28 mayda təhsil naziri bizi əmin edirdi ki, 2026-2027-ci tədris ilinin əvvəlində 1-ci, 7-ci və 10-cu sinif şagirdlərini gürcü dili, tarix, coğrafiya, kimya, biologiya, fizika və riyaziyyat fənləri üzrə yeni dərsliklər qarşılayacaq. Givi Mikanadze onu da bildirdi ki, nazirlik tərəfindən hazırlanan və bütün məktəblərə paylanacaq dərsliklər tədris ili boyu təkmilləşdiriləcək:
“Dərsliklər qapalı rejimdə yaradılmayacaq. 15 sentyabrdan etibarən məktəblərə daxil olacaq bütün dərsliklər birbaşa tədris prosesində pilot mərhələsindən keçəcək və bu pilot layihə eyni vaxtda bütün məktəblərdə tətbiq olunacaq. Növbəti akademik il boyu müəllimlər və valideynlər dərsliklərin qiymətləndirilməsi, təkmilləşdirilməsi və rəy bildirilməsi prosesində birbaşa iştirak edəcəklər”.
“2000-dən çox məktəb üçün dərsliklərin çap olunması və bunun pilot rejimdə həyata keçirilməsi nə dərəcədə əsaslandırılmışdır və ya mümkündür” sualına sahə mütəxəssisləri cavab verirlər ki, Təhzil Nazirliyi özünü sığortalayır. “2000 məktəbdə pilot sınağının keçirilməsi, əlbəttə ki, absurddur. Bu konseptual olaraq da absurddur və onların bu qədər məktəbdəki prosesləri izləmək üçün resursları da yoxdur” – Qafqaz Universitetinin professoru və Təhsil Nazirliyində Milli Tədris Planının inkişafı üzrə keçmiş koordinator Niko Silaqadze bildirib.
Sahə mütəxəssisi EDU.ARIS.GE-yə təqdim etdiyi məktubda təhsil nazirinin 28 may tarixli bəyanatlarına qarşı bir neçə mövzuda real faktları ortaya qoyur və yaradılmış illüziyaları faktlarla alt-üst edir:
“2026-cı il mayın 28-də təhsil nazirinin parlamentdəki interpelyasiyasının şahidi olduq. Givi Mikanadze parlament müxalifətinin təhsil islahatı ilə bağlı verdiyi 44 sualı “cavablandırıb”. 44 sualdan 8-i ümumi təhsil islahatı komponentinə aid idi, müvafiq olaraq, nazir məktəblə bağlı məsələlərin müzakirəsinə də müəyyən vaxt ayırdı.
Görüşün gedişində Givi Mikanadze öz qurumunun əməkdaşlarına dəfələrlə təşəkkür etdi. “Gürcü arzusu”nun deputatları isə naziri “mükafata layiq daşı qaldırdığına”, yəni təhsil islahatını ayağa qaldırdığına və bu iş üçün göstərdiyi böyük səylərə görə tərifləyirdilər.
İnsanların bir-birinin əməyinə dəyər verməsi, əlbəttə ki, çox yaxşı haldır. Bir məqam olmasaydı, bütün bunları dinləmək xoş olardı – nazirin və “Gürcü arzusu” deputatlarının təhsil islahatı adlandırdıqları şey əslində təhsil islahatı ilə yalnız dolayı yolla bağlıdır.
Üçsaatlıq görüş çərçivəsində heç kim bunlardan söhbət açmadı:
- Təhsil məzmunları;
- Vətəndaşların keyfiyyətli təhsilə və təhsilin keyfiyyətinə ümumi əlçatanlığını yaxşılaşdıran və ya pisləşdirən səbəb-nəticə əlaqələri;
- Gürcüstanın təhsil sisteminin inkişafına mane olan problemlər.
Təhsil islahatı çərçivəsində hansı nəticələrin əldə olunacağını təxmin edirsinizmi? Təhsil naziri bu suala da cavab vermədi (Baxmayaraq ki, bu sual müxalifət tərəfindən ona yazılı şəkildə təqdim olunmuşdu (41-ci sual).
Müzakirənin, ilk baxışdan, “təhsilin keyfiyyəti” və “keyfiyyətli təhsilə bərabər çıxış imkanları” mövzusundan kənara çıxa bilmədiyi hallarda belə, biz az-çox dərininə gedən bir müzakirə deyil, yenə də texnokratik bir səthilik görürdük. Həmin interpelyasiyada bunun ən azı beş belə halını/nümunəsini müşahidə etdik:
(1) Nazir ali təhsil islahatı ilə çox öyünürdü. Universitet proqramlarının bir-birinin ardınca “3+1” formatı adlanan sistemdə akkreditasiyadan keçdiyini qeyd etdi, lakin əsas sual yenə də cavabsız qaldı:
– Universitet proqramları müddətinin qısaldılmasının onların keyfiyyətinin yüksəlməsinə və yaxşılaşmasına səbəb olduğu harada görünüb?
Belə bir üslubda qısaldılmış proqramlara problemsiz şəkildə akkreditasiya verən Təhsilin Keyfiyyəti üzrə İnkişaf Mərkəzinə ayıb olsun (Sanki bir müddət əvvəl eyni universitetlərlə “4+2” formatında tərtib olunmuş proqramların məqsəd və nəticələrinin reallaşdırılması üçün lazım olan zaman məhdudiyyətləri barədə mübahisə edən özü deyilmiş kimi).
(2) Müəllimlərin peşəkar inkişafı sxemindən danışarkən nazir köhnə sxemi yeni “müasir” sxemlə əvəz etdiyimizi heç bilmirsiniz də deyə rəqiblərinə lağ etdi. Bunu dedi və qalibiyyət ədası ilə parlament müxalifətinin üzvlərinə elə baxdı ki, sanki “yeni sxem”də həqiqətən də yeni nə isə var idi (2025-ci il dekabrın 31-də sxemdə etdikləri dəyişikliklər kimi kosmetik xarakterli dəyişikliklər əvvəllər də dəfələrlə “köhnə sxem”ə daxil edilmişdi).
Heç kəs bu suala cavab verməyə çalışmadı – “yeni sxem” çərçivəsində müəllimin peşəkar inkişafı nəyi nəzərdə tutur?
Cəhd etmədilər, çünki çıxış nöqtəsi olaraq yenə də həmin “müəllimin peşə standartı” və “fənn xüsusiyyətləri”ni əsas götürürlər; keyfiyyət dəyişikliyi kimi isə kosmetik düzəlişləri qələmə verirlər.
(3) Nazir inklüziv təhsili də dəfələrlə qeyd etdi – sən demə, Müəllimlər Evi ibtidai sinif müəllimləri üçün bu istiqamətdə treninqlərə başlayıbmış, lakin bu treninqlərdə müəllimlərə nə öyrədildiyi barədə heç nə deyilmədi. Ümid edirəm ki, 2026-cı il yanvarın 26-da təsdiqlənmiş “Ümumi Təhsil Sisteminin İnkişafı üzrə Milli Konsept”də yazdıqlarını – mərkəzləşdirilmiş-kütləvi treninqlər vasitəsilə bütün müəllimlərə, indiyədək multi-komandanın üzvlərinin belə anlamaqda çətinlik çəkdiyi psixoloji məzmunlu məsələləri öyrətməyi ciddi şəkildə etmək fikrində deyillər.
(4) Nazir müxalifətin peşə təhsili ilə bağlı suallar verməməsindən çox hiddətlənmişdi – buna görə də onları qeyri-kompetentlikdə qınayırdı. Lakin, bir qədər sonra, artıq “Gürcü arzusu”nun deputatları: – Peşə kolleclərində təhsilin keyfiyyətini nə ilə yaxşılaşdırmağı düşünürsünüz? – deyə soruşduqda (bununla kollec məzunlarının səriştəsinin də bu mərhələdə o qədər də qibtəolunacaq vəziyyətdə olmadığına işarə edərək), Mikanadze bu sualdan yan keçdi.
O, peşə təhsilinin əhəmiyyəti, yeni kolleclərin tikintisi prosesi və kolleclər üçün kontingentin artırılması mexanizmləri (vahid milli imtahanlarda kəsilən tələbələrə birbaşa kollecə keçmək üçün “alternativ” yaradılması nəzərdə tutulur) barədə çox danışdı. Elə danışırdı sanki təhsil müəssisələri tərəfindən daha çox tələbənin qəbul edilməsi hansısa baxımdan keyfiyyətin yüksəldilməsinə töhfə verirmiş.
Görünür, peşə və inklüziv təhsil istiqamətində eyni məntiqlə hərəkət edirlər – əgər qurum/təhsil müəssisəsi az sayda benefisiarın inkişafının öhdəsindən gələ bilmirsə, çıxış yolu onlara daha çox insan üçün eyni xidməti göstərməyi tapşırmaqdır – sözün əsl mənasında qüsursuz məntiqdir, deməyə söz yoxdur.
(5) Nazir ən böyük ruh yüksəkliyi ilə yeni dərsliklər barədə danışdı. Xüsusilə qeyd etdi:
– Məktəbin iki, üç və ya daha çox dərslik arasında seçim etmək məcburiyyətində qalması dərsliklərin keyfiyyətinə necə də zərər vurur;
– Sən demə, qrifləşdirmə prosesinə bir çox yaxşı müəllif cəlb olunubmuş və hazırkı kitabların bir çox fəsli heç də pis deyilmiş (görünür, hazırda qüvvədə olan və ya qrif verilməsi prosesində bəyənilməyən kitabları kosmetik şəkildə yenidən redaktə etmək və sentyabrda onları “inqilabi dərəcədə yeni məhsul” kimi elan etmək niyyətindədirlər);
– Psixoloqlar və müəlliflərin guya öz əlləri ilə həyata keçirilən hansısa araşdırmadan da danışdı; sanki hələ də inkişaf etdirilən və hələ də ehtiyac duyulan əlavə rəqəmsal resursları qeyd etdi;
– Həmçinin, bütün, yəni 2000-dən çox məktəbdə həyata keçirilməli olan çox qəribə bir pilot sınaq formatı barədə də danışıldı. Pilotlaşdırma, bir qayda olaraq, hər hansı bir şeyi bütün məktəblərə daxil etməzdən əvvəl, onun kiçik miqyasda tətbiq olunub yoxlanılmasını nəzərdə tutur. Heç bir hazırlıq görülmədən 2000-dən çox məktəbə elə-belə paylanmış dərsliklərin hansı məntiqlə pilot layihə adlandırıldığını isə qoy bu prosesin həqiqətən də onların rəylərini və pedaqoji təcrübələrini öyrənmək üçün elan edildiyinə inanan müəllimlər müzakirə etsinlər (əslində, bu təşəbbüsün mahiyyəti gün kimi aydındır – əgər insanlar nazirliyin yazdığı, daha doğrusu, yeni üslubda yenidən köçürdüyü köhnə kitabları bəyənməsələr, deyəcəklər ki, bu, real tətbiq prosesi deyil, sadəcə pilot sınağıdır).
– Kitabların qalınlığının/ağır kitab daşımağın uşağın sağlamlığına necə zərər vurduğundan və məktəblərdə on hissəyə bölünmüş kitabların semestr-semestr paylanmasının nə üçün daha yaxşı olduğundan danışdı (hansı ki, bu halda uşaq fənnin bütün məzmununu ildən-ilə bütöv görə bilmir; kitabı vərəqləyib fənnin ümumi konturlarını dərk etmək imkanından məhrum olur); Nazir məktəb dərslikləri ilə bağlı yuxarıda sadalanan məsələlərin müzakirəsinə kifayət qədər çox vaxt sərf etdi. Buna baxmayaraq, yeni dərsliklərdə nəyin yeni olacağı barədə (ya məzmun, ya da metodoloji baxımdan) bir kəlmə də belə kəsmədi. Təbii ki, Milli Tədris Planı da heç kimin yadına düşmədi (nazir bu sənədi tamamilə fərqli bir kontekstdə, məktəblər üçün tövsiyə xarakterli saatlıq dərs şəbəkəsi hazırladıqlarını qeyd edərkən xatırlatdı). Xatırladaq ki, nazirlik dərslikləri yazmazdan əvvəl Milli Tədris Planını dərc etməlidir. “Ümumi təhsil haqqında” qanuna əsasən (Maddə 26), nazirlik: “ჰ20) Milli Tədris Planı ilə müəyyən edilmiş standartlara uyğun olaraq... ümumi təhsil müəssisəsinin dərsliklərini hazırlayır və onların çapını təmin edir”.
Bundan əlavə, institusional və mənəvi öhdəlik də mövcuddur – kitabları on minlərlə tirajla çap edib məktəb ictimaiyyətini fakt qarşısında qoymazdan əvvəl, yeni dərsliklərin məzmununu cəmiyyətlə müzakirə etməlisən. Mikanadze administrasiyası, 2026-cı il yanvarın 26-da təsdiqlənmiş “Ümumi Təhsil Sisteminin Milli Konsepsiyası”na uyğun gələn Milli Tədris Planını dərc etməyib. Bununla da o, cəmiyyətə açıq şəkildə bildirdi ki, tədris proqramlarının məzmunu, fənlərin pillələr üzrə bölüşdürülməsi və digər bu kimi məsələlər şəxsi işdir: yəni bu, Givi Mikanadze, Tamar Maxaraşvili, Lali Kalandadze, Eka Kvirikaşvili və nazirliyin digər bu kimi məmurlarının şəxsi işidir, cəmiyyətlə razılaşdırılmalı olan bir məsələ deyil.
Milli Tədris Planının “oyundankənar vəziyyətdə” saxlanılması, xüsusən də nazirin interpelyasiyada məktəbin orta pilləsinin təşkili barədə artıq hazır/razılaşdırılmış bir konsepsiya formatında danışdığını nəzərə alsaq, daha da təhqiramizdir. O, qeyd edirdi:
- Guya artıq nəzərə aldıqları beynəlxalq təcrübəni;
- Konkret pillələrin missiyasını: (a) sən demə, “fundamental fənlərin” mühüm olduğu əsas pillədən fərqli olaraq, 10-11-ci siniflərdə dar ixtisaslaşmadan daha çox diqqətin başqa şeyə yönəldilməsi lazım imiş; (b) ümumi təhsil ilə peşə istiqamətinin bir-birinə necə möhkəm bağlanmalı olduğunu;
- Dərsliklərin məzmununun razılaşdırılması prinsipini (tarix proqramı nümunəsində).
Nazir repetitorluğun böyük əhəmiyyətini vurğulamağı da unutmadı. Bunun əvəzinə isə 12-ci sinfin əhəmiyyətini hər vəchlə azaltmağa çalışdı (bunun ləğv edilməsinin ali təhsil məntiqindən irəli gəldiyinə işarə etdi).
Givi Mikanadze bu kimi məsələlər barədə uzun-uzadı danışdı, lakin bütün bunların əyani şəkildə yazıldığı Milli Tədris Planını nə vaxtsa bizə göstərəcəyinə dair heç vəd də vermədi (Məsələn, orada repetitorluğun hansı məqsədlə mövcud olduğu, həm var olan, həm də sanki ümumi təhsilin bir hissəsi olmayan 12-ci sinifdə nəyin tədris olunduğu və s. görünür).
Təəssüf ki, Milli Tədris Planına qarşı təxribatla yalnız Mikanadze administrasiyası məşğul olmur. Nədənsə bu sənədə nə parlament, nə də parlamentdənkənar müxalifət rəğbət bəsləyir (Bir qayda olaraq, onu heç yerdə xatırlatmırlar).
Nazirin təqdimatından onu da öyrəndik ki, sentyabrdan etibarən 1-ci, 7-ci və 10-cu siniflərdə yeni kitablarımız olacaq: gürcü dili, tarix, coğrafiya, kimya, fizika, biologiya və riyaziyyat fənləri üzrə; bununla belə, musiqi, təsviri incəsənət və vətəndaşlıq kimi digər fənlərdə niyə eyni imtiyazdan məhrum olacağımızı izah etməyə zəhmət çəkmədilər (Ümid edirəm ki, bu fənlərlə bağlı fərqli planları olduğu üçün deyil).
Artıq danışmağa dəyməz ki, islahatın digər, təhsilin məzmunundan nisbətən uzaq olan istiqamətlərindən bəhs edilərkən də məzmunlu vurğular ön plana çıxmadı. Nazir burada beş islahat istiqamətinə toxundu:
(a) İnfrastrukturla bağlı məsələlər artıq yalnız Təhsil Nazirliyinə aid deyil (Sən demə, məsuliyyəti İnfrastruktur və Regional İnkişaf Nazirliyi ilə bölüşüblər); yəni bundan sonra uçub-dağılan və qəzalı vəziyyətdə olan məktəblər İnfrastruktur və Regional İnkişaf Nazirliyinin “məsuliyyətindədir”, lakin təmir olunmuş məktəb yenə də Təhsil Nazirliyinin “piar aktivinə” yazılacaq.
(b) Administrasiya üçün maaşların artırılması. Görünür, administrasiya əməkdaşlarının sadiqliyi qiymətləndirilib, yoxsa nazir müəllimlərin maaşlarından hər dəfə: “əgər”... , “onda...”, “buradan irəli gələrək...” formatında danışırdı. Xüsusilə, kadr-əməkhaqqı siyasəti kontekstində fənn imtahanından keçmək öhdəliyini və peşəkar inkişaf sxemini xatırladırdı.
(c) Kadr siyasəti – bu kontekstdə aşağıdakılar nəzərdən keçirilir: 60 kreditlik proqram, aparıcı və mentor müəllimlər, pedaqoji fakültələr, müəllimlərin peşəkar inkişaf sxemi (Təəssüf ki, nazir bu hissədə konkretlikdən qaçdı); həmçinin “antikorrupsiya qanunlarını” da kadr siyasəti ilə əlaqəli şəkildə qeyd edirdi.
(ç) Sən demə, qeyri-formal təhsil komponentindən istifadə etməklə və patriarxlığın səyləri ilə “dəyərlər təhsilinin gücləndirilməsi” davam edir; təbii ki, ruhani şəxslərin məktəbdə nə öyrətdiyinə və ya bu istiqamətdə hazırlanmış ixtisasartırma proqramının nəyi nəzərdə tutduğuna dair heç bir qeyd olunmadan (Aydındır ki, bu barədə sual vermək belə günah sayılır).
(d) Sentyabr ayı üçün məktəb formalarının hazırlanması prosesi də, sən demə, aktiv şəkildə davam edir, lakin böyük gecikmə ilə. Məlum olur ki, 15 sentyabradək formaların çatdırılması yalnız 1-ci siniflər üçün mümkün olur; qalanlarına isə formaları semestr ərzində çatdıracağıq, deyə nazir qeyd edib (Təhsil Nazirliyinin dilində bu cür ifadələr işin ən azı bir il müddətinə təxirə salınması deməkdir).
“Ümid edirəm” ki, sonda məktəb formaları da birinci siniflərin qeydiyyatının taleyini yaşamayacaq – yəqin xatırlayırsınız, bir neçə ay əvvəl bunu necə böyük ruh yüksəkliyi ilə islahatın prioriteti kimi təqdim edirdilər; 16 sentyabrda və sonrakı aylarda doğulan uşaqları birinci sinfə qeydiyyata almayacaqlarını necə qətiyyətlə bəyan edirdilər, lakin bu yaxınlarda həmin tarixi heç bir mərasim olmadan yanvarın 1-nə qədər “çəkdilər”; interpelyasiyada isə bu barədə ümumiyyətlə heç nə xatırlatmadılar.
İnterpelyasiya zamanı Mikanadze və “Gürcü arzusu”nun deputatları təkəbbürlü bir mövqe nümayiş etdirirdilər. Parlament müxalifətinin deputatlarını “islahatın mahiyyətini anlaya bilməməkdə” qınayırdılar. Onu isə demirdilər ki, bu “islahatın mahiyyətini” nə parlament çoxluğunun hər hansı bir deputatı, nə nazirliyin hər hansı bir əməkdaşı, nə məktəb icmasının üzvləri, nə də Mikanadzenin hər regionda intensiv şəkildə görüşdüyü valideynlər bilir.
Bilmirlər, çünki səbəbi bəsitdir – bu islahatın heç bir məzmunu/mahiyyəti bütövləşdirən xətti yoxdur. “Gürcü arzusu”nun islahat adlandırdığı şey, əslində, təhsil sisteminin müxtəlif istiqamətləri ilə bağlı populist piar bəyanatlarının toplusundan başqa bir şey deyil. Bu piar bəyanatlarının konkret sistemli problemlərlə yalnız şərti/səthi bir əlaqəsi var və onların normal şəraitdə təhsil islahatı konsepsiyasının əsaslanmalı olduğu keyfiyyətli təhsillə və ya keyfiyyətli təhsilə bərabər çıxış imkanları ilə heç bir ortaq tərəfi yoxdur.
Təhsil Nazirliyi sistemdəki bəzi şeyləri sistemsiz şəkildə “deformasiya etməyə” çalışır. Elə şeyləri ki, səs-küyə səbəb olacaq – piar xidməti isə sonradan bu səs-küyü “real islahatın” qaçılmaz fonu kimi qələmə verəcək. Bu interpelyasiya da məhz bu qəbildən olan “səs-küyün tirajlanması” məqsədini güdürdü.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə etdi
Aynurə Əliyeva