Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistan və Azərbaycana son rəsmi səfəri maraqla izlənilirdi. Bəzi sosial mediada Rusiya baş diplomatının regiona səfərinin məqsədi Bakı üçün nə dərəcədə faydalı olacağına skeptik yöndə fikirlər söylənilirdi. Buna əsas kimi Lavrovun ilk olaraq Yerevana getməsi və müharibədən sonra regionda yaranmış statusun Ermənistanın xeyrinə tarazlaşdırılma cəhdi göstərilirdi. Həmçinin Lavrovun Ermənistan və Azərbaycan səfərinin “turne” xarekteri daşımaması şübhələri daha da artırdı. Belə ki, rusiyalı nazir öncə Moskvanın ismarıcını erməni rəsmilərinə təqdim edir, əldə olunan nəticə Kremldə müzakirə olunduqdan sonra Lavrov Bakıya təşrif buyurmalı idi. Lakin rus diplomatının Bakı səfəri müəyyən etdi ki, Lavrovun portfeli bölgədə daha çox geniş iqtisadi layihələr nəzərdə tutan sənədlərlə zəngin olmuşdur.
Son zamanlar Rusiyanın Cənubi Qafqaz siyasətində radikal dəyişikliklər müşahidə olunmaqdadır. Əgər, əvvəllər Moskva siyasi təzyiq vasitəsi ilə bölgəni öz təsir dairəsində saxlamağa çalışırdısa, indi Kreml daha çox iqdisadi dividendlər verə biləcək qarşılıqlı əməkdaşlığa üstünlük verir. Moskva yaxşı anlayır ki, Qərb dünyası ilə yaşanan gərgin münasibətlər fonunda Rusiya işğalçı Ermənistanı dəstəkləməklə özünü daha da zərərə uğratmaqdadır. Artıq bu coğrafiyada möcud olan münaqişə ocaqlarında “status-kvo” vəziyyəti saxlamaqdansa, iqtisadi səmərə verə biləcək perspektivli kommunikasiya layihələrinə start verməyin vaxtı çoxdan gəlmişdir. Lavrovun Ermənistan səfərinin əsas mahiyyəti məhz bundan ibarət olduğunu söyləmək olar. Rus diplomat erməni rəhbərliyini inandırmağa çalışır ki, Ermənistanın blokadadan yegənə çıxış yolu çoxşaxəli nəqliyyat dəhlizlərinin açılmasıdır. Regionda dinc həyatın təmin edilməsi və Bakı ilə münasibətlərin normallaşdırılmasında zaman itkisi yalnız Ermənistanın ziyanına işləməkdədir. Bu işlərin nə qədər tez reallaşması daha çox Yerevanın xeyrinə olacaq. Lakin Ermənistan yenə də klassik ənənələrinə sadiq qalaraq regional əməkdaşlıqda qeyri-konstruktiv mövqe nümayiş etdirir. Belə ki, Nikol Paşinyan əsassız olaraq Bakını ittiham etməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur nəqliyyat dəhlizinin açılmasına süni şəkildə əngəl yaratmağa çalışır. Ermənistan Baş naziri 10 noyabr razılaşmasından sonra Azərbaycan ərazisinə yeridilmiş və Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmış diversiya qrupu üzvlərinə “hərbi əsrlər” donu geyindirərək onların azad eilməsini tələb edir. Təbii ki, Paşinyanın bu tələbinin arxasında özünün siyasi ambisiyası dayanır. Hazırda Ermənistanda hökümət böhranı yaşanır və gələn ay keçiriləçək parlament seçkilərindən öncə cəmiyyətdə iflasa uğramış nüfuzunu artırmaq üçün Paşinyan bütün imkanlarını səfərbər etməyə çalışır. Moskvanın Bakıdan erməni diversantlarının azad edilməsi xahişi ona işarədir ki, Kreml də Paşinyanın hakimiyyətdə qalmasına maraqlıdır.
Azərbaycan hər zaman Ermənistanla münasibətləri yaxşılaşdırmağa hazırdır. Lakin Ermənistan cəmiyyətində hökm sürən kin və anti-Azərbaycan ritorikası Azərbaycan-Ermənistan münasibətlərinin iqtisadi aspektlər üzərində qurulmasına maneəçilik törədir. Bunu məhz Lavrov Bakıya son səfərində prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdi.
Hər nə qədər ermənilərin xoşuna gəlməsə də Rusiya regionda maraqlarını açıq şəkildə ifadə edən Türkiyə ilə hesablaşmağa məcburdur. Bunu son zamanlar Türkiyənin beynəlxalq arenada artan nüfuzu, hərbi sənayedə əldə etdiyi uğur və hər iki ölkə arasında nəhəng layihələrin həyata keçirilməsi ilə izah etmək olar. Ərdoğanın planlaşdırılan Şuşa səfəri davamlı sülhün təmin edilməsinə əlavə stimul verəcəkdir.
Sahib MUSTAFAOĞLU