Gürcüstanın 2014-cü il əhalinin ümumi siyahıyaalınmasına əsasən, Anaklia - əhalisi cəmi 1,331 nəfərdən ibarət olan Qara dəniz sahilində yerləşən kiçik bir qəsəbədir. Coğrafi baxımdan Anaklia şimaldan İnquri çayı, cənubdan isə Kolxeti Milli Parkı ilə həmsərhəddir. Bu isə onun hər il turistlərin Qara dəniz sahilində gözəl vaxt keçirməkləri üçün üz tutduqları məkanlardan biri halına gəlməsinə, Anakliaya marağın artması isə burada yeni infrastruktur və inşaat işlərinin artmasına səbəb olurdu. Ancaq Gürcüstan bununla kifayətlənməyərək 2016-cı ildə Anakliada geniş dəniz limanının tikilməsinə qərar verdi. Bu yeni layihə Gürcüstan-ABŞ birgə təşkilatçılığı ilə qurulan Anaklia İnkişaf Konsorsiumu tərəfindən dəstəklənərək 2017-ci ilin dekabr ayında inşaat işləri görülməyə başlanıldı. Limanın tam hazır olduqdan sonra 10 000 ədəd gəmi və terminal konteynerlərini qəbul etmək gücündə olacağı bildirilir. Ekspertlərin fikrincə, bu limanın məhz Anakliada işə başlaması Qara dəniz sahilində Gürcüstan limanlarının önəmini daha da artıracağı və ölkəyə iqtisadi baxımdan müsbət təsir göstərəcəyi gözlənilir. Düzdür, Qara dənizdə Anaklia ilə müqayisədə Gücüstanın daha böyük və uzun illərdir ki, fəaliyyət göstərən Batumi, Poti kimi  liman şəhərləri vardır, ancaq onu da unutmamaq lazımdır ki, Qara dənizdə təkcə Gürcüstanın deyil, Türkiyə, Bolqarıstan, Ukrayna və Rusiyanın da önəmli limanları fəaliyyət göstərməkdədir. Bu daimi davam edən rəqabət şəraitində Gürcüstanın bu limanlarını ilk sırada görmək doğrudan da təqdirəlayiqdir.

 

Sözsüz ki, bu limanlar sadəcə ölkəmiz və region ölkələri üçün deyil, qlobal miqyasda da ticarət yoluna çevrilmə potensialına sahibdirlər. Bu barədə Gürcüstanın sabiq iqtisadiyyat naziri Giorgi Kobulia 2018-ci ildə Anakliada baş tutmuş limanın dəniz inşaat işlərinin rəsmi açılış mərasimində bildirmişdir. Onun sözlərinə görə, Anaklia layihəsi Gürcüstanın iqtisadi inkişaf perspektivi baxımından iki ən mühüm məqsədə xidmət edir – bunlardan biri Gürcüstanın coğrafi mövqeyindən faydalanaraq ölkəni qlobal ticarət yolları üçün logistik məkana çevirmək, digəri isə “Dəniz Ölkə” modelini formalaşdırmaqdır.

 

Ölkəmizin limanlara daha çox diqqət yetirməsinin birbaşa və dolayı səbəblərindən biri də Çinin dünya üzrə reallaşdırmağa çalışdığı “Bir kəmər, bir yol” meqalayihəsidir. Digər bir adı Yeni İpək Yolu olan bu meqalayihə haqqında onu deyə bilərik ki, onun əsas məqsədi Asiyanın mərkəzi ilə yol alaraq Avropaya kimi uzanan, lakin artıq süquta uğramış Qədim İpək Yolunun yenidən bərpasını və onun şaxələndirilməsini nəzərdə tutur. Çin rəhbərliyi bu layihə çərçivəsində indiyədək dünyanın 130-dan çox ölkəsində müxtəlif logistik mərkəzlərin və infrastrukturun qurulması üçün 300 milyard dollar həcmində vəsait xərcləmişdir. Çindən başlayacaq bu ticarət yolunun Cənubi Qafqazdan və Qara dənizdən keçməsi artıq çinli rəsmilərlə də baş tutmuş görüşlərdə təsdiqlənmiş (Gürcüstanın tərəfdaşlığı da həmçinin) və bu məsələ ilə bağlı qarşılıqlı razılıq əldə edilmişdir. Yeni İpək Yolu layihəsinin tərəfdaş ölkələrə, ümumilikdə, təxminən 3 trilyon dollara yaxın gəlir gətirəcəyi güman edilir.

 

Anaklia limanının 2020-ci ilin sonlarına yaxın fəaliyyətə başlayacağı gözlənilir. Limanın tam gücü ilə işə salınmasından sonra burada azad iqtisadi zonanın da qurulması istisna edilmir. Çünki hələ 2011-ci ildə Gürcüstan prezidentinin təşəbüsü ilə Anakliadan elə də uzaqda olmayan ərazidə yeni Lazika şəhərinin salınması ideyası irəli sürüldü. Yeni qurulacaq şəhərin eyniylə azad zonalarda olduğu kimi xüsusi hüquqi statusunun olacağı və yerli vergi sistemindən fərqli olaraq İngiltərə qanunvericiliyinə uyğun modelin qurulması nəzərdə tutulmuşdur. Ancaq hökümət dəyişikliyindən sonra bu ideya təxirə salındı. Ekspertlər hesab edirlər ki, həmin bu model yaxın gələcəkdə Anaklia limanına tətbiq edilə bilər.

 

Anaklia liman layihəsinin reallaşdırılması yaxın gələcəkdə Qara dəniz sahilində Gürcüstanı iqtisadi baxımdan möhkəmləndirəcəyi və regionda gələcəyin ilk “Dəniz şəhər” tipli yaşayış məntəqəsi olacağı güman edilir.

Səlahəddin PİRİYEV