2020-ci il öz gözlənilməz hadisələri ilə yadda qaldı – yanğınlar, təbii fəlakətlər, siyasi və hərbi qarşıdurmalar, ticarət savaşları və təbii ki, hər kəsi evində həbs olunmağa məcbur edən pandemiya böhranı. Ötən il bu hadisələr hər bir insanı müəyyən dərəcədə məhdudlaşdıraraq, gəlir mənbələrinin qısıtlanmasına, gələcəklə bağlı planlarında gecikmələrə və ya dəyişikliklər etmələrinə səbəb oldu. Bu isə öz növbəsində ailələrin aylıq gəlirlərinin azalmasına gətirib çıxardı. Daha az gəlir daha az tələbat anlamına gəldiyindən ailələr əlavə xərclərdən boyun qaçıraraq, vəziyyətin sabitləşəcəyi zamana qədər gözləməyə başladılar. Ölkələr isə əhalinin azalan tələbatı qarşısında aciz hala düşdü və demək olar ki, dünya ölkələrinin 90 %-ində iqtisadi artım sürəti ya azalmağa başladı, ya da ki, tamamilə istehsal qabiliyyətini itirdi.
Buna baxmayaraq, qalan ölkələr isə öz böyümə sürətlərini sabit saxlaya bildilər. Təəccüblü olanı isə bu ölkələrin başda Çin olmaqla, əsasən Şərqi Asiya ölkələri olmasıdır. İndiyə kimi baş verən bütün böhranlardan daima zərərsiz və ya ən az ziyanla ayrılan Qərb dünyası bu dəfə iqtisadi baxımdan ən çox zərbə alan tərəf oldu. Belə ki, 2020-ci il üçün Çin və ona qonşu digər şərq ölkələrində iqtisadi böyümə müsbət olduğu halda, Şimali Amerika və Avropada bu göstərici orta hesabla 8-10 % geridə qaldı. Böyük iqtisadi itkilərlə üzləşən Qərb ölkələrində 2020-ci il həmçinin irqçi və mədəni baxımdan da tənəzzül ili oldu desək, fikrimcə, heç yanılmarıq. On illərlə demokratiyanın mərkəzi hesab edilən ABŞ-da və Avropada baş verən ksenofobik şüarların yüksəlişi Qərb ölkələrinin dünyanın gözündə illərdir formalaşdırdığı özlərinin mükəmməllik modelini yerlə bir etdi.
2020-ci il təkcə itkilərlə yox, əldə edilən müəyyən müsbət dəyişikliklərlə də yadda qaldı. Xüsusilə də ilin sonuna yaxın Cənubi Qafqazda baş verən hadisələr illərlə hökm sürən işğal faktorunu və soyuq qonşuluq münasibətlərinə köklü dəyişiklik gətirdi. Regionumuzda illərdir ki, əməkdaşlığa yönələn çağırışlar nəhayət ki, bəhrə verməyə başladı. Bu isə qlobal arenada regionumuzun tez bir zamanda qızğın münaqişə nöqtəsi olmaqdan çıxaraq sabit və əməkdaşlığa hazır bir zonaya çevriləcəyinə zəmin yaradır.
Ötən il baş vermiş digər müsbət hadisə isə insanların yeni texnologiyalara olan maraqlarının artması oldu. Məhz bu səbəbdən yeni texnoloji araşdırmalara və elmə olan maddi yatırımlar əvvəlki illərlə müqayisədə bir neçə dəfə artmış oldu. Xüsusilə də kosmik araşdırmalarla bağlı təkcə dövlət deyil, həmçinin özəl sektorda da canlanma yaşandı. Buna misal olaraq, ilk özəl kosmik şirkət ünvanı alan “SpaceX” şirkəti artıq “Amazon” şirkətinin təsis etdiyi “Blue Origin”lə rəqabət halında irəliləməyə məcbur olacaq. Ekspertlər sağlam rəqabət halında yaxın gələcəkdə bu sahədə də nəzərəçarpan irəliləyişlərin olacağını güman edirlər.
Səlahəddin PİRİYEV