Müxtəlif fakültələrdə təhsillərini davam etdirmək istəyən 1+4 proqramının hazırlıq kursu tələbələri üçün gələcək qeyri-müəyyəndir. Ali təhsil sistemində planlaşdırılan dəyişikliklər etnik azlıqların nümayəndələrinin seçim imkanlarını məhdudlaşdırır və onların istədikləri universitetə daxil olmalarını çətinləşdirir.

 

Heç nə dəyişmir. 1+4 olacaq 1+3, tələbələrin mobillik imkanı olacaq, Təhsil Nazirliyindən belə izah edirlər.

 

“Belə çıxır ki, mənim seçimim mövcud deyil”.

 

18 yaşlı Elminaz Osmanova Marneuli rayonunun Kirəç-Muğanlı kəndində yaşayır. Bu gün İliya Dövlət Universitetində 1+4 proqramının hazırlıq kursunda təhsil alır. Gürcü dilini öyrənir, hüquq fakültəsinə qəbul olmaq istəyir və gələcəkdə öz notarius bürosunu açmağı arzulayır. Elminaz bu arzusunu həyata keçirə biləcəkmi?

 

Elminaz İliya Dövlət Universitetində istədiyi fakültədə təhsilini davam etdirə bilməyəcək. Ali təhsil sahəsində planlaşdırılmış dəyişikliklərə görə, hüquq fakültəsi yalnız Tbilisi Dövlət Universitetində (TDU) olacaq.

 

Onun üçün və 1+4 proqramının iştirakçısı olan bir çox digər tələbə üçün bu gün harada və hansı şəraitdə təhsillərini davam etdirəcəkləri tam aydın deyil.

 

Bakalavrın birinci kursunda istədikləri fakültəyə qəbul ola biləcəklərmi?

 

“Axı TDU və ya başqa universiteti istəsəm elə başdan ora qəbul olardım. Belə çıxır ki, mənim seçimim mövcud deyil” – Elminaz deyir. – “Bu gün təkcə İliya Dövlət Universitetinin hazırlıq kursuna təxminən 500 gənc qəbul olub. Hamı tələbə ola bilərmi? Əgər başqa universitetə keçməliyiksə, axı orada da müsabiqə var, orada da bizim kimilər – 1+4 proqramının iştirakçıları var. Üstəgəl gürcü abituriyentlər də əlavə olunur”.

 

Elminaz planlaşdırılan dəyişikliklərdə ümumilikdə və etnik azlıqların nümayəndələri üçün hansı təhlükəni gördüyünü bizimlə bölüşərək bildirir ki, bu gün 1+4 proqramının hazırlıq kursuna qəbul olanların əksəriyyəti etnik azlıqların məskunlaşdığı kəndlərdən gəlirlər. Orada gürcü dilini keyfiyyətli və tam öyrənə bilmirlər. Gürcü dilində gündəlik ünsiyyətləri yoxdur. Ona görə də bu kursu uğurla başa vurduqdan sonra təhsili davam etdirmək onların gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.

 

“Başlanğıc – A1 səviyyədə buraya gəldim və indi artıq danışa bilirəm. Hələ qrammatikada çətinlik çəkirəm, amma bunun üzərində də işləyirəm. Gürcü lektorlar da bizə kömək edirlər. Bizim üçün burada gürcü tələbələrlə bərabər təhsil almaq çox mühümdür ki, inteqrasiya ola bilək. Bu məhdudlaşdırılarsa çox qapılar bağlanacaq”.

 

Reforma, yoxsa maneə?

 

18 yaşlı Bayram Məmmədov da Marneulinin Qullar kəndindəndir. Bu kursda təhsil alır. O da hüquq fakültəsinə qəbul olmağa hazırlaşır. Abituriyentlik dövründə böyük həvəslə universitet seçib, burada təhsilini davam etdirmək istəyirmiş. “Keyfiyyətli, Avropa təhsili almaq istəyirdim və İliyaunini də buna görə seçdim”, – deyə Bayram bildirir.

 

İndi isə Bayram da çaşqınlıq içindədir və ümidini itirib, çünki seçdiyi universitetdə və istədiyi fakültədə təhsilini davam etdirə bilməyəcək.

 

“Bilirik ki, gələn il ümumilikdə 300 tələbə qəbul etməlidirlər. Onlar arasında gürcü abituriyentlər də var. Necə bölünəcəyik? Hüquq fakültəsi yalnız TDU-da qalır və belə çıxır ki, orada oxumalıyam. Amma onların da bu proqramda öz tələbələri var axı. Kim hara düşəcək – heç nə bilmirik. Buraya kimi isə sanki bizim gələcəyimiz çox aydın idi”.

 

Elminaz və Bayram tək deyillər. Etnik azlıq nümayəndəsi olan tələbələr, onların valideynləri və müəllimlər 11 martda birgə bəyanat da yayımladılar və bildirdilər ki, 1+4 proqramının qısaldılması, azərbaycanlı, erməni, osetin və digər etnik azlıq tələbələr üçün yalnız ali təhsil əlçatanlığını məhdudlaşdırmaq deyil, bu, həmd də sosial qeyri-bərabərliyi artıracaq, ciddi şəkildə bu gənclərin inteqrasiya prosesinə ziyan vuracaq.

 

Rusudan Qersamiya İliya Dövlət Universitetində gürcü dili ikinci dil kimi və inteqrasiya proqramına rəhbərlik edir. O, xatırlayır ki, 2010-cu ildə bu proqram qüvvəyə minəndə onlar yalnız 5 abituriyent qəbul ediblər. Bu gün yalnız İliya Dövlət Universitetinin hazırlıq kursunda etnik azlıq nümayəndəsi olan 500 tələbə var.

 

“İndi isə belə çıxır ki, kvota sisteminə aid olan yeni hazırlanmış qayda bu proqramda tələbələrin sayını əhəmiyyətli dərəcədə azaldacaq. Həmin 500 tələbədən 350-si hazırlıq kursunu uğurla bitirə bilməyəcəkmi? Amma bizdə proqramın 92 % ləğv olunmasına görə gənclərə təhsillərini İliya Dövlət Universitetinin bakalavr proqramında davam etdirmək imkanı verilməyəcək”.

 

Təhsil sistemində planlaşdırılan dəyişikliklər yalnız İliyauniyə aid deyil. 1+4 proqramının hazırlıq kursunda başqa universitetlərdə də yüzlərlə tələbə oxuyur.

 

İslahat nəticəsində Tbilisidəki dövlət universitetlərində etnik azlıqlara ayrılmış yerlər hiss olunacaq dərəcədə azalır. Bu barədə təhsil məsələləri üzrə araşdırmaçı Şalva Tabatadze qeyd edir ki, 2025-ci ildə gürcü dili proqramına həmin universitetlərə 1368 tələbə qəbul olub. 2026-cı ildə bu göstərici ən yaxşı halda 1120-yə qədər (20 %) azalacaq.

 

Onun hesablamalarına görə, yerlərin azalması xüsusilə azərbaycandilli abituriyentlərə təsir göstərəcək. 2025-ci ildə bu qrup üçün ayrılmış 976 yerdən gələn il yalnız 560 yer qalacaq. Bu o deməkdir ki, onların qəbul olmaq imkanı 40 %-dən çox azalır.

 

Şalva Tabatadzenin proqnozuna görə, dəyişikliklər regional universitetlərdə də çətin vəziyyət yaradacaq – Samtsxe-Cavaxeti Universitetində tələbə qəbulu yarıya enəcək. Ermənidilli tələbələrin kvotası 60 % azalacaq (54-dən 22 yerə qədər). Qori Universitetində isə azərbaycandilli tələbələrin qəbulu 41-dən 23-ə qədər azalacaq.

 

Təhsil Nazirliyinin qərarı ilə İliya Dövlət Universitetinə qəbul ediləcək tələbələrin sayı növbəti tədris ili üçün təxminən 92 % azaldılacaq. Hazırda universitetin 17 mindən çox tələbəsi var, lakin 2026-cı ilin yayından etibarən il ərzində yalnız 300-dən 400-dək tələbə qəbul edə biləcək.

 

Etnik azlıqların hüquqları ilə bağlı işləyən “Salam” təşkilatı da planlaşdırılmış dəyişikliklərdə təhlükə görür. Hələ fevralın ortalarında “Salam” bildirirdi ki, ölkədə gedən təhsil reformaları çərçivəsində etnik azlıq nümayəndələrinin təhsilə əlçatanlığı daha da qeyri-müəyyən və məhdud olacaq.

 

Ümumiyyətlə kimsə bizi düşündümü?

 

“Mənim fikrimcə, reforma anons ediləndə etnik azlıqlar ümumiyyətlə nəzərə alınmayıb. Universitetlərin hazırlıq kursuna qəbul olmuş tələbələrin nə istədiyi barədə heç düşünməyiblər də. Onlar sadəcə deyiblər ki, harasa keçməlisiniz” – Ruslan Omarov Azadlıq Radiosuna bildirir. O özü də 1+4 proqramı ilə tələbə olub.

 

Ruslan 2019-cu ildə Tbilisi Dövlət Universitetinin hazırlıq kursuna qəbul olub. O, düşünür ki, bu kurs ideal şəkildə tam olmayıb və bu gün də çox şey təkmilləşdirilməlidir, ancaq etnik azlıqların gürcü dilini öyrənməsi üçün bu köməkçi vasitələrdən biri idi.

 

O, xatırlayır ki, TDU-da proqram praktikadan çox nəzəri xarakter daşıyırdı və İliya Universitetində tələbələrə daha çox praktik tapşırıqlar verildiyini daim eşidirdi.

 

Hazırlıq kursunu bitirdikdən sonra Ruslan bakalavr pilləsində ingilis filologiyası istiqaməti üzrə təhsilini davam etdirib. Bu gün o, artıq İliya Universitetinin magistrantıdır və təhsilin idarə edilməsi proqramının son kursunda oxuyur.

 

“Seçimlərinin məcburi şəkildə dəyişməsindən əlavə, qəbul qaydalarının necə olacağı, nədən imtahan verəcəkləri, mobillik qaydalarının necə dəyişəcəyi ilə bağlı da ciddi qeyri-müəyyənlik var... Bizim üçün gürcü dili ana dili olmadığına görə bu rəqabətə girmək onsuz da çətindir. Buna görə də biz öncədən uzun müddət hazırlaşırıq, nə istədiyimizi dəqiqləşdirib seçimimizi elə edirik. İndi isə belə çıxır ki, hər kəs özü üçün arzuolunmaz olan fakültəyə və ya universitetə keçməli olacaq”.

 

1+4 nə deməkdir?

 

Bu proqram 2010-cu ildən qüvvədədir. Məhz həmin vaxtdan etnik azlıq nümayəndələrinə sadələşdirilmiş qaydada Gürcüstanda ali təhsil almaq imkanı verildi. Sadələşdirilmiş sistem ümumtəhsil imtahanının Azərbaycan, erməni, abxaz, osetin dillərində verilməsini və müvafiq bal topladığı halda ali təhsil almaq imkanını nəzərdə tutur. Gənclər 1 il ərzində gürcü dilində hazırlıq kursu keçirlər. Sonra isə 60 kredit topladıqları halda təhsillərini istədikləri fakültədə davam etdirirlər. Bu proqramla qəbul olmuş tələbələrin sayı ildən ilə artırdı.

 

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının veb-səhifəsində 2010-cu ildən 2018-ci ilə qədər tələbələrin proqram üzrə qəbul statistikası belədir:

 

• 2010-cu il – 247 tələbə;

• 2011-ci il – 430 tələbə;

• 2012-ci il – 589 tələbə;

• 2013-cü il – 890 tələbə;

• 2014-cü il – 673 tələbə;

• 2015-ci il – 741 tələbə;

• 2016-cı il – 960 tələbə;

• 2017-ci il – 1047 tələbə;

• 2018-ci il – 1231 tələbə.

 

Tələbələrin bu proqrama qəbulu yalnız 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə biraz azaldı və bu pandemiyadan irəli gəlirdi. Ondan sonra proqram çərçivəsində qəbul olmuş etnik azlıq nümayəndələrinin sayı yenidən artır.

 

Ümumilikdə, son 5 il ərzində 5837 etnik azlıq nümayəndəsi olan gənc tələbə olub, bunlardan 951 maliyyə dəstəyi əldə edib və bu ümumi sayın yalnız 16 %-dir. 2025-ci ildə bu proqramın 1400-ə yaxın tələbəsi var idi.

 

Təhsil Nazirliyi yığılmış suallara nə cavab verir?

 

“Heç nə ləğv olunmur, heç nə dəyişmir. Biz bunu etnik azlıq nümayəndələrinə də başa saldıq. Mobillik imkanları da olacaq. Planlaşdırılmış yeganə dəyişikliklərlə əgər bakalavr pilləsində təhsil almaq 4 il əvəzinə 3 il olacaqsa,1+4 proqramı da dəyişərək 1+3 proqramı ilə əvəz olunacaq” – Təhsil Nazirliyindən bildiriblər.

 

Mənbə: Azadlıq Radiosu

Gürcü dilindən tərcümə etdi

Aynurə Əliyeva