Televiziya proqramlarında çox şey görmüşük. Kimisi göz yaşı tökür, kimisi yardım çağırışı edir, kimisi də bir anlıq diqqət çəkib sonra unudulur. Amma bəzən elə anlar olur ki, yaddaşımıza əbədi həkk olunur, qəlbimizə toxunur, düşüncəmizi dəyişir. Mən bu yazımı məni kövrəldən və təsirləndirən yaşanmış bir hadisəni misal gətirərək sizlərə təqdin etmək istəyirəm. Bəlkə də bu hadisəni çoxunuz ya oxumuzsunuz, ya da dinləmisiniz. Bir dəfə də mən sizə təqdim etmək istədim.

 

Hadisə Ərəbistanda yayımlanan bir televiziya kanallarından birində yaşanır. Bir xəstənin həyatı təhlükədə olur. Onun əməliyyatı üçün 150 min dollar lazım gəlir. Proqram canlı yayımlanır, insanlar zəng edərək müxtəlif məbləğlərdə ianələr edirlər. Hər zəng bir ümid, hər ianə bir nəfəs olur. Birdən bir zəng gəlir, “2 dollar bağışlayıram” deyir zəng edən. Aparıcı təəccüblənərək sual verir: “Niyə yalnız 2 dollar?” Cavab isə sadə, lakin möhtəşəmdir: “Çünki cibimdə dörd dollar var, yarısını verirəm. İşsizəm”.

 

O 2 dollar insanların qəlbinə toxunur. Ardınca biri 8000, digəri 10000 dollar bağışlayır. Və hər pul bağışlayan qeyd edir ki, bağışladığı pulun yarısı xəstə üçün, yarısı isə 2 dollar bağışlayan şəxs üçündür. Qısa zamanda əməliyyat üçün lazım olan məbləğ toplanır. Ertəsi gün yenidən proqram hazırlanır. Verilişin bu dəfəki qonağı isə həmin işsiz gənc olur. Onun səmimiyyəti, ixlası tamaşaçıları təsirləndirir. Şirkətlər zəng edərək ona iş təklif edirlər. Kiçik bir infaq bir insanın taleyini dəyişir.

 

Bu hadisə mənə bir həqiqəti yenidən xatırlatdı: infaqın dəyəri məbləğində deyil, ixlasındadır. Allah qatında bəzən 2 dollar 2000 dollardan üstün ola bilir. Çünki birində var-dövlətin artığından verilən var, digərində isə sahib olunanın yarısı.

 

Bu hadisə məni dərin düşüncələrə qərq etdi. Biz bəzən cibimizdə yüzlərlə, minlərlə manat ola-ola paylaşmağa tərəddüd edirik. Amma bu insan sahib olduğu varın yarısını verirdi. Elə bil Qurani-Kərimdəki o ayəni canlı şəkildə oxuyurdu: “Sevdiyiniz şeylərdən infaq etmədikcə xeyirə çatmazsınız” (Ali-İmran, 92).

 

Belə hadisələr əsasən Peyğəmbərimiz dövründə yaşanardı, səhabələr bu cür xeyir işlər görməkdə yarışardılar. Zamanımızda belə insanların var olması insanın və insanlığın qürurlanmasına səbəb olur.

 

Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur”. Bu hikmətli söz yalnız başqasına deyil, özünə də aiddir. Özünə zülm, ruhunu israf etmək, Allahın əmanəti olan ömrü boş yerə puç etmək – bunlar da zərərdir. Amma yaxşılıq edəndə, yardımlaşanda, infaq verəndə insan həm özünə, həm də cəmiyyətinə fayda gətirir.

 

Bir insanın 2 dolları həm bir xəstəni xilas etdi, həm də öz taleyinə yeni səhifə açdı. Bu bizə göstərir ki, kiçik bir yaxşılıq belə böyük dəyişikliklərə səbəb ola bilər. Bəzən bir addım, bir söz, bir ianə bir həyatın dönüş nöqtəsinə çevrilə bilər.

 

Odur ki, cibimizdə az da olsa, ürəyimizdə çox verək. Çünki bəzən verdiyimiz məbləğ deyil onun arxasındakı ixlas dünyaları dəyişir. Böyük yardımlar cibdən çıxar, amma ən təsirli yardımlar qəlbdən gələr.

 

Hacı BƏKİROĞLU