Biz niyə sual verməkdən qorxuruq? Fikir versəniz görərsiniz ki, cümlələrimizin əksəriyyəti nida cümləsidir. Yer kürəsində ən az sual verən bəlkə də bizik, bəlkə də sual verənlər siyahısında ən sonuncuyuq.
Bizdə yaşlı nəsil ümumiyyətlə sual vermir, heç onlara sual verilməsini də istəmir. Bizdə sualı uşaqlar verir ki, bu da təbiidir. Uşaq sual verə-verə, soruşa-soruşa dünyanı öyrənir, dərk etməyə başlayır.
Təəssüf ki, bizdə sual verən uşaqları elə uşaq vaxtından susmağa, sual verməməyə “öyrədirlər”, məcbur edirlər. Uşaq atasından, anasından, nənəsindən, babasından nəsə soruşanda onun sualını ağzında qoyurlar, öyrənmək həvəsini öldürürlər, fikirləşmək istəyinin qarşısını alırlar, dərk etmək qabiliyyətini şikəst edirlər. Sual verən uşağa çox danışan, dırdı, burnunu hər yerə soxan, zəhlətökən, “sən də nə qədər sual verirsən” deyib kompleksə salırıq.
Məktəbdə də onun kimi. Uşaq müəllimə sual verməkdən qorxur, çəkinir. Müəllim də uşaqlara daha çox kirimiş durmağı, dərsə aid olmayan şeyi soruşmamağı, susmağı öyrədir. Müəllimin sual verən şagirdə “böyüyəndə öyrənəcəksən”, “yuxarı siniflərdə keçəcəksən”, “mövzudan kənar sual vermə” və sair kimi ifadələri şagirdlərdə sual verməyə qarşı baryer yaradır və bu cür uşaqlar böyüyəndə də sual verməyə qorxurlar, elə bilirlər sual vermək tərbiyəsizlikdir, buna görə kimsə onları qınayacaq. Beləliklə də, tənqidi düşüncəsi formalaşmayan, sual verməyən, cavab tələb etməyən nəsillər yetişir...
Bir də görürük ki, kimsə soruşmadan-eləmədən avtobusda oturduğumuz yerdəcə bıçağı kürəyimizdən sapladı və ya yolun ortasındaca yumruğu qulağımızın dibinə ilişdirdi. Niyə? – Çünki sual verməyi bacarmır, müzakirə etməyi, düşünməyi, məsələni aydınlaşdırmağı bacarmır. Sualı olmadığı üçün cavab da gözləmir. Soruşmaq, öyrənmək, araşdırmaq, aydınlaşdırmaq, məsləhət-məşvərət eləmək onluq deyil. Çünki evdə bişməyib, qonşudan gəlməyib...
Uşağa paltar alınır, fikri öyrənilmir; uşaqdan soruşan yoxdur, nə rəng, necə köynək, jaket, şalvar, ətək, ayaqqabı istəyirsən. Böyüyür yenə də sual verən yoxdur, hansı universitetdə oxumaq istəyirsən, kim olmaq, nə iş görmək istəyirsən. Soruşan yoxdur, kimlə ailə qurmaq istəyirsən və sair və ilaxır. Hamısını valideyn seçir. Uşaqdır, ağzı nədir sual verə, etiraz edə, fikir bildirə...
Yaxud da hökumət qərar qəbul edir, yeni qanun yazır, qanunu dəyişir, kimisə vəzifəyə təyin edir, kimisə vəzifədən azad edir... heç soruşan, sual verən yoxdur ki, ay vətəndaşlar, belə bir qərar qəbul etmək istəyirik, nə deyirsiniz; belə bir qanun yazırıq, fikriniz nədir; qanunda filan yeri dəyişirik, nə düşünürsünüz; filankəsi vəzifəyə təyin edirik, edəkmi; bəhmənkəsi vəzifədən azad edirik, edəkmi?..
Evdə valideyn, məktəbdə müəllim, cəmiyyətdə adət-ənənə, ölkədə hökumət sual verənlərə qarşıdır. Evdə valideynə sual vermək özbaşınalıq, məktəbdə müəllimə sual vermək tərbiyəsizlik, cəmiyyətdə sual vermək qınından çıxıb, qınını bəyənməmək, hökumətə sual vermək isə qiyam, ixtişaş, cinayət sayılır...
P.S.
Bəlkə də ərəb sözü olan “sual” sözünü başqa ifadə ilə əvəz etməliyik ki, ağzımıza “su+al”ıb oturmayaq. Bəlkə də sual sözü xəbərimiz olmadan şüuraltımızda öz işini görərək sual vermək istəyəndə ağzımıza su alıb susmağı bizə təlqin edir. Bəlkə də bu sözü dilimizə qəsdən soxuşdurublar?..
Nə qədər ki, ağzımıza su alacağıq, sual yox, dərə xəlvət, tülkü bəy olacaq. Nə qədər ki, sual verməkdən qorxacağıq cavab verənimiz olmayacaq. Bu isə bizi həmişə sual altında qoyacaq.
Azər MUSAOĞLU