Nə yaxşı ki, mən TƏBİƏT müəllimi olmuşam. Elmin pəncərəsindən ədəbiyyata baxmağın da bir başqa marağı varmış. Sən demə, bizim nənələr kimya, biologiya, fizika alimlərindən yaxşı bilirlərmiş təbiətin qanunlarını; onlar elm diliylə, nənələr el diliylə.

 

Enerjiyə el arasında istilik deyirlər. Enerjinin mənfisi, müsbəti olan kimi, istiliyin də yaxşısı, pisi var. Çox yəqin ki, eşitdiyiniz “qanım qaynadı”, “qanım qaraldı” ifadələri o enerjinin dərəcəsini göstərir. Bəzi adamlardan “bəd uğur” adam kimi qorxub, bəzilərinə “ayağı düşərli” dedilər. Bu kimi çox nümunələr sadalaya bilərəm. 

 

Eramızın son 2-3 (XIX-XX ) əsrində elmin çatdığı zirvələri bizim folklorun yaddaşıyla müqayisə edəndə elə elm özümüzdəymiş düşünürəm. Onlardan birindən yazmaq istədim.

 

Psixologiyanın mənfi enerji adlandırdığı mənfi auraya el arasında “qaramat” deyirlər. Orqanizmi təşkil edən hər bir hüceyrənin mütləq şəkildə enerjisi var. Bu, bizim daxili enerjimizdir. Aura hər insanın ətrafında onun öz daxili enerjisinin elektromaqnit sahəsinin yaratmasıdır. Bax, həmin daxili enerji isə hər kəsin emosional, zehni, fiziki vəziyyətinin təzahürüdür. Biz necəyiksə, nəyə qadiriksə o cür enerji ilə ətrafımıza təsir edirik. Bax, nənələrimiz də buna görə adamları “bəduğur”, “ayağı düşərli” adlandırırdı.

 

Mənfi enerjini nəinki əks etdirmək, həm də qarşıdakına yükləmək olurmuş. Təsadüfi deyil ki, qarşımıza çıxan adamın ilk görüşdən danışığı günümüzə təsir edir. Bir gün qarşılaşdığın tanışın xoş dindirməsi ilə, bir başqa gün də ağrı-acıyla qarşılamağın fərqli müqayisəsini yəqin görmüsünüz...

 

Elmdən uzaq zamandan gələn “salam” ifadəsi ilə ilk olaraq qarşılaşanda bir-birimizə dostluq, sülh mənası verən ifadə işlədirik. Bu dünəndən yox, əsrlər öncənin açdığı cığırdı ki, bir-birimizlə bu cür münasibət quraq.

 

Bütün insanların, daha dəqiq desəm, bütün canlıların başlanğıcı – həyat gəlişi eynidir. Bitki, heyvan kimi, insan da təbiət qanunu ilə fərd olaraq dünyaya gəlir. Onu cəmiyyət şəxsiyyətə çevirir. Yəqin ona görə sıralamada təkamülün son əmələ gələn növü kimi “homo sapiens” – ağıllı insan adlanırıq – canlıların ən ali forması kimi.

 

Bax, o nənələr onu da demişdilər ki, Allah sənə şüur verməyibsə, nə verib? Yox, əgər şüur veribsə, nə verməyib? Biz ağıllı insan kimi o hüceyrələri öz şüurumuzla, düşüncəmizlə özümüz yönəldirik. Bizim istəyimizlə o hüceyrələr işıq saçır. Qəddarlığı-bədxahlığı da, mülayimliyi-səmimiyyəti də o hüceyrələrə biz aşılayırıq. Deməli, var olanlar varlığımızdır. Bəs niyə yaxşını aşılamırıq? – Budur sual!

 

Mən həmişə düşünürəm, həyatda xoşbəxt insan yoxdur, kimsə xoşbəxt olmadığı kimi, heç kim bədbəxt deyil. Həyat özü bizi tarazlayırsa niyə bərabərliyə tabe olmayaq. Öz daxili soyuqluqları ilə ətrafı dondurmaq düzgündürmü? Yaşadığım problem mənimdir, mənə verilib, mən çəkməliyəm! Başqalarını öz çətinliklərimlə yormağın mənası varmı? Axı onun da öz problemləri var. Belə insanlar ətrafa mənfi enerji saçırlar. Pis tərəfi bilirsinizmi nədir? – Özləri yüngülləşirlər, qarşıdakını yükləyirlər.

 

İşıq mənbəyindən ətrafa uzaqlaşdıqca şöləsi azalır. İnsan gəncliyində eynən özünü güclü, qadir sayır. Özündə zirvələr fəth edəcək güclə irəliləyir, elə ki yaşlaşır, həyatı dərk edir. Bu isə çox gec olur. Nəyi dərk edir? –Dərk edir ki, o da insandır! Quruluşuna görə heç bir fərqi yox imiş. O da hamı kimi dünyaya gəldiyi kimi, hamı kimi də dünyadan gedəcəkmiş. Həm də heçnəsiz, gəldiyi kimi. İnsanları bir-birindən fərqləndirən tək maddiyyat deyil, həm də qoyub getdiyi xatirələr olurmuş. Dəyərdimi qırılan qəlblərə, yıxılan evlərə, dağılan tifaqlara... Bax belə. Gəlin bir-birimizi xoş sözlə qarşılayıb, gülər üzlə dindirək. Dünyadakılar dünyaya qalacaq, yer dəyişən bizik.

 

P.S.

 

Nə qədər ətrafıma müsbət enerji verirəm, çətinliklərimi bölüşmürəm, xoşbəxt görünməyə çalışıram ki, kimsəyə zərərim toxunmasın, amma yükləndiyim mənfi enerji o qədər yaxınlaşır. Bu da ümumdünya cazibə qüvvəsidir – xeyirlə şərin vəhdəti kimi (bunu da nənələr demişdi).

 

Esmira ƏLƏKBƏRLİ