Hər il dünyada əvvəlki illərlə müqayisədə daha çox enerjiyə ehtiyac yaranır. Hər kəsə məlum olduğu kimi bunun əsas səbəblərindən biri ilbəil elektriklə çalışan qurğu və cihazların, eləcə də onların iştifadəçilərinin sayında olan kəskin çoxalmadır. Ekspertlərə görə, davamlı tendensiya xarakteri daşıyan bu prosesin yaxın gələcəkdə enerjiyə indiyə kimi görülməmiş dərəcədə böyük tələbat formalaşdıracağı güman edilir. 2018-ci ilin statistikalarına əsasən, bütün dünya əhalisinin bir illik enerji istifadəsi 155 min teravat enerjiyə bərabərdir. Bu qədər enerjiyə olan tələbatı ödəmək üçün kömür, qaz, su və neft kimi müxtəlif növ təbii mənbələrdən istifadə olunur. Ötən əsrdə bu mənbələr sırasına stansiyalarda istehsal onunan Nüvə enerjisi də əlavə olundu. Nüvə enerjisi həm əldə edilməsinə görə, həm də çox təhlükəli bir yol olduğuna baxmayaraq hazırda da enerji istehsalı üçün dünyada istifadə olunan mənbədir. Bunun səbəbi isə digər enerji mənbələri ilə müqayisədə onun qısa vaxt ərzində daha çox enerji istehsal edə bilmək potensialıdır.  Dünyada bir illik ümumi enerji istehsalının sadəcə 11 %-i təbiətə daha az ziyan vuran su elektrik stansiyaları və ya başqa yenilənə bilən enerji mənbələrindən istifadə edərək əldə olunur.

 

Hesablamalara görə, 2050-ci il üçün Yerdəki enerjiyə olan tələbatın 315 kvadriliyon Btu-ya (British thermal unit) çatacağı proqnozlaşdırılır. Bu isə yaxın gələcəkdə mövcud enerji mənbələriylə insanların tələbatını tam ödəyə bilməyəcəyi mənasına gəlir. Bu səbəbdən yeni növ enerji axtarmaq ideyası gündəmə gəldi və XX əsrin sonlarına yaxın yeni enerji formalarının axtarılmasına başlanıldı. Ekspertlərə görə, yeni növ enerji mənbəyinin digərlərindən fərqli olaraq təbiətə mənfi təsirləri minimuma endilirməli, onun istehsal olunacaq stansiyalarında ən azı 100 min meqavat enerji istehsal edə bilmək potensialı olması şərt olaraq qəbul edilməlidir. Çünki dünyamızda bir yandan artan enerji tələbatını təmin etmək problemi ilə yanaşı indiyə kimi istifadə olunan nüvə, kömür, neft və qaz kimi enerji mənbələrinin işlənilməsi zamanı yaranan kimyəvi və radioaktiv tullantılar hələ də ətraf mühitə ziyan vurmaqda davam edir. Buna görə də, yeni kəşf olunacaq enerji mənbəyinin ümumi enerji tələbatını ödəməsi ilə yanaşı, müəyyən dərəcədə ətraf mühitin təhlükəsizliyini də təmin etməlidir.

 

XX əsrin sonlarına yaxın bu mövzuda böyük addımlar atıldı. Xüsusilə də termonüvə reaksiyaları zamanı böyük miqdarda enerjinin ortaya çıxmasının kəşfindən sonra Avropada “Avropa nüvə araşdırmaları təşkilatı” (CERN), əsrin sonlarına yaxın isə “Beynəlxalq Termonüvə Təcrübə Reaktoru” (ITER) quruldu. Burada müxtəlif ölkələrdən elm insanları cəlb olunaraq araşdırma və təcrübə proqramlarına başlanıldı. Müsbət irəliləyiş əldə etmək üçün illər lazım oldusa da,  nəticələr ürəkaçan oldu – dünyada ilk dəfə süni şəkildə Günəşə bənzər enerji əldə edilməsinin mümkünlüyü isbatlandı.

 

CERN-də əldə edilən nəticələrdən sonra Fransada 35 ölkənin tərəfdaşlığı ilə “Tokamak” deyilən xüsusi stansiyanın inşasına başlanıldı. Ümumi inşaat xərci 22 milyard avro olan bu stansiyanın reaktoru 500 min meqavat enerji istiliyə tab gətirəcək gücdə olacağı və bir neçə saat ərzində bir böyük şəhərin illik istifadə edəcəyi enerjini istehsal edəcəyi düşünülür. Bu stansiyanın 2035-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Atom stansiyalarından fərqli olaraq burada radioaktiv maddələrdən istifadə olunmadığı üçün tamamən təhlükəsiz enerji əldə olunacağına böyük əminlik vardır. Artıq dünyanın bir neçə ölkəsində fərqli “Tokamaklar” inşa edilmişdir və onlardan yalnız Çindəki “Tokamak” 2018-ci ildə qısa bir müddətdə uğurlu şəkildə işə salındı. Bu, eyni zamanda mərkəzindəki temperatur 100 milyon C dərəcəyə qalxan ilk cihaz olmuşdur.

 

Ümid edək ki, bu araşdırmalar və tədqiqatlar yaxın gələcəkdə bizi enerji böhranı ilə qarşılaşmaqdan uzaq tutacaqdır.

 

Səlahəddin PİRİYEV