Bütün cəmiyyətlərin özünəməxsus problemləri olur. Hünər problemsiz olmaq deyil, hünər yaranan problemlərin həll yolunu tapa bilməkdir. Hər dövrün müvafiq problemləri olur, bəs Borçalının bu günkü problemi ilə maraqlanırıqmı?
Problem deyəndə bu gün ancaq əhalinin maddi durumu, rifahı nəzərdə tutulur, lakin bu olduqca yanlışdır. Millət üçün çörək-su qədər önəmli olan başqa faktorlar da var. Kamil cəmiyyətlər hər şeydən əvvəl öz varlıqlarını qorumağı qarşılarına hədəf qoyurlar. Borçalı cəmiyyətinin varlığı isə bu gün böyük təhlükələrlə üzbəüzdür. Diqqət yetirsəniz kiçik bir cəmiyyətin neçə cinaha bölündüyünü çox aydın görə bilərsiniz. Parçalanmağımızdan fürsət tapan yad qüvvələr isə öz şər əməllərini rahatca icra edirlər.
Kimliyimizin birinci ünsürü olan dilimiz yavaş-yavaş aradan çıxarılmağa çalışılır. Marneulidə, Tiflisdə son zamanlarda gənclərimizi təhqir etmək, fiziki təsir göstərmək, “öz vətəninə get” kimi ifadələr işlətmək dəb halını alıb. Biz isə ancaq monitor arxasında iki-üç cümləylə olanları qınaya bilirik, vəssəlam. Feysbukda şərh yazmaqdan başqa heç kimin əlindən heç nə gəlmir. Bəs 21-ci əsrdə durub şiə-sünnü davası aparanda, bir-birimizə dayaq olmayanda, iki kənd arasında dava salanda, bir-birimizin quyusunu qazanda, azad cəmiyyətdə azad mövqe tutmaq əvəzinə səsimizi pula satanda, hansısa siyasi partiya üçün bir-birimizi döyəndə, bir az qolu güclülər milləti qorxudub külli miqdarda pul tələb edəndə bilmirdik ki, belə olacaq? Bilmirdik ki, dağılan sürünü canavar tez qapar? Biz özümüz özümüzə hansı dəyəri verdik ki, gürcü də hansı dəyəri versin?
Millət ortaq bir prinsip ətrafında toplandıqca millətdir, əks halda çox rahat şəkildə yad qüvvələrin oyuncağına çevriləcək bir insan kütləsidir. Borçalıda bu gün hansı yad qüvvələrin təsiri yoxdur ki? Avropanın maliyyələşdirdiyi platformalar, qurumlar milləti öz kökündən qoparmaqdan, çirkin əməllərin təbliğatından başqa heç nə etmir. İranın, Ərəbistanın təsirinə düşənlər din adı altında bir-birini qırır və milli hədəfdən tamamilə uzaqdır. Halbuki dinimiz bizə heç yerdə milli mənsubiyyətinizi atın deməyib. Sözdə millət dərdi çəkənlərimiz də xeyli çoxdur. Söz ilə əməl bir-birini tutmursa, deməli ortada maddiyyat qayəsi var. Gürcüləşməyə meyilli gənclərimizin isə heç ayıbı açılası deyil. Öz dilini xor görənlər, millətindən utananlar da var içimizdə xeyli sayda.
Baxın Borçalının dərdi necə ağırdır. Ümid ancaq gənclərədir, amma gənclərimiz də yanlış yönləndirilir. Tiflisə təhsil almaq üçün göndərilən tələbələrin hansı qüvvənin təsiri altına düşməsi valideynləri maraqlandırmır belə. Tanıdığımız tələbələrin çoxusunun kimlərinsə, xüsusilə də Qərbdən maliyyə alan qurumların təsirinə çox rahat düşə bildiklərini görürük. Qərbin ecazkarlığı, maddi rifahı gənclərimizin ağlını başından alır.
Məktəblərimizdə isə vəziyyət daha da acınacaqlıdır. Xüsusilə kənd məktəblərində müəllim olmayan insanların müəllim kimi fəaliyyət göstərməsi, bir müəllimin bir neçə fənni tədris etməsi, peşəkar müəllimlərin say azlığı, ikidilli təhsil problemi, gürcü və ya rus sektorlarının sayının artması bizi bu fəsadlara gətirib çıxardı. Məktəbli uşaqlardan bu gün roman oxuyan, Nizamini, Füzulini oxuyan neçə nəfər saya bilərik. Həmçinin o uşaqlar Şota Rustavelini də oxumurlar. Çünkü onları ana dilinə yadlaşdırmaqla elmə yadlaşdırırlar. Bu gün yaxınlarımın uşaqlarının ev tapşırıqlarına kömək edərkən sadə tənliyi başa salanda uşaq dönüb “tənlik nədir” deyir. Və ya qoşmadan, gəraylıdan danışsan heç biri anlamayacaq. Tarix desən, ümumiyyətlə, məlumatları yoxdur. Ədəbiyyatını, tarixini bilməyən gənc sabahını hansı tərəzi ilə ölçəcək?
Borçalının yarası ağırdır. Sanki Allahın umuduna qalıb. Hamımız öz işimizdəyik, amma qurd ağacı yavaş-yavaş içdən yeyir.
Cəlal YADİGARLI