Ötən gün Marneulidə tıxacdayam, əks tərəfdə də tıxac var və mənim bərabərimdə dayanan maşındakı vətəndaşın dinlədiyi musiqini qeyri-ixtiyari olaraq eşidirəm. Son zamanlarda sosial mediada gülünc bir trendə çevrilən bayağı “gəl mənə addım-addım” mahnısına qulaq asır. Telefonda bu cür bayağı mahnılar qarşıma çıxanda nifrətlə tez videonu dəyişirdim, amma tıxacda eşidəndə bu mahnı məni xeyli düşündürdü. Məgər insanımızın zövqü bu qədərmi korlanıb ki, tıxacın verdiyi əsəblə bu mahnını dinləyib özünü sakitləşdirir? Axı bu cür mənasız, bayağı mahnılar insanı sakitləşdirə, ruhunu oxşaya, xəyalını ərşə qaldıra bilərmi? Azərbaycanın bənzəri olmayan musiqi xəzinəsi var. Hər janrda musiqimiz var, dünya şöhrətli sənətkarlarımız, bəstəkarlarımız, şairlərimiz var. Bizi nə vadar edir ki, yaqutu qoyub daşdan yapışırıq.
Görəsən təbliğatmı zəifdir, yoxsa həqiqətən insanların zövqümü korlanıb? İki gündür bu sualların cavabını tapmağa çalışıram. Dost-tanış arasında fikrimi dilə gətirəndə isə “insanların zövqünə niyə qarışırsan” deyə qınayırlar. Məni millətimin gələcəyi, mədəni dəyərləri narahat edir, hətta yuxumu qaçırır. Musiqi də bir çox vərdişlər kimi insanın mənəviyyatına, təfəkkürünə, xarakterinə birbaşa təsir edir. Milli musiqimizin sözlərinə diqqətlə fikir verəndə insanı düşünməyə vadar edir, beynimizi işlədir, ədəbiyyata yaxınlıq yaradır, duyğuları oyadır. Çünki məna var, sənət var, istedad meyvəsidir, müəllifin zəhməti, mənəviyyatı yatır. Mənası olmayan qafiyə insana nə ləzzət verə bilər. Ruhun dəyərli sözlərə, musiqilərə ehtiyacı var. Bədənimizi saxta qidalarla məhv etdiyimiz kimi, ruhumuzu da saxta sözlərlə, bayağı musiqilərlə məhv edirik. Həm bədənən, həm də ruhən özümüz özümüzü xəstələndiririk. Sağlam gələcəyin bərpası üçün kökümüzə, mədəniyyətimizə, mənəviyyatımıza qayıtmağımız şərtdir. Zövq azaddır deyib övladlarımızın, yaxınlarımızın bu cür bayağı musiqilərlə ruhlarını xəstələndirib, mənəviyyatlarını söndürmələrinə göz yummamalıyıq. Hər zövqü azad buraxsaq, insan çox bəlalara düçar olar.
Kriminal mahnılarına qulaq asa-asa azyaşlılarımız nə günə düşdü görürük. Toylara getməyə mən iyrənirəm. Ya azyaşlı uşaqlar çıxıb “oğru mahnısına” oynayacaq, ya da sənəti olmayan “sənətkarların” bayağı mahnıları oxunub onlara oynanacaq. Bu toydan hansı mədəniyyət nümunəsi göstərmək olar? Bu toya Azərbaycan toyu deyə bilərikmi? Zövq azaddır deyə-deyə muğama, saza, qara zurnaya, balabana soyuqluq yaratmadıqmı? Öz xəzinəmizi dəyərdən salmadıqmı? Nizaminin, Füzulinin, Nəsiminin sözlərinə yadlaşmadıqmı? Bəs nə qazandıq? – Təfəkkürsüz bir nəsil. Bəzən zövqlərə gəm vurmaq lazımdır. Hər zövqün tələbini yerinə yetirsə insanın heyvandan nə fərqi qalır? Zövqü də şəxsiyyətimizin inkişafına sərf etməliyik. Pis vərdişdən çəkinmək kimi, pis zövqdən də azad olmaq mümkündür. Zövqlərimiz korlansa şəxsiyyətimiz, mənəviyyatımız korlanacaq. Bu həqiqətən məni narahat edir. Bizə düşünən nəsil lazımdır, zövqünü tətmin edən deyil.
Azərbaycan dövlətinin öhdəsinə də böyük məsuliyyət düşür. Bu cür bayağı mahnıların yaranmasının və təbliğinin qarşısı alınıb, milli musiqinin təbliği artırılsa müəyyən qədər problemi həll etmək olar. Ekranlara dünya şöhrətli sənətkarları deyil də, fiqurası ilə gündəmə gələnləri çıxaranda sonumuzun belə olacağını düşünməliydik.
Bu problem bizi narahat etmirsə, deməli, həmin mahnılara qulaq asa-asa hissiyyatımızı itirmişik. Probelmin fərqində olub ürəyi sızlayanları isə mübarizə aparmağa səsləyirəm. Ən azından nümunə olaq, övladlarımızı nümunəvi böyüdək, toy məclislərimizi nümunəvi edək. O bayağı musiqi oxuyanları Gürcüstan azərbaycanlıları bu günlərə gətirib çıxardı. Fiqurası ilə gündəmə gələn həmin keyfiyyətsiz insanları dollar yağışına bizim həmyerlilərimiz tutdu. Bu gün isə nəticəsini görürük və ağrısını yaşayırıq. Allah axırımızı xeyir etsin...
Cəlal Yadigarlı