Qəzet yazılarının üslubu bir neçə əsas xüsusiyyət üzərində qurulur: aktuallıq, aydınlıq, konkretlik və oxucunu məlumatlandırmaqla yanaşı, onu düşündürmək. Jurnalist yazısında hissi ifadələr, lirik təsvirlər ola bilər, amma bunlar mətni ədəbi povestə çevirməməli, əsas ideyanı kölgədə qoymamalıdır. Çox vaxt qəzet janrında müəllifin “özünü danışması” deyil, mövzunu danışması əsas şərtdir. Oxucu qəzet yazısında ədəbiyyat dərsi yox, mövzunun faktlara söykənmiş, məntiqli və yığcam izahını gözləyir. Amma son zamanlarda “Yeni Yol” qəzetinin bəzi məqalələrində bu balans pozulur. Mövzudan çox müəllifin şəxsi hissləri, uzun-uzadı bənzətmələri, mövzunun kənar hekayələrlə bəzədilməsi oxucunun diqqətini yayındırır. Faktlar və arqumentlər isə ya azdır, ya da gec təqdim olunur. Nəticədə məqalə xəbərin, araşdırmanın və ya analizin deyil, şəxsi gündəliyin səhifəsinə bənzəyir.

 

Məhz buna yaxşı nümunə kimi Validə Fətullayevanın “Xaricdə axtarılan, daxildə gizlənən” adlı yazısını götürək. Yazının məqsədi insana xoşbəxtliyin əsl mənbəyinin öz içində olduğunu izah etməkdir. Mövzu insani və fəlsəfidir. Amma qəzet üslubunun tələblərinə uyğunluq baxımından ciddi boşluqlar var. İlk olaraq, elə yazının giriş hissəsi poetik və ümumiləşmiş təsvirlərlə başlayır: “İnsan doğulduğu andan nəyisə axtarmağa başlayır...” Bu cümlə ədəbi mətn üçün cazibədardır, amma qəzet oxucusu üçün konkretlik çatışmır. Qəzet mətnində həddən artıq poetiklik bəzən məzmunun sərtliyini yumşaldır, problemi isə kölgədə qoyur. Əgər yazının məqsədi sosial bir məsələni gündəmə gətirməkdirsə, giriş hissə oxucunun zehnində dərhal konkret bir tablo yaratmalıdır ki, faktlarla möhkəmlənsin. Lakin bu girişdə həmin tablo yoxdur. Burada “insan” ümumi bir varlıq kimi təqdim olunur, lakin jurnalistik yanaşmada o insan kimdir, harada yaşayır, hansı vəziyyətlə qarşılaşıb – bu sualların cavabı dərhal verilməlidir.

 

İkinci məsələ isə fakt çatışmazlığıdır. Birinci kursun elə ilk semestrində öyrəndiyim bir qaydadır ki, əgər oxucunu cəzb eləmək istəyirsənsə onu inandırmalısan, onu inandırmaq üçünsə konkret faktlardan, mənbələrdən istifadə etməlisən. Bu yazı isə faklardan kasıb qalıb və məqalə boyu yalnız şəxsi müşahidələr və hisslər təqdim olunub. Əgər xoşbəxtliklə bağlı psixoloqların araşdırmaları, statistika, sitat kimi məlumatlardan istifadə olunsaydı bunlar mətni həm zənginləşdirər, həm də iddialara elmi əsas verərdi. Əks halda, məqalə “mən belə düşünürəm” çərçivəsində qalır. Qəzet janrında isə oxucu müəllifin şəxsi qənaətindən çox, faktlarla dəstəklənmiş nəticəni görmək istəyir.

 

Bundan başqa, yazının yazılma məqsədi aydın deyil. Öyrəndiyim qaydalardan biri də “əgər oxucunu düşündürmək istəyirsənsə əvvəlcə özün düşünməlisən” qaydasıdır. Bunun üçünsə hansısa problem və ya hadisə səni narahat etməlidir ki, sən onun ətrafında düşünüb, onu analiz edib yazasan və oxucu da həmin hadisəni dərk edib bu haqda düşünsün. Validənin yazısında bunların heç biri yoxdur, bəlkə də mən görməmişəm. Yazını oxuyandan şəxsən məni düşündürən onun niyə bu mövzuya toxunduğu, məqsədinin nə olduğu, hansı problemi ortaya qoyduğu fikirləri idi. “Burada müəllif nə demək istəyib?” sualının cavabı yoxdur, həmçinin “o xoşbətlikdən danışır, amma niyə danışır? Yalnız izlədiyi zaman ona təsir edən bir videoya görə?” sualının cavabı da.

 

Ən sonda verilən “iki bitki” hekayəsi maraqlı metaforadır və demək olar ki, məqalənin əsas sübutu kimi təqdim olunur ki, bu da arqument zəifliyini daha da üzə çıxarır. Metafora konkret faktların, statistik məlumatların və ya real həyat nümunələrinin yerini tuta bilmir. Bu səbəbdən məqalə daha çox şəxsi düşüncə yazısına bənzəyir, nəinki ictimai-sosial mövzunu elmi və ya analitik əsaslarla araşdıran bir yazıya.

 

Beləliklə, Validənin yazısı insana xoşbəxtliyin daxildən gəldiyini xatırlatsa da, qəzet üslubunun əsas tələblərinə tam uyğun deyil. Yuxarıda da qeyd etdiyim kimi, oxucu faktlara, dəqiq arqumentlərə və aydın struktura daha çox ehtiyac duyur. Şəxsi təcrübə və poetik təsvirlər maraqlıdır, amma qəzet səhifəsində onları yalnız əlavə, əsas arqumentləri dəstəkləyən vasitə kimi görmək lazımdır. Həmçinin subyektivliyi bir kənara qoyub obyektiv olmaq və hiss və fikri düzgün balansda təqdim etmək lazımdır. Əks halda, məqalə öz funksiyasını itirir və “necə olur olsun, təki yazı olsun” formatında olur. Bu tipli məqalələrin yeganə faydası isə tənqid etməyə mövzu axtaranlar üçün əla material olmasıdır.

 

Çiyalə OSMANOVA