Bizdə dövlətin hər şeyə ixtiyarı var. Ona görə yox ki, bu ixtiyar təbii olaraq var, ona görə ki, onu biz vermişik, daha doğrusu, alıblar. Bunu verməli olduğumuza bizi inandırıblar. Reallıqda isə dövlətlər, əslində, dövlətçilik ideyasından çox uzaqdırlar. Çünki ortada bir dövlətçilik anlayışı mövcud deyil. Bizdə ölkə təməl prinsiplərə deyil, instinktlərə və siyasi elitaların gördükləri yuxulara əsasən idarə olunur.
Dövlətçilik ideyası dövlət olmaq yolunun anatomiyasıdır. Necə ki insan anatomiyasında hər orqanın öz funksiyası var, dövlətçilik ideyasının da təməl “orqanları” və funksional prinsipləri var. Bizdə isə bütün bu orqanlar “baş-ayaq” vəziyyətindədir.
Dünyada mövcud olan ən təsirli hüquqi aktlardan biri Amerika Birləşmiş Ştatlarının Müstəqillik Bəyannaməsidir. Həmin Bəyannamədə əks olunan ideyalar bu gün belə unutdurulmağa və əksinə yönləndirilməyə çalışılan əsas prinsiplərin təməlini təşkil edir. Bəyannamə bu sözlərlə başlayır: “Aydın və danılmaz bir həqiqətdir ki, insanlar bərabər yaradılmışdır və Yaradan onlara bəzi toxunulmaz hüquqlar bəxş etmişdir – həyat, azadlıq və xoşbəxtliyə can atmaq hüquqları. Bu hüquqları təmin etmək üçün hökumətlər yaradılır”. Bu yanaşma dövlətin universal xidmət konsepsiyasının əsasını təşkil edir. Burada dövlət universal bir xidmət kimi təqdim olunur.
Bizdə isə xalqın kiçik bir hissəsindən başqa heç kim xoşbəxt deyil. Dövlətlər ali məqsədlərini yaddan çıxarıblar. Dövlətçilik ideyasından ali məqsədi çıxardıqda geridə yalnız sərhədlər qalır. Reallıqda bizdə dövlət olmağa yox, vətəndaş olmağa çalışırıq, dövlətin layiqli vətəndaşı olmağa. Bizi inandırıblar ki, layiqli vətəndaş olmalıyıq. Heç kim sual vermir: Əgər mən layiqli olmalıyam, bütün həyatımı bu yolda sərf etməliyəmsə, bəs dövlətim haradadır? Daha doğrusu, mən bu dövlətçiliyin nəyindəyəm? Bizi inandırıblar ki, biz olmadan da dövlət mövcud ola bilər. Formal olaraq, bəli. Halbuki məni xoşbəxt etmək üçün yaradılmış bir dövlət mən olmadan niyə və necə mövcud olmalıdır?
Bütün sistemlər insanı və onun hüquq və azadlıqlarını ali dəyər olaraq görməyi unudublar. İnsanları xoşbəxt etmək və onların azadlıqlarını təmin etmək üçün yaranmış ideya bu gün var olmaq naminə öz yaranma səbəblərini qurban verməyə hazır görünür. Hər fürsətdə ilk qurban verilənlər insanlar və onların hüquqları olur.
Nəticə etibarilə, dövlətçiliyimiz də yarımçıq qalır. Məhkəmələr təsirlə idarə olunur, çünki dövlətçilik dəyərlərində öz yerlərini yadırğayıblar. Hakimiyyətimiz hakimiyyət deyil, müxalifətimiz müxalifət deyil, siyasətimiz siyasət deyil. Çünki dövlətçilikdə onların real rolları və mövcud olma səbəbləri ikinci dərəcəlidir. İnsan və insanı insan edən təməl hüquq və azadlıqlar gedən proseslərin sadəcə formal parçasıdır. Uzun sözün qısası, bizdə dövlətçilik hələ oturmayıb. Bu formada davam etsə oturan da deyil, çünki onu başqa yerə oturtmağa çalışırıq.
Bəs Demokratiya, Avtoritarizm, Dikdatura, Monarxiya və s.? Dövlət olmadan dövlətin idarə formasına nə hacət? Bizdə xım düzgün tökülməyib. Bu “fundamentlə” heç bir sistem bərkiyə bilməz. Əvvəlcə sistem qəbul etməlidir ki, dövlət insanların xoşbəxtliyi üçün yaradılıb və insanlar olmadan dövlət boş tövlədən başqa bir şey deyil. Dövlətçiliyin təməl dəyərləri – insanın təməl dəyər olmasıdır. Ondan sonra nə Avtoritarizm, nə Monarxiya, nə də Dikdatura istəsən də mövcud ola bilməz. Çünki təməlində insanın hüquq və azadlıqları dayanan dövlətçilik bu formaları qəbul etmir. Dəyərləri oturuşmuş bir dövlətdə bu idarə formaları öz-özünə sıradan çıxır.
Əmin ola bilərsiniz ki, bu gün Gürcüstan Parlamentini iki il bağlayıb heç açmasalar, biz onun fəaliyyət göstərmədiyini belə hiss etmərik. Çünki təməli boş olan sistemin institutları da formal olur. Onların heç biri mövcud olma səbəbi olan dəyərlərə xidmət etmir. Ona görə də əvvəldən başlamalıyıq: dövlət haradadır?
Ayhan HƏSƏNLİ
Hüquqşünas