Bildiyimiz kimi, ölkəmizdə qızıl, neft və qaz kimi yeraltı sərvətlər əhalinin tələbatını tam ödəyəcək miqdarda olmadığı üçün Gürcüstan bu kimi resursların böyük qismini xaricdən idxal edir. 2019-cu ilin xarici ticarət balansına baxdıqda görərik ki, ötən il ərzində ölkəmiz xaricə 3.5 milyard dollar dəyərində ixrac, 7.4 milyard dollar dəyərində isə xaricdən ölkəmizə məhsul idxal etmişdir. Göründüyü kimi arada kəskin fərq mövcuddur. Ölkəmizin bir ildə xaricdən aldığı məhsullar xaricə satılandan iki dəfədən çoxdur, bu isə öz növbəsində ticarət balansında mənfi saldo yaranmasına və ölkənin gəlirlərinin önəmli bir hissəsinin xaricə axmasına səbəb olur.

 

Həmçinin təbii yeraltı ehtiyatlara olan ehtiyacla yanaşı ölkə əhalisinin yerli məhsulla müqayisədə idxal olunan ucuz məhsullara daha çox yönəlməsi qısamüddətli zaman kəsiyində insanların gəlir və rifah səviyyəsinə uyğun olsa da bu, ölkədən pul çıxışını daha da sürətləndirir. Bu isə ölkəni xarici idxaldan asılı vəziyyətə salır və ilin sonunda dövlət gəlir və xərclərinin hesablamaları zamanı büdcə kəsiri yaranmasına, bu problemi isə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı kimi donor təşkilatlardan borc alaraq aradan qaldırmağa çalışır. Belə vəziyyət hər il təkrarlandıqda isə borcların ildən-ilə artmasına, əvvəlki ilin borcunu bitirməmiş yeni borclanmalara səbəb olur.

 

Hazırda Gürcüstanın ümumi xarici borcu 17 milyard dollar həcmindədir (Qeyd edək ki, borcların hamısı dollarla deyil). Ölkəmizdə bir ildə istehsal olunan ümumi daxili məhsulun dəyəri isə 15.9 miylard dollar təşkil edir. Göründüyü kimi, ölkənin ümumi borcları daxildəki istehsalatın dəyərini üstələyir. Elə də arzuolunan vəziyyət kimi görünməsə də “Standard & Poor's”, “Moody's”, “Fitch” kimi beynəlxalq reytinq agentlikləri ölkəmizin bu vəziyyətini əvvəlki onilliklərlə müqayisədə stabil hal kimi qiymətləndirir və Gürcüstanı ölkə əhalisinin yaşayış səviyyəsi və illik ortalama gəlirlərinə görə inkişaf etməkdə olan ölkələr siyahısında qeyd edirlər.

 

Post-Sovet məkanında yerləşən Gürcüstan üçün kommunist dünyasının qəfil süqutundan sonra müstəqilliyinin ilkin illərində ölkənin yeni açıq bazar iqtisadiyyatı meydanına atılması onu çox ağır vəziyyətə salmışdı. Yenicə suverenliyini qazanan dövlət yeni tipli iqtisadi əlaqələr qurmaq üçün müəyyən vəsaitə ehtiyac duyurdu. Elə o dövrdən donor təşkilatlar və dövlətlərin müxtəlif yardım paketləri və faizi endirilmiş kreditləri hesabına Gürcüstanda bazar iqtisadiyyatı dirçəlməyə başladı. Bu, ölkədə azad ticarətin inkişafinda mühüm rol oynasa da daxildə davamlı istehsalat olmadığından dövlət borclarını ödəməkdə çətinlik çəkirdi və köhnə borcları ödəmək üçün yeni borclar götürməyə məcbur olurdu. Bu isə hər il ötən ildən qalan borcların üzərinə yeni borcların da yüklənməsinə gətirib çıxartdı. Pandemiyaya qədər olan müddətdə ölkədə bir neçə sahədə (turizm, səhiyyə və s.) nəzərəçarpan inkişafin olması həm əhalinin gəlirlərinin yüksəlməsinə, həm də stabil şəkildə dövlətin borclarını vaxtında ödəməsinə imkan verirdi. Həmçinin Avropa İttifaqi ilə yaxınlaşma Avropa ölkələrinin inkişaf fondlarının (xüsusilə də Almaniyanın) burada yeni tikinti və maliyyə lahiyələrini həyata keçirməsinə imkan yaradırdı. Ancaq yeni koronavirus (COVID-19) 2020-ci il üçün heç də ürəkaçan hadisə olmadı.Virusun yayılması Gürcüstan üçün mühüm önəm kəsb edən turizmə və bu sahədə çalışanlara ağır zərbə vurdu. Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) 2020-ci ilin dekabr ayına qədər dünya ölkələrində virus səbəbindən zərərçəkənləri 1.7 milyad dollar həcmində  maliyyələşdirəcəyini açıqlasa da, ölkə daxilindəki iqtisadi fəallığın əvvəlki kimi olmayacağı güman edilir.

 

Bütün bunlara baxmayaraq ümid edək ki, qarşıdakı illərdə dövlət həm əhalinin yaşayış səviyyəsi və gəlirlərinin artmasını, həm də ölkəmizin xarici borclardan asılılğını azaldaraq vəziyyəti sabit saxlamağa nail olacaqdır.

 

Səlahəddin PİRİYEV