu düşünərək, yaşam standartları daha zəif, ehtiyac içində çırpınan insanlara baxaraq özü üçün bir dərs, bir nümunə çıxararaq daha çox əldə etmə duyğusunu basdıra bilər.
Son illərdə ölkəmizdə, eləcə də dünyada baş verən bir çox hadisələrin təməlində məhz bu duyğuları düzgün idarə edə bilməmək dayanmaqdadır. İnsanoğlunun getdiyi bu istiqaməti aydınlaşdırmalıyıq, nəyə görə? Kimə görə? Hansı səbəbə görə? Bu sualların cavabını tapmaq və bu duyğuların iplərini ələ almaq vaxtı gəlmişdir və hətta deyə bilərəm ki, gec qalınmışdır.
Həyat və insan var olduğu müddətcə insanlığı qorumaq bizim borcumuzdur. Daha günəşli sabahlar, daha aydın bir gələcək üçün bu şərtdir.
Sözügedən burulğanın pəncəsində çırpınan, sözün əsl mənasında can çəkişən insanlığı qorumalıyıq. Bu, sənin, mənim, hər birimizin məsuliyyətini dərk etdiyimiz bir sənətimiz halına gəlməlidir. Gəlməlidir ki, bəlkə insanlıq qoruna, bəlkə günəş insanlıq üzərinə doğarkən daha isidici ola, daha parlaq ola...
Təəccüb hissi keçirməkdən yorulan qəlblərimizin, bu hisslərdən çatılan qaşlarımızın artıq yerini təbəssümün izlərinə buraxmaq zamanı gəlmədimi?
Yetişən nəslə əmanət olaraq can çəkişən insanlıqmı qoyacağıq? Ya nəslimiz yetişməyə fürsət tapmadan insanlıq can versə onda necə olacaq? Papağımızı önümüzə atıb bərabər oturub düşünməyin, yeni fikir meydana qoymağın vaxdı gəlib çatmadımı?
Ümüdlər var olduqları məkanları, yəni qəlblərimizi tərk etmədən qollarımızı sıvayıb əl birliyi ilə işə qoyulsaq, hər kəs bacarığı nisbətində tər axıtsa, canını, gücünü ortaya qoysa necə də parlaq gələcəklər inşa edilə bilər.
Lamiyə HACIYEVA
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri