Koronavirusun yaratdığı böhran Gürcüstan iqtisadiyyatına ciddi zərbə vurdu. Rəsmi statistika da bunu göstərir. Statistika İdarəsinin məlumatına görə, 2020-ci ildə Gürcüstan iqtisadiyyatı orta hesabla 6,1 % azalıb. Daha aydın şəkildə desək, iqtisadiyyatın azalması o deməkdir ki, ölkədə şirkətlər az mal istehsal edir və az xidmət göstərir. Bu isə, az işçi qüvvəsi deməkdir ki, işsizliyin artmasına səbəb olur.

 

Rəsmi statistikaya əsasən, Gürcüstanda 2020-ci ilin dördüncü rübündə işsizlik səviyyəsi 20,4 % artıb. İllik göstərici ilə işsizlik 3,8 % artıb. Aydındır ki, ölkədə kölgə iqtisadiyyatının payının böyük olduğunu nəzərə alsaq, işsizlik səviyyəsinin çox olduğu ehtimal olunur.

 

İşsizliyin artması ilə yanaşı əhaliyə larinin dəyərdən düşməsi problemi də əlavə olundu. Ötən il lari dollarla müqayisədə rekord dərəcədə ucuzlaşdı. Hətta 2020-ci ilin mart ayında 1 ABŞ dollarının dəyəri 3,58 lari təşkil edirdi. Həmçinin bu il də larinin ucuzlaşması – 1 ABŞ dollarının təxminən 3,29 laridən 3,32 lari çərçivəsində olması da faktdır.

 

Milli valyutanın ucuzlaşması ölkədə mövcud olan qiymətlərin səviyyəsinin artmasına təsir göstərdi. Gürcüstanda əsas istifadə məhsulları və xidmətin 70 %-dən çoxu idxal edilir. Ölkənin əsas istifadə məhsulları idxal edilirsə, bu o deməkdir ki, xarici valyuta, konkret olaraq dollar bizə lazımdır ki, ölkəyə müxtəlif lazımı məhsullar gətirək.

 

2021-ci ilin yanvar ayında ötən ayla müqayisədə Gürcüstanda inflyasiya səviyyəsi 1,1 faiz, illik inflyasiya səviyyəsi isə 2,8 faiz təşkil edib. Ancaq inflyasiyanın aşağı səviyyədə olmasına baxmayaraq real olaraq əhali üçün yaşam yenə də çətinləşdi. Çünki bu bir il ərzində qida məhsuallarının qiyməti əhəmiyyətli dərəcədə artdı. Məsələn, günəbaxan yazğının qiyməti 27,3 % , balığın 10,4 %, süd, pendir və yumurtanın 9,1 %, çörək və un məhsullarının qiyməti isə 7,5 % artıb.

 

Bunlar gündəlik yaşam üçün vacib olan məhsullardır. Hələ 2019-cu ildə inflyasiya 6,2 % olan zaman Milli Bankın direktoru bildirmişdir ki, məhsulların qiyməti larinin ucuzlaşmasına görə artıb.

 

Bu gün Gürcüstanda əhalinin gəliri azalıb. İlkin istifadə məhsullarının qiyməti isə artıb. Bu isə firavanlığın azalması deməkdir. Statsitikaya əsasən, 2020-ci ildə Gürcüstanda pensiya və sosial yardım paketi alanların sayının 958 317 nəfərə çatması da ağır iqtisadi vəziyyətin göstəricisidir. Xatırladaq ki, ölkədə cəmi 3,7 milyon adam yaşayır.

 

Təəssüf ki, gələcək pespektivlər də ümidverici deyil. Əgər müxtəlif təşkilatların proqnozuna əsaslanarıqsa, 2021-ci ilin birinci rübündə Gürcüstan iqtisadiyyatı yenə də azalacaq. Məsələn, ISET Araşdırmalar İnstitutu cari ilin ilk üç ayında iqtisadiyyatın 3,5 % düşəcəyini güman edir. Gürcüstanın Büdcə Ofisi isə ilk rübdə iqtisadiyyatın 4,6 % azalacağını gözləyir.

 

Həmçinin biz hökumət, yaxud beynəlxalq təşkilatların proqnozuna istinad edəriksə, cari ildə Gürcüstan iqtisadiyyatı bərpa olunmayacaq. Bu o deməkdir ki, 2021-ci ildə Gürcüstan iqtisadiyyatı 2019-cu ilin səviyyəsinə qayıtmayacaq.

 

Müəllif: Nodar Sirbiladze

Gürcü dilindən tərcümə: A.Əliyeva