Ötən həftənin ən səs-küylü hadisələrindən biri ABŞ prezidenti Co Baydenin “erməni soyqırımını” rəsmən tanıması oldu. Bununla da Ağ Ev administrasiyasının yeni rəhbəri tarixi saxtalaşdırmaq yolu ilə böhtanı fakt olaraq təsdiq etmiş ilk ABŞ prezidenti kimi də tarixə düşdü. ABŞ-ın prezidentlik kreslosuna əyləşmək uğrunda yarışan bütün namizədlər seçkiöncəsi arxalarını erməni lobbisinə dayayaraq qondarma “erməni soyqırımını” tanıyacaqlarına söz vermələri artıq ənənə halına çevirilib. Seçilmiş prezidentlər daha sonra dolayı yollarla 1915-ci il olaylarını “böyük fəlakət” adlandırmaqla erməni oyuncaqlarının könlünü ovsunlamaqla kifayətlənmişlər. Lakin Co Bayden sələflərindən fərqli olaraq bu dəfə erməni icmasına verdiyi sözə sadiq qalaraq “soyqırımı” terminini işlətmişdir. ABŞ prezidentinin qəbul etdiyi skandal qərarın arxasında gizlənən məqamlar və onun gələcəkdə ABŞ-Türkiyə münasibətlərində nələrə yol açacağı müzakirəyə açıq qalmaqdadır.

 

İlk olaraq qeyd etmək lazımdır ki, məlum sənədin heç bir hüquqi perspektivi yoxdur və analoji olaraq buna görə Türkiyə hüquqi məsuliyyət daşımır. Soyqırımı faktı beynəlxalq hüquq müstəvisində araşdırma tələb edən hüquqi prosedurdur. Dövlət və ya hökümət başçılarının hər hansı bir hadisəni soyqırımı kimi qiymətləndirməsi heç bir hüquqi məna kəsb etmir. Digər tərəfdən, Avropa İnsan Hüquqları Məhkəməsinin ermənilərin soyqırımı iddialarını rədd edən məhkəmə qərarı mövcuddur. Ona görə də qondarma sənədin qəbulu sırf siyasi xarakter daşıyır. Son illər ABŞ-Türkiyə münasibətlərində yaşanan diplomatik gərginlik fonunda Vaşinqton Ankaraya təsir mexanizmlərini artırmaq niyyətindədir. Belə bir iddianı irəli sürmək üçün bir sıra tutarlı arqumetləri vurğulamaq kifayyətdir:

 

1. ABŞ Türkiyəni Rusiyadan aldığı S-400 zenit raket kompleksinə görə cəzalandırır.

 

2. Ankaranın Suriya və İraqın şimalında ABŞ-ın silahlandırdığı kürd yaraqlılarına qarşı apardığı antiterror əməliyyatını Vaşinqton həzm etmir.

 

3. Türkiyənin müstəqil xarici siyasət yürüdərək qlobal güc mərkəzinə çevrilməsi ABŞ-ın siyası diplomatik doktrinası ilə uzlaşmır.

 

Co Baydenin qərəzli, bir o qədər də həqiqətdən uzaq bəyanatına başqa aspektdən yanaşdıqda onun Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına mane kimi də dəyərləndirmək olar. Belə ki, II Qarabağ savaşından sonra regionda Türkiyə və Azərbaycanın dominant mövqeyi ilə xarakterizə edilən yeni geosiyasi vəziyyət formalaşmışdır. Həmçinin aktiv müharibə mərhələsindən sonra bölgə dövlətlərinin çoxşaxəli əməkdaşlığı üçün münbit şərait yaranmışdır. Yaxın gələcəkdə bu coğrafiyada Ermənistanın da daxil olacağı nəhəng logistik ticari-iqtisadi layihələr planlaşdırılır. Uzun illər qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürərək absurd ambisiyalarla çıxış edən Ermənistan özünü regional əməkdaşlıq və inkişafdan təcrid etmişdir. Müharibədən rüsvayçı şəkildə çıxan Ermənistan ABŞ-dakı lobbi qruplaşmalarının köməyi ilə itirilmiş mövqelərini tarazlaşdırmağa çalışır. Co Baydenin isə verdiyi qərəzli bəyanat regionun ümumi inkişafına xələl gətirməkdən başqa bir şey deyil.

 

Trampdan fərqli olaraq Co Bayden Rusiyaya qarşı daha sərt mövqeyi ilə seçilir. Rusiya-Ukrayna münasibətlərində vəziyyətin eskalasiya həddinə çatdığı bir vaxtda ABŞ-ın Türkiyə ilə münasibətlərinin sərinləməsi Vaşinqtona nə dərəcədə faydalıdır? Ona görə də ABŞ prezidentinin qondarma soyqırımı açıqlaması, təbii ki, Ankara-Vaşinqton münasibələrinə təsirsiz ötüşməyəcək. Bu münasibətləri normallaşdırmaq üçün isə müəyyən zaman tələb olunacaq.

 

Sahib MUSTAFAOĞLU