Gəlin bir daha düşünək, bütün bunlar nə dərəcədə vacibdir və anlayaq ki, susmaq olmaz!

 

Rezidenturaya qəbul balını indiki reallıqdan tamamilə qopmuş, köhnəlmiş və rüsvayçı testlər müəyyən edir ki, bura unudulmuş, çoxdan imtina edilmiş protokollar daxildir.

 

Bal toplamağımız üçün bizə yanlış testləri və yanlış cavabları əzbərlətdirirlər.

 

Kobud desək, 1000 diplomlu həkimdən yalnız 100-200 nəfəri imtahandan keçir, qalanlarının ya 6 illik əməyi tamamilə boşa gedir və bu sahədən ümumiyyətlə uzaqlaşırlar, ya da uzaqlaşmırlarsa, illərlə 600-700 lariyə işləyirlər, yaxud da başqa ölkəyə gedib fəaliyyətlərini orada davam etdirirlər.

 

Özəl rezidenturaya qəbul olmaq imkanı tamamilə tanışlıqdan, əməkdaşlıqdan və qohumluqdan asılı hala gəlib; bu, balla, erudisiya/biliklə müəyyən edilmir, bu da həm sahənin nümayəndəsinə, həm də gələcək pasiyentə zərər verir – qeyri-peşəkarlıq və nəzarətsizlik hökm sürür.

 

Özəl rezidenturaya qəbul olduğun təqdirdə hər ay klinikaya gedib 500-800 lari ödəyirsən ki, ora gedəsən, işləyəsən, növbətçi qalasan, gecəni yatmayasan, klinikanın işini görəsən və hələ bir üstəlik pul da ödəyəsən; real biliyi, izahı, manipulyasiyaların praktikasını və hətta dərslikləri belə sənə heç kim vermir.

 

Paralel olaraq isə başqa işdə işləyirsən və cəmi 600 və ya 700 lari alırsan! Ən azı 29-30 yaşınadək ailənin hesabına yaşayırsan!

 

Son ildə müəyyən istiqamətlər defisit sahə elan edildi və bir çoxları çox məsuliyyətli sahələr üzrə, xüsusilə anestezilogiya-reanimatologiya, cərrahiyyə istiqamətləri və təcili tibbi yardım və s. üzrə rezidentura keçmədən lisenziya aldılar. Faktiki olaraq, həyat keşiyində duran həkimlərin təhsil səviyyəsi şübhə altındadır; lisenziyaların paylanması isə sənədlərin saxtalaşdırılması, tanışlıq və bir çox qanunsuz hərəkətlərlə baş tutdu.

 

Bununla paralel olaraq, “defisit” sahələr üzrə cəmi 2-4 yer elan edilməsi faktının necə mümkün olduğunu və hansı məntiqlə izah edildiyini bilmirəm. Əgər sahə defisitdirsə, niyə yerlər elan edilmir və niyə dövlət müvafiq proqramla daha çox rezident hazırlamağın qayğısına qalmır?

 

Məvacib: Sonradan lisenziya almış həkimin də vəziyyəti heç də yaxşı deyil, çünki məvaciblərin rüsvayçı rəqəmləri səbəbindən ailəsini dolandırmaq üçün 2 və ya 3 işdə işləmək məcburiyyətində qalır. Faktiki olaraq, həkim öz həyatından imtina etməli, növbətçi qalmalı, yatmalı və ailəsinin, övladının elementar ehtiyaclarını qarşılaya bilməsi üçün yenidən növbətçi qalmalı olur.

 

Buna necə səs çıxarmamaq olar!

 

Hər şeyi etməliyik ki, nəsə dəyişsin! Hamımız bir yolun yolçusuyuq, amma bu ölkəni sevən və burada həkimlik etmək istəyənlər – belə davam edərsə, yaşaya bilməyəcəksiniz, sadəcə mövcud olacaqsınız. Çünki gəliriniz yetməyəcək, əlinizdə qalan isə yalnız bəzi vicdansızların cibini doldurması naminə pozulmuş sağlamlığınız və psixikanız olacaq.

 

Anlaşılandır, hesab edirsiniz ki, etirazın mənası yoxdur, bunun üçün vaxtımız yoxdur, imkanımız yoxdur və s. Lakin səs çıxarmasaydıq, indi vəziyyət qat-qat pis olardı. İmtahanın ildə iki dəfə keçirilməsi üçün belə vaxtilə tələbələr və namizədlər mübarizə aparıblar. Ona görə də, yaxşı olar ki, aşağıdakı məsələlərlə bağlı səsimizi ucaldaq:

 

Gürcüstanda rezidentura: Təhsil, yoxsa leqallaşdırılmış istismar?

 

Gəlin bir daha həqiqətin gözlərinə baxaq: Gürcüstanda tibbi təhsil sistemi kollapsın astanasındadır. Hər il ölkə daxilində 1000-ə yaxın tələbə fakültəni bitirir və bir o qədər də birinci kursa qəbul olur, dövlət isə onlara yalnız cüzi yerlər təklif edir; yəqin ki, dövlət rezidenturası üçün ayrılmış o gülünc sayda yerləri görmüsünüz.

 

Bəs yerdə qalanların taleyi necə olsun? Məsələn, 195 bal toplayanın? Lakin radiologiya üzrə ayrılmış 2 yeri yəqin ki, USMLE imtahanını verənlər tutacaqlar.

 

1. Avropa standartı əvəzinə “pullu köləlik” – yəni klinikada ucuz işçi qüvvəsi kimi qalmaq ki, bundan da istər özəl, istərsə də səhiyyə sektoru olsun, yalnız klinika qazanır.

 

Bu, o halda baş verir ki, Almaniya, Fransa, Polşa və ya Çexiyada rezident layiqli maaş alan (ölkədən asılı olaraq orta hesabla 2500-5000 avro) tamhüquqlu həkimdir; bizdə isə rezidentura mental və fiziki tükənmə hesabına klinikanı həm də pulla təmin edən bir biznesə çevrilib.

 

1) Faktiki olaraq, bizi işləmək üçün ayda 600-800 lari ödəməyə məcbur edirlər!

 

Bu, o halda baş verir ki, kiçik həkimin maaşı çox vaxt bu məbləğdən azdır. Belə çıxır ki, klinikanın işinə “kömək etmək” üçün pulu ailəmizdən gətirməliyik.

 

2) Keyfiyyət vs pul.

 

Avropada rezidenturaya ciddi şəkildə nəzarət olunur – klinika sənə öyrətməyə borcludur. Bizdə isə özəl rezidenturaların əksəriyyəti yalnız pula yönəlib. Tədris formaldır, real yerlər isə çox vaxt nepotizm və tanışlıqla paylanılır. İstedadlı, lakin “sahibsiz” kadr rezidenturadan kənarda qalır.

 

3) Hara gedirik?

 

Dövlət bir tərəfdən kadr çatışmazlığından və həkim axınından şikayətlənir, digər tərəfdən isə gənc həkimin hələ ikinci kursdan ölkədən qaçmağı planlaşdırması üçün hər şeyi edir.

 

4) “Defisit” elan olunan ixtisaslar üzrə niyə 2-4 yer ayrılır?

 

Maraqlıdır, neçə nəfər ayağa qalxıb nazirliyin qarşısına gedə və bu məsələni qaldıra bilər:

 

• Rezidentura yerlərinin artırılması və məzunların sayına uyğunlaşdırılması!

 

• Rezident bütün normal ölkələrdə maaş alır, lakin biz ən azından ödənişin indiki qədər olmamasını, yaxşı halda isə ümumiyyətlə olmamasını tələb etməliyik!

 

• Şəffaf və obyektiv seçim sistemi özəl klinikalarda da tətbiq olunmalıdır; kimin neçə balla qəbul olunduğu hamı üçün açıq olmalıdır! Babaların və dayıların zəngi ilə “tapşırılmaq” sisteminə son qoyulmalıdır! Özəl klinikalarda tədrisin keyfiyyətinə ciddi nəzarət edilməlidir.

 

• Piar kampaniyaları olmadan layiqli məvacib verilməlidir. Əgər həkimlərin də, məsələn, təcili yardım həkiminin saatda 12-14 lari alması xoşlarına gəlmirsə, onlar da öz fikirlərini deyə bilərlər.

 

Müəllif: İya Kurasbediani

Tbilisi Dövlət Universitetinin Tibb fakültəsinin məzunu, diplomlu həkim, təcili yardımın kiçik həkimi.

Gürcü dilindən tərcümə etdi Aynurə Əliyeva