“Gənclər savadlılıq sahəsində, xüsusuilə də fikirlərini cəmləşdirmək və aydın şəkildə ifadə etməkdə böyük çətinlik çəkirlər”; “Gənclər üçün psixi sağlamlıq ən mühüm problemdir”; “Əksər tələbələr kənd təsərrüfatı, energetika, kimyəvi məhsulların istehsalı kimi sahələrdə elmi biliyini karyera inkişafı perspektivi ilə əlaqələndirə bilmir” – Bu, BMT-nin Uşaq Fondunun (UNICEF) tədqiqatının əsas nəticələrindən biridir və bu tədqiqat Gürcüstanda gənclərin bacarıqları və əsas kompetensiyaları ilə bağlı ümumi meyilləri əks etdirir.
2024-cü ilin oktyabr-noyabr aylarında ölkənin yeddi regionunda aparılmış məqsədli araşdırmanın nəticələrinin təqdimatında “EDU.ARİS.GE” iştirak edib. UNICEF-in Gürcüstan nümayəndəliyi nəticələri 15 iyulda ictimailəşdirib. Araşdırmadan məlum olur ki, gənclərin qarşısında dayanan problemlər çoxşaxəlidir, savadlılıq və mental sağlamlıqla yanaşı çoxdillilik, elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), təhsil, rəqəmsal kompetensiyalar, ilkin inkişaf, vətəndaşlıq, sahibkarlıq bacarıqlarını əhatə edir.
Tbilisi, Telavi, Kutaisi, Batumi, Zuqdidi, Qori, Axaltsixe, Axalkalakidə aparılan araşdırmada fərqli akademik iştirakı olan 18-20 yaşlı 155 tələbə iştirak edib. Araşdırma üçün müxtəlif təcrübəyə malik, kəndlərdən, eləcə də şəhərlərdən, müxtəlif etnik qruplardan olan tələbələr seçilib. Araşdırmaya əsasən:
“Tələbələrin dörddə biri fikirlərini toplayıb çatdırmaqda çətinlik çəkib və tez-tez asan, az leksikaya müraciət edib, yaxud, ümumiyyətlə, fikirlərini ifadə edə bilməyiblər. Bu isə əksər hallarda onlarda həyəcan yaradıb”.
“Gənclər üçün, xüsusilə də dövlət dilini kifayət qədər bilməyən etnik azlıqlar üçün yazılı bacarıqlar xüsusilə problemli sahə kimi ortaya çıxdı, çünki onların dil biliyi akademik tapşırıqların öhdəsindən gəlmək üçün yetərli deyildi”.
“Çoxları sosial mediada mövcud olan çətinlikləri də qeyd edib, o cümlədən doğru məlumatı yalan məlumatdan ayırmaq və şəxsi məlumatların təhlükəsizliyi məsələlərini, bu da onların özlərini güvənli hiss etməməsinə səbəb olur”.
Daha ətraflı isə araşdırmanın nəticələri belədir:
• Yeniyetmələr savadlılıqla bağlı mühüm problemlərlə qarşılaşırlar, xüsusilə öz fikirlərini ifadə etmək, yazı və tənqidi düşüncədə çətinlik çəkirlər.
• Etnik azlıqlar gürcü dilini öyrənməkdə çətinliklə qarşılaşırlar, bu, onların akademik iştirakı və inkişafı üçün lazımdır.
• Yeniyetmələr STEM-in əhəmiyyətini bilirlər, amma onların anlayışı məhduddur, xüsusilə də elmi təcrübədən istifadə baxımından.
• Yaxşı rəqəmsal bacarıqlarının olmasına baxmayaraq yeniyetmələr kibertəhlükəsizlik, sosial media savadlılığı və rəqəmsal təhlükələr istiqamətində problemlərlə qarşılaşırlar.
• Yeniyetmələr özünürefleksiya, karyera ilə əlaqədar məsləhət və fərdi inkişaf istiqamətində çətinliklə qarşılaşırlar. Əksər hallarda ictimai və təhsil strukturları ilə bağlı motivasiyasızdırlar.
• Psixi sağlamlıq kritik məsələ olaraq qalır, xidmətlərə çıxış məhduddur və bu mövzuda daha çox təhsilə ehtiyac var.
Gənclərin qarşısında dayanan müxtəlif problemləri nəzərə almaqla “EDU.ARİS.GE” araşdırmaya qoşulmuş tələbələrdən biri – Nini Nasaridzenin fikri ilə maraqlandı ki, o, əsas problemi və həllini nədə görür.
Nininin dediyinə görə, yekun sinif şagirdləri əksər hallarda hansı istiqamətdə təhsillərini davam etdirəcəklərini bilmirlər. Mühümdür ki, kimsə onlara “öz gələcəklərini daha aydın göstərsin”.
“Mənim bəxtim gətirdi ki, özəl məktəb bitirdim. Müvafiq olaraq, bizim ölkədə kütləvi şəkildə olan bəzi problemlər məndə az idi. Buna baxmayaraq, Gürcüstan miqyasında aspektlər var ki, özəl məktəblərdə də diqqət yetirilməlidir. Bunlardan biri karyera təlimatlarıdır. Mən uşaqlıqdan bilirdim ki, təhsili hansı sahədə davam etdirmək istəyirəm. Ancaq mənim sinfimdə, dostlarım arasında çoxları bilmirdi və onlara kömək lazım idi.
Yardım hətta o səviyyədə də lazımdır ki, gənc öz güclü tərəflərini tanıya bilsin – məktəbdə öyrəndiyi nəzəri bilikləri necə həyata keçirsin və onları praktikada necə tətbiq etsin. Məncə, bu baxımdan hər bir şagirdə müəyyən dəstək göstərilməlidir. Aydındır ki, bu bir-iki günə baş verəcək proses deyil, amma artıq addımlar atılmalıdır. Xüsusilə də sonuncu sinif şagirdləri üçün belə bir imkan olmalıdır ki, gələcəklərini daha aydın görə bilsinlər; elə yerlərə qəbul olmasınlar ki, bunun onların istədiyi yer olmadığını iki ildən sonra başa düşsünlər” – deyə Nini Nasaridze bildirib (Qafqaz Universiteti).
BMT-nin Uşaq Fondu problemli sahələri müəyyən etməkdən əlavə araşdırmada tövsiyələr verir. Həmin tövsiyələrin yerinə yetirilməsi gələcək nəsli hərtərəfli dəstək və təhsillə təmin etməlidir.
UNICEF-in tövsiyələri bunlardır:
• Yeniyetmələrin və gənclərin maariflənməsi, emosional və sosial inkişafı baxımından hərtərəfli yanaşma.
• Formal təhsilin və erkən təhsildən ali təhsilə qədər təhsil verənlərin gücləndirilməsi. Bu şagirdlərin əsas kompetensiyalarının effektiv inkişafı üçündür.
• Qeyri-formal təhsil imkanlarının inkişafına dəstək, xüsusilə regionlarda və ən həssas qruplara diqqətin yetirilməsi. Mövcud təhsil və bələdiyyə platformalarının, eləcə də universitetlərin uşaq hüquqları mərkəzlərindən istifadə etmək – burada yeniyetmələr layihələrdə iştirak edə biləcək, bacarıqlarını inkişaf etdirəcək, şəxsi və qrup şəklində inkişaf üçün fəaliyyətlərə qoşulacaqlar.
• Distant özünütəhsil məqsədləri üçün əlçatan rəqəmsal platformanın hazırlanması.
• Dövlət dili səviyyəsini inkişaf etdirmələri üçün etnik azlıq nümayəndəsi olan uşaqlar üçün rəngarəng təhsil və inkişaf imkanlarının yaradılması.
• Karyera təhsilinə və inkişafına dəstək.
• Psixi sağlamlıq haqqında məlumatlandırılmanın artırılması və biliyin ötürülməsi proqramlarının hazırlanması, tətbiqi və gücləndirilməsi. Bu formal və qeyri-formal təhsil və ailələrə istiqamətlənəcək.
“EDU.ARİS.GE” UNICEF-in tövsiyələrinin əsas ünvanının kim, hansı qurum/qurumlar olduğu və BMT-nin Uşaq Fondunun artıq müəyyən edilmiş problemlərlə mübarizədə, tövsiyələrin yerinə yetirilməsində real addımların atılması üçün nə edəcəyi ilə maraqlandı.
UNICEF-in təhsil üzrə mütəxəssisi Natia Coxadze bildirib ki, tövsiyələr ilk növbədə Gürcüstan Təhsil, Elm və Gənclər nazirliyinə ünvanlanıb.
Onun açıqlamasına görə, gəncləri ən çox təhsil sistemi əhatə edir. Söhbət erkən, məktəb, peşə, ali təhsildən gedir. Ona görə də formal təhsil baxımından ilkin və ən mühüm tərəfdaş Təhsil Nazirliyi, təhsil təşkilatları, tərbiyəçilər – müəllimlər, direktorlar və başqalarıdır. Yəni iki əsas istiqamət mövcuddur: biri təhsil ekosistemi, digəri isə qeyri-formal təhsil istiqamətidir ki, bu da yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilə bilər.
“Onların gənclər şuraları var. Şuranın funksiyalarından biri gənclərin qeyri-formal təhsilidir. Bizim tövsiyələrin ünvanı yenə də özəl sektordur. Özəl sektora da kadrlar lazımdır və gənclər orada işlə təmin olunmağa hazırdırlar. Eləcə də valideynlər və bu sahədə işləyən peşəkarlar ünvandırlar. Biz psixi sağlamlıqdan danışanda, ola bilsin ki, məktəbin psixoloqu olmasın, amma biz şagidlərin psixi sağlamlığı üçün nə etmişik?! Bilirik ki, mandatur xidməti işləyir və xidmətlər var, amma düşünməliyik ki, bu nə dərəcədə əlçatan, nə dərəcədə keyfiyyətlidir və nə əlavə edə bilərik. Yəni biz – peşəkarlar, məsuliyyətli vətəndaşlar da bu tövsiyələrin ünvanıyıq. UNICEF-in məqsədi budur ki, bizim dediyimiz və etdiyimiz uşağa çatsın”, – deyə Natia Coxadze bildirib.
15 iyulda baş tutan təqdimatda deyildiyi kimi, araşdırmanın nailiyyətləri ümumi tendensiyaları göstərir, payızda isə onu tam yayımlayacaqlar və bütün tərəfdaşlara veriləcək.
“Onlarla birlikdə oturub işlməyə açıq və hazırıq. “Nə istəyirik?” sualına cavab vermək asandır – Xoşbəxt gənclik. “Buna necə nail olaq?” – Bunun üçün çox işləmək lazımdır”, – deyə UNICEF-in Gürcüstan nümayəndəliyindən bildiriblər.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə etdi Aynurə ƏLİYEVA