Yəqin ki, hər kəs bugünə kimi ən azı bir dəfə mağazaya və ya alış-verişə gedərkən alınan əyşaları daşımaq üçün nəzərdə tutulan sellofan torbalardan istifadə etmişdir. Digər bir adıyla “polietilen” adlanan bu sellofanlar elə də güclü ağırlığa davamlı olmamalarına baxmayaraq günümüzdə nəinki təkcə mağazalarda, həmçinin də məişət əşyalarından geyimimizə qədər bir çox məhsulların hazırlanmasında, həssas əşyaların daşınması zamanı onların zədələnmədən qorunması və bu kimi məqsədlərlə istifadə olunur.

 

Təəsüflər olsun ki, bu cür torbaların böyük bir hissəsi bir neçə dəfə istifadədən sonra kor-koranə atılır və başda ətraf mühit olmaqla kirlilik, meşə və dəniz canlılarının tələfatı kimi bir çox qlobal problemlərin yaranmasına səbəb olur. Polietilen torbalar kütləvi və ucuz istehsal olunduğundan, hazırda ümumi istifadəyə verilən bu sellofanların sayının trilyonlarla olduğu güman edilir.

 

Polietilen tullantılarının böyük miqdarı dənizlərə və okeanlara atıldığından dəniz canlılarının və onların təbii ekosisteminin məhv olma təhlükəsi yaratmışdır. Bu tullantıları qida kimi zənn edən bir çox heyvan və quş növü də polietilenin qurbanlarına çevrilmişdirlər. Okeanlara üz tutan balıqçı gəmilərinin nəzarətçiləri dəniz və okeanlara atılan bu cür tullantılar suda nəhəng yığın əmələ gətirdiyini və bunun bəzən o qədər böyük miqdarda olduğunu qeyd edirlər ki, okeanda yaranan bu tullantı yığını “Yeddinci Qitə” deyə adlanmağa başlanıldı. Planetin su təbəqəsində yaranan bu cür yığınların ümumi kütləsinin 7 milyon, tutduğu ərazinin isə 3,4 milyon kv. km olduğu güman edilir. Bu, ərazi baxımından Avropanın 3-də biri deməkdir.

 

Düzdür, hər il bu tullantıların müəyyən dərəcədə təmizlənməsi və yenidən emalı üçün ölkələr və qlobal səviyyədə bir çox tədbirlər görülür. Ancaq yenə də buna baxmayaraq hər il bu tullantıların sayı qat-qat artmaqda davam edir. Hazırda istifadəyə verilən plastik məhsulların ən azı 30 %-i sadəcə polietilen torbaların payına düşür. Ekspertlərin fikrincə, belə davam edəcəyi təqdirdə 2050-ci ilə qədər dəniz, okean və digər su hövzələrinə atılan polietilen tullantıların ümumi çəkisinin 150 milyon tona yaxın olacağı və bunun da ən böyük hissəsini yenə də polietilen sellofan torbaların təşkil edəcəyi güman edilir.

 

Polietilen torbalar kənd təsərrüfatı üçün, xüsusilə də qida təhlükəsizliyi üçün əsas təhdidlərdən biri hesab edilir. Belə ki, çürümə prosesi zəif gedən bu cür torbalar əkin və ya təsərrüfat ərazisinə düşdükdə illərlə torpağın məhsuldarlıq səviyyəsinə ciddi təsir göstərir. Bununla birlikdə həmin torpaqda yetişən bitkilərin kimyəvi tərkibində də tədricən dəyişikliklərə səbəb olur.

 

Ötən ildən etibarən ölkəmiz də daxil olmaqla bir çox dünya ölkələri polietilen torbaların istehsalı və istifadəsi ilə bağlı müəyyən qərarlar qəbul etdilər. Bunlar arasında bu cür torbaların qiymətinin artırılması, sellofanların  kağız və ya biotorbalarla əvəzlənməsi kimi qərarlar yer alır. Bu sadalananlar elə də sərt qərarlar olmasa da, ümid edək ki, onlar sayəsində yaxın gələcəkdə müstəb dəyişikliklər əldə edəcəyik.

 

Səlahəddin PİRİYEV