2020-ci il nəinki təkcə regionumuz üçün, həmçinin bütün dünya ölkələri üçün də ən ağır illərdən biri kimi yadda qaldı. XXI əsrin bu ilk yarısında dünya iqtisadiyyatı bir neçə dəfə böhranlarla üzləşdi. Bunlar arasında indiyə kimi ən fəsadlısı 2007-2008-ci illərdə baş vermiş maliyyə böhranı hesab olunurdu. Ancaq 2020-ci ildəki virus səbəbindən yaranan böhran iqtisadi baxımdan bütün zamanların təsir dairəsi ən geniş olan böhranı kimi yadda qalacağına heç şübhə yoxdur. Bu böhran nəticəsində müəyyən dərəcədə iqtisadi balans əldə etmiş dünya iqtisadiyyatı pandemiyanın tüğyan etməsiylə tarazlığını itirməyə başladı. Dünyanın öz iqtisadi gücüylə sözünü deyən ölkələri bu tarazlığı bərpa edib əvvəlki vəziyyətə qaytarmağa cəhd etsələr də, günbəgün artan yoluxma və ölüm halları ictimaiyyətin, eləcə də bütün qurumların fəaliyyətini müəyyən çərçivə daxilində məhdudlaşdırırdı. Bu isə öz növbəsində iqtisadiyyatın yenidən dirçəlməsi üçün görüləcək işlərin də ləngiməsinə səbəb oldu. Təbii ki, bu təlatümlü böhran regiondan da yan keçmədi. Cənubi Qafqaz ölkələri mövcud vəziyyətlə mübarizə aparmaq üçün böyük vəsaitlər ayırmağa və təcili qabaqlayıcı tədbirlər görməyə başladılar. Cari ilin əvvəlində Azərbaycan, Gürcüstan və Ermənistan daha az yoluxma hallarıyla az riskli ölkələr siyahısında idisə, ilin sonuna olan göstəricilər hər bir ölkə üçün yüz mindən çox yoluxma halını göstərir.

 

Pandemiya dövründən əvvəl onsuz da ağır vəziyyətdə olan region ölkələri ilin ikinci yarısında daha da ağırlaşan siyasi-hərbi qarışıqlıqlarla üzləşdi və nəticədə yeni iqtisadi münasibətlərin – yeni növ tarazlığın qurulmasına ehtiyac yarandı. Yeni iqtisadi tarazlıq regionda işğal faktının aradan qaldırılması, qarşılıqlı sərmayə yatırılmasını, qarşılıqlı güzəşt və əməkdaşlıq kimi mühüm məsələləri həyata keçirərək region ölkələrinin hərtərəfli əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi gözlənilir.

 

Düzdür, bu məsələlərin qısa müddətdə həllini reallaşdırmaq asan olmayacaqdır. Ancaq 2020-ci il pandemiya böhranı region ölkələrini qarşılıqlı yardımlaşmağa və bu böhran vəziyyətindən tez bir zamanda birgə çıxmağa sövq elədi.

 

Regionumuzdan ticarət və nəqliyyat yollarının keçməsi, neft və qaz kəmərlərinin yerləşməsi mühüm strateji amillərdir. Bu amillər region ölkələrindən əlavə bu lahiyələrə vəsait və sərmayə yatıran xarici ölkələrin də tez bir zamanda Cənubi Qafqazda davamlı sabitliyin və tarazlığın yaranması istəyini gücləndirir. İstərsə qərb ölkələri, istərsə də, şərq nəhəngi Çin də regionda yaradılacaq yeni iqtisadi tarazlığın tərəfdarlarıdırlar və regionumuza xüsusi həssaslıqla yanaşırlar. Sadəcə pandemiya dövründə bu ölkələrdən göndərilən müxtəlif tipli tibbi yardım ləvazimatları bunun bariz nümunəsidir.

 

Qarşıdakı illərdə regionumuzda uzunmüddətli və sabit inkişaf əldə etmək üçün hər bir region ölkəsinin iştirakını təmin edəcək yeni iqtisadi tarazlığın formalaşması artıq şərt halını almaqdadır və aparıcı ölkələrin də maraq dairəsindədir. Ümid edək ki, Cənubi Qafqaz ölkələri ümumi rifah naminə buna nail ola biləcəklər.

 

 

Səlahəddin PİRİYEV