Hamımızın bildiyi kimi, yeni koronavirus (COVID-19) dünyada gözləniləndən daha sürətlə yayıldığı üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu hal qlobal pandemiya kimi dəyərləndirildi. Ekspertlərin fikrincə virusa qarşı vaksinin hazırlanması isə ən tez 2021-ci ilin əvvəllərində mümkün olacaqdır. Hətta bəzi analitiklərə görə, indiyə kimi belə oxşarı olmayan bu pandemiyanın mənfi təsirlərinin və tələfatının miqyası İkinci Dünya müharibəsinə bənzər olacağı istisna edilmir. Bütün bunlardan ən çox təsirlənən sahələrdən biri də, təbii ki, dünya iqtisadiyyatıdır.
2019-cu ilin iqtisadi böyümə göstəricilərində müsbət artımın olması ekspertləri Gürcüstanın 2020-ci ildə də bu tendensiyanı qoruyacağı qənaətinə gətirmişdir. Ancaq təəssüflər olsun ki, gözlənilmədən ortaya çıxan pandemiya nəinki təkcə Gürcüstanı, eləcə də digər dünya ölkələrini 2020-ci il üçün ilkin iqtisadi artım proqnozlarını kəskin aşağı salmağa sövq etdi. Bu ilin ilk aylarında Beynəlxalq Valyuta Fondunun (IMF) açıqlamasında ölkələrin 2020-ci il üçün iqtisadi artım proqnozları elə də ürəkaçan olmadı. Belə ki, açıqlamada virus səbəbindən dünya iqtisadiyyatının ortalama olaraq 5-8% geriləyəcəyinin gözlənildiyi bildirilir. Siyahıda ən böyük geriləmə ABŞ (-8,0%), Kanada (-8,4%), Fransa (-12,5%), İtaliya və İspaniyada (hər ikisində -12,8%) olacağı qeyd edilmişdir. Virusun mənbəyi sayılan Çində isə əksinə olaraq 1,0% böyümə gözlənilir. Gürcüstan üçün isə bu göstərici -4,8% təşkil edir. 2020-ci il üçün bu, mənfi göstərici olsa da, 2021-ci ildə Gürcüstanda yenidən müsbət 4% artım gözlənilir.
Digər ölkələrlə müqayisədə isə, ölkəmizdəki hazırkı durum qənaətbəxşdır. Belə ki, “Galt & Taggart”sın Gürcüstanla bağlı araşdırmasında pandemiya dövründə ölkədə elan edilən müvəqqəti fövqəladə vəziyyət və sərt karantin rejiminin daha ağır nəticələrin qarşısını alması və ölkənin səhiyyə sisteminin yüksək hazırlıq səviyyəsi haqqında xüsusi qeydlər edilmişdir. Araşdırmada, həmçinin, belə davam edəcəyi təqdirdə, ölkə iqtisadiyyatının özünü gözləniləndən daha tez bərpa edəcəyi və qısa vaxt ərzində yenidən qapılarını xarici turistlərə açacağı haqqında da yazılmışdır. Bildiyimiz kimi, turizm ölkə üçün çox önəmlidir. Belə ki, 2019-cu ildə ölkəmizə rekord sayda - 9.3 milyon turist səfər etmişdir və ümumi olaraq keçən il üçün turizm gəlirlərinin 3 milyard dollardan çox olduğu açıqlanmışdır. Bu il isə turistlərin olmaması bu sahədə çalışan insanların gəlirlərinin azalmasına, iş yerlərini itirməsinə səbəb olacağı qaçılmazdır. Qeyd edək ki, ölkədə 159,000 insan turizm sahəsində çalışır.
Hazırda virusun nəzarətə alınması yolunda ciddi işlər görülsə də növbəti dalğaların olacağı da istisna edilmir. Virusa yoluxma halının çoxalmasını və növbəti yoluxma dalğalarının yaranma ehtimalını azaltmaq, iş yerlərini itirən vətəndaşların sosial təhlükəsizliyini təmin etmək məqsədilə hökümət tərəfindən anti-böhran proqramı həyata keçirilir və bunun üçün ümumilikdə 1 milyard lari vəsait ayrılmışdır.
Yuxarıda sadalanan mənfi təsirlərə, təhsil, inşaat, ticarət və maliyyə kimi sektorlarda ləngimələrə baxmayaraq post-pandemiya dövründə iqtisadi fəaliyyət baxımından müsbət dəyişikliklər də gözlənilir. Müsbət dəyişiklərin əsasən səhiyyə, elektron alış-veriş, kənd təsərrüfatı və yerli turizm kimi sahələrdə olacağı gözlənilir. Bu sahələrdə irəliləmələrin olması Gürcüstanın xarici idxaldan asılılığının azalmasına, istehlakçıların xarici məhsullarla müqayisədə bahalı olsa belə yerli məhsullara üstünlük verməsinə, yerli kənd təsərrüfatında istehsalatın artmasına, onlayn alış-verişlərin çoxalmasına, müalicə, müayinə və dincəlmək məqsədilə xaricə üz tutan vətəndaşların bunu etmək mümkün olmadığından yerli turizmin inkişafina öz tövhələrini verməsinə səbəb olacaqdır.
Səlahəddin PİRİYEV