Son günlər yerli medianın sosial şəbəkələrdəki səhifələrində ümumi qabiliyyət imtahanında yüksək nəticə göstərdiyi iddia olunan gənclərin şəkilləri paylaşılır. İlk baxışdan hər şey normal görünür: gənc yüksək bal toplayıb, səhifə də onun uğurunu paylaşaraq təbrik edir. Amma məsələ burasındadır ki, paylaşılan bəzi şəkillərin süni intellektlə hazırlandığı artıq açıq-aşkar hiss olunur.
Hətta həmin gəncləri tanıyan insanlar da bilirlər ki, bəzi hallarda bu şəxslər, ümumiyyətlə, imtahana girməyib. Girənlər olsa belə, paylaşımda göstərilən nəticəni əldə edəcək səviyyədə olmadıqları ətrafdakılara məlumdur. Onların bəzi “ağıllı” dost-tanışı da TikTok-da, İnstaqram-da, Feysbuk-da şəkillərin altına gülərək uğurlar arzuladıqlarını, nə bilim elə-obaya həmişə xeyirli övlad olmalarını yazaraq lağ edirlər. Belə çıxır ki, kimsə oturub süni intellektlə özünə istədiyi balı yazır, şəklini hazırlayır və göndərir, siz də heç bir araşdırma aparmadan bunu xəbər kimi yayımlayırsınız.
O zaman ortaya belə bir sual çıxır: Xəbəri paylaşan qaynaq xəbərin doğruluğunu yoxlamırmı və yaxud ən azından rəylərdən həqiqəti başa düşəcək dərəcədə deyilmi?
Əlbəttə, kiminsə uğuruna sözümüz yoxdur. Həqiqətən yüksək nəticə göstərən bütün gəncləri təbrik etmək lazımdır. Amma aylarla hazırlaşan, gecə-gündüz oxuyan, imtahan verib real nəticə qazanan gənclərlə süni intellekt vasitəsilə özünə “uğur hekayəsi” yazanları eyni tərəziyə qoymaq düzgün deyil.
Ən pis tərəfi isə odur ki, insanlar yazılan xəbərlərə inanırlar. Niyə? – Ona görə ki, xəbər saytı paylaşıb. Çünki xəbər səhifəsindən gözlənti budur ki, paylaşdığı məlumatı ən azından yoxlasın. Yoxsa hər kəs öz istədiyi şəkli hazırlayıb göndərsin, siz də paylaşın – bu, artıq xəbərçilik deyil.
Bu cür paylaşımlar təkcə həmin şəxsləri yox, ən çox da səhifənin özünü zərər qarşısında qoyur. Çünki insanlar bir dəfə saxta və ya yoxlanılmamış məlumat görən kimi digər xəbərlərə də şübhə ilə yanaşmağa başlayırlar.
Bir xəbər səhifəsinin ən böyük sərvəti izləyici sayı deyil, ona olan etimaddır. Təəssüf ki, bu cür paylaşımlar davam etdikcə yerli mediaya olan etimadımız da getdikcə azalır.
Süni intellektlə istədiyiniz balı yaza bilərsiniz, amma həqiqəti dəyişə bilməzsiniz. Xəbər səhifələrinin isə ən azı bunu ayırd edə biləcək qədər məsuliyyətli olması lazımdır.
Aytən Fətullayeva