Ötən yüz il ərzində artan dünya əhalisi ilə yanaşı dünya iqtisadiyyatı da təxminən 4 dəfə böyümüşdür. Bu tendensiya XXI əsrin ilk illərində xüsusilə hiss edilirdi. Bir çox ölkələrin bazar iqtisadiyyatına keçid etməkləri, xarici ticarət əlaqələrinin miqyasını genişləndirmələri və daxili iqtisadiyyatda özəlləşdirmə prosesinin sürətlənməsi dünya üzrə iqtisadi göstəricilərin yüksəlməsinə öz tövhəsini göstərmişdir. Bununla yanaşı ötən əsrlə müqayisədə aclıq və səfalət, işlə təmin olunma, iş yerlərinin defisiti kimi problemlər və qlobal işsizlik səviyyəsi də öz növbəsində hiss olunacaq dərəcə azalmışdır. Bu isə, insanların ortalama rifah səviyyəsinin yüksəlməsi deməkdir.

 

Ancaq bütün bu müsbət dəyişikliklərə baxmayaraq insanların iqtisadi fəaliyyətlərinin artması qlobal səviyyədə ətraf mühitin çirklilik səviyyəsini və tullantıların miqdarını kəskin artırmışdır. Plastik kütləli maddələr və karbon dioksid bu tullantılar arasında ən çox zərərlilərindən hesab olunur. Xüsusilə Yerin hava qatında yığılaraq istixana effekti yaradan karbon dioksid birləşməsinin həm atmosfer, həm də canlılar təbəqəsinə mənfi təsir etməsi dünya ölkələrini son 20 il ərzində bu barədə ciddi addımlar atmağa sövq elədi.

 

Belə ki, 2018-ci ildə tullantıların təsirlərini müəyyən etmək və azaltmaq üçün 40 ölkədən alimlərin birlikdə apardıqları araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, XXI əsrin ikinci yarısına kimi karbon dioksidin atmosferdəki miqdarı hazırkı səviyyəsini aşacağı təqdirdə dünyada ortalama istilik tempraturu  +2° C dərəcə artacağı güman edilir. Araşdırmaların nəticələrinə əsasən, vəziyyət o qədər gərgindir ki, hazırda dünyadakı karbon dioksid istehsal edib atmosferə buraxan bütün zavod, fabrik, avtomobilləri dayandırsaq belə ortalama olaraq dünya istiliyinin  +1,5° C dərəcə artmasının qarşısını ala bilməyəcəyik.

 

Hər il təşkil onunan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası bu məsələnin həllini  2015-ci ildə Parisdə keçirilən toplantısında 196 tərəfdaş ölkəylə Paris İqlim Sazişinın əsasını qoyurlar. Sazişə əsasən, hər bir tərəf karbon emissiyasını azaltmaq məqsədi ilə ətraf mühitə daha az ziyan vuran alternativ enerji və yanacaq mənbələrindən istifadə etməyi, mövcud karbon səviyyəsini saxlamağı, sənaye tullantıları ilə bağlı qaydalarda islahatlar etməyi öz öhdəliklərinə götürürlər.

 

Təəssüf ki, tərəfdaş ölkələrin təxminən 90 %-nin imzaladığı bu saziş hələ də tam tətbiq edilməmişdir. Son statistikalara görə, tərəfdaş ölkələr arasında ən çox karbon dioksid tullantısı istehsal edən Çin (29,18 %) və ABŞ (14,02 %) arasında davam edən ticarət qarşıdurması ABŞ-ın sözügedən müqavilədən ayrılmasına, daha sonra isə digər ölkələrin də öz iqtisadiyyatlarını qurban etmək istəməmələrinə gətirib çıxardı.

 

Bütün bu hallara baxmayaraq, dünyada gözlənilmədən COVID-19 pandemiyasının yayılması, əksər ölkələrdə məhdudiyyətlərin, xüsusi karantin rejimi və qaydalarının tətbiq edilməsi müəyyən dərəcədə Yerin hava və canlılar yaşayan təbəqəsində tullantıların azalmasına səbəb oldu. Pandemiya səbəbindən 2020-ci ildə dünya iqtisadiyyatının həcminin 10 %-ə yaxın kiçilməsinə rəğmən BMT-nin son hesabatlarında Yer səthinin ortalama istilik temperaturunun +1,5° C dərəcədə saxlanılmasının yenə də mümkünlüyünü qeyd etmişdir. Bu müsbət dəyişikliklərdən sonra, 2021-ci ildə ABŞ tərəfi də yenidən Paris Sazişinə qayıdacağını və müqavilənin təsdiqlənəcəyini bildirmişdir.

 

Qeyd edək ki, Paris Müqaviləsinin tam qüvvədə olacağı halda, 2050-ci ilə qədər havaya emissiya olunan karbon miqdarının sıfıra yaxın rəqəmlərə enəcəyi gözlənilir.

 

Səlahəddin PİRİYEV