Ötən yüzilliklərdən fərqli olaraq XXI əsrdə dövlətlər öz iqtisadi gücünü və nüfuzunu artırmaq üçün daima yeni yollar və metodlar axtarışında olurlar. Çünki yaşadığımız əsrdə ölkələrlə yanaşı böyük şirkətlər də öz əhatə dairələrini genişləndirməyə çalışırlar. Dövlətlərin bu mübarizədə istifadə etdiyi onların iqtisadi gücüdür. Hər bir ölkənin iqtisadi potensialı onun əhalisinin yaşayış və rifah səviyyəsini müəyyən edən əsas faktorlardan biridir. Əgər dövlət yüksək yaşayış səviyyəsinə malik vətəndaşlara sahibdirsə, bu daha yaxşı mütəxəssisləşmiş və yetişmiş kadrlar, ixtisaslaşmış insan resursları deməkdir. Daha dəqiq desək, sərhədsizləşən dünyamızda dövlətlər nəhəng şirkətlərlə rəqabətdə öz milli maraqlarını və varlığını qorumaq üçün əhalisinə daha yaxşı həyat şəraiti yaratmağa çalışırlar. Bunun üçünsə dövlətlər öz vətəndaşlarını sərhədləri daxilində saxlamaq, öz elm adamlarını ölkə maraqlarına xidmət etmələri üçün onları xarici şirkətlərin cəlbedici iş təkliflərindən yayındırmaq və yerli bazarda öz peşəkar mütəxəssislərinin ölkə maraqlarına xidmət göstərmələrini təmin etmək, yüksək texlonoji avadanlıqlarla və yüksək əmək haqlarının olduğu xüsusi ərazi və ya zonaların – azad iqtisadi zonaların qurulmasına ciddi cəhdlər göstərirlər.

 

Azad iqtisadi zonalar mərkəzi hökümətdən sərbəst öz xüsusi qanunvericiliyi olan və dövlətin gömrük-rüsum vergilərindən azad edilən yeni müasir tipli ərazi vahidləridir. Bu ərazilər əsasən dəniz limanlarının  ətrafında, əsas ticarət yollarının üzərində qurulur. Azad iqtisadi zonaların bir necə növü mövcuddur. Onların sahələri adətən 50-1000 hektar arası dəyişməkdədir və bu ərazi daxilində yerləşən bütün qurum və təşkilatlar sadələşdirilmiş və ya tamamilə vergilərdən azad edilmiş olurlar. Bu cür ərazilərin fəaliyyəti nəticəsində regionda ticarət dövriyyəsi artır, investisiya və sərmayələrin yatırılması sürətlənir, məşğulluq güclənir, yeni iş yerləri açılır, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənır, ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması imkanları genişlənir, texniki mərkəzlər, elmi araşdırmalar istehsala cəlb edilir.

 

Hazırda bu cür zonaların yerləşdiyi bir çox ölkə mövcuddur və onların ixrac-idxal proseslərinin 70-80%-i bu ərazilərdən keçməkdədir.

 

Ölkəmizdə bu cür azad zonanın yaradılması ideyası 2008-ci ildə ortaya çıxdı və bu ərazinin Poti şəhər  limanında qurulması qərara alındı. Təbii liman şərtlərinə görə Potinin Batumi şəhərindən daha əlverişli olması ona olan maraq dairəsini də genişlətdi və elə həmin il BƏƏ yatırım inverstorlarından biri bu azad zonanın 49 illik müqavilə əsasında 51% hissəsini satın alaraq Poti ərazisində azad sənaye-inkişaf fəaliyyətlərinə başlayacaqlarını bildirmişdilər.

 

Cəbubi Qafqazda bu cür sadəcə iki azad zona mövcuddur. Bu zonaların sayının az olmasına baxmayaraq artıq 10 ilə yaxındır ki, aktiv olan bu zonalardan biri Gürcüstanda (Poti limanında), digəri isə Ermənistanda (Gümrü şəhərində) fəaliyyət göstərir. Qafqazda qonşu dövlətlərlə müqayisədə daha geniş iqtisadi imkanlara malik olan Azərbaycanda isə bu cür zonalar builədək mövcud deyildi. Ancaq cari ilin may ayında Xəzər dənizinin sahilində yerləşən Ələt qəsəbəsində Ələt azad iqtisadi zonasının yaradılmasına qərar verildi. Bu zonanın Qafqazda daha perspektivli və cəlbedici olacağı güman edilir. Qafqazdakı hazırkı aktiv azad zonaların isə Gürcüstan və Ermənistanın ölkə iqtisadiyyatına elə də güclü təsir qabiliyyəti demək olar ki yoxdur. Çünki bu cür ərazilərin yaradılması, lazımi təchizatla təmin  edilməsi və ixtisaslaşmış yerli kadrlarla doldurulması müəyyən miqdarda əlavə vəsait də tələb edir.

 

Dünyanın müxtəlif ticarət qovşaqlarında yerləşən bu tip ərazilərə sahib olan ölkələr iqtisadi göstəricilərində daimi və stabil inkişaf tendensiyalarına malikdirlər. Məhz buna görə də, bizim regionda azad zonaların yaradılması və sayının çoxaldılması tək bir dövlət üçün deyil, həmçinin region üçün çox böyük imkanlar deməkdir.