Müharibələr bəşəriyyətin sanki qədərinə yazılıb. Nə quldarlıq, nə feodalizm, nə providensionalizm, nə kapitalizm, nə sosializm bəşəriyyəti müharibəsiz bir quruluşa çıxara bilmədi. İnsan yaranandan bəri fitrətində acgözlük, mənimsəmə istəyi, başqasından güclü olmağa meyillilik var və bu da sosial iyerarxiyanın ən əsas səbəblərindən biridir. Halbuki acgözlüyümüz olmasa dünya hamımıza yetə bilər.
Müharibələr əsasən iki səbəblə başlayır: 1. Bir dövlət başqa dövlətin torpağını, sərvətini mənimsəmək üçün hərbi əməliyyata başlayır; 2. Bir dövlət başqa dövlətin cəmiyyəti arasında öz ideologiyasını, mədəniyyətini yaymaq məqsədi ilə hərbi əməliyyata başlayır. Tarix bu iki səbəblə də yaranan müharibələrə çox şahid olub. Orta əsrlərdə tarix elmi providensionalizmin hakim olduğunu və müharibələrin əsasən yuxarıda sadaladığım ikinci səbəbə, dinin yayılmasına görə baş verdiyini təsdiqləyir. Bəs mədəniyyətin yayılması üçün baş verən müharibəni müsbət qiymətləndirə bilərikmi? Məncə, xeyr. Çünkü hər toplum özünəməxsus mədəniyyətə sahibdir. Bir toplumun mədəniyyətini əlindən almaq canilikdir. Müsbət xüsusiyyətlərə gəldikdə isə onlar müharibəsiz də yayıla bilər. Məsələn, elmin müəyyən qədər yayılması kimi.
Bəs bu gün dünyada baş verən müharibələr hansı səbəbə görə baş verir? Bu gün insanın acgözlüyü daha da artıb və bir müharibə hər iki səbəbi də ehtiva edir. Mövzumuzun başlığı Şərq olduğu üçün Şərqdə baş verən müharibələri müzakirə etmək istəyirəm. Dünyanın gözündə mədəni görünən Amerika illərdir Şərqdə müstəmləkəçi siyasət icra edir. Həm Şərqin sərvətini talayır, həm də toplumun mədəniyyətinə, dininə, dilinə müdaxilə edir. Ürəyi istəsə yeni islam məzhəbi də qura bilir. Dünyanın gözündə isə Amerika terrorizmlə mübarizə aparan bir qəhrəmana çevrilib. Amma heç kim sual vermir ki, bu terrorizm niyə yarandı? Məgər Şərqdə terrorizmi Amerika yaratmadı? Qərbin imperialist siyasətindən qabaq Şərq ölkələri terrorist idi? Əksinə, Qərb ölkələri terrorist idi. Vətəndaş müharibələri kimi faktları sadalasaq Amerikanın özü terrorist idi. Bir tarixçiyə, politoloqa və ümumiyyətlə, analiz aparana ən böyük dəyər qazandıran onun obyektiv olmasıdır. Bu gün İranı hamı günahlandırır. Əlbəttə, müəyyən məsələlərdə İranın da mövqeyi səhv idi və o özü də sərhədlərində yaşayan toplumların mədəniyyətinə müdaxilə edirdi. Lakin bu gün Amerikanın İrana hərbi müdaxiləsinə necə haqq qazandıra bilərik? İran rejimini 1970-ci illərdə xalqın özü qurub. Bizim əsarətdədir dediyimiz güneyli soydaşlarımızın əksəriyyəti də o rejimi müdafiə edir. Amerika xalqı azad etmək istəyir? Əlbəttə, xeyr! Amerika girdiyi hansı dövlətdə xalqı azad edib? Yuxarıda sadaladığım səbəbləri xatırlayaq. Amerika bu gün İranın sərvətini mənimsək arzusundadır və həmçinin mədəniyyətinə müdaxilə edib əhalinin vahid ideologiya ətrafında birləşməsini istəmir. Çünkü vahid ideologiya ətrafında birləşən millətlərin hansı yüksəlişə malik olduğuna Amerika yaxşı bələddir. İkinci məsələmiz isə gözlərdə mədəniyyət heykəlinə çevrilən Amerika dövlətinin İsrail kimi təcəvüzkar bir quruluşu necə qınamamasıdır.
İran hakimiyyətini müəyyən səbəblərə və ya öz çıxarlarımıza görə qınasaq da, öz xalqının müdafiə etdiyi rejimə qarşı çirkin bir əməliyyata başlayıb uşaqları, qadınları öldürərək nəyəsə nail olmağa çalışan ekspansionist və imperialist Amerika rejiminə haqq verməməli, onu gözümüzdə ədalət abidəsinə çevirməməli, baş verən hadisələrdən tarixə baxaraq nəticə çıxarmalı, öz gələcəyimiz üzərində güclü düşünməli, mövqeyimizi qorumalıyıq. Bəzən düşünmək üçün belə çox gec olur.
Cəlal Yadigarlı