Qalaktion Tabidze (1891-1959) – Gürcüstanın Xalq şairi, Gürcüstan Elmlər Akademiyasının Akademiki. Ömrünün son illərində Qalaktionun səhhəti kəskin şəkildə pisləşdi. Dipsomaniya, alkoqol aclığı, spirtli içkilərdən sui-istifadə – Qalaktionun tibbi müayinələrində alkoqolla bağlı terminlər tez-tez təkrarlanır. Qalaktion tibb kompleksinin daimi xəstəsi idi. İntiharından bir il əvvəl Tabidze Vake klinikasına dörd dəfə qəbul edildi. 1959-cu il də xəstəxana palatası ilə başladı. Üç həftəlik kurs 5 martda başa çatdı, lakin 12 gün sonra şair yenidən özünü tibb kompleksinin nevrologiya şöbəsində tapdı. İntihar etdiyi gün, 17 martda Qalaktionu qardaşı oğlu səhər saat 10-da tibb müəssisəsinə gətirdi. Saat 1-də şair üçün əlavə olaraq ikinəfərlik palatada üçüncü çarpayı da quruldu. Palatadakı xəstələr sıxışdırılmalarından narazılıqlarını bildirdilər. Saat 2-də Qalaktion ilk dəfə nevrologiya şöbəsinin təcili yardım şöbəsinə daxil oldu. Şairin adına məcburi anket açıldı. Onu divana uzadıb standart müayinə prosedurundan keçirdilər. Nəbz 84, qan təzyiqi 180/80. Tabidzeyə hipertoniya və ateroskleroz diaqnozu qoyuldu. Martın 17-də Qalaktion, demək olar ki, palatasına girmirdi. İntihar etməzdən əvvəl bütün vaxtını dəhlizdə keçirir, xəstəxana işçiləri ilə söhbət edir və siqaret çəkirdi. Saat 4 radələrində onu yenidən nevrologiya şöbəsinin təcili yardım şöbəsində, bu dəfə növbətçi həkim Susana Arakelova müayinə etdi. Saat 5-də şair ilk intihar cəhdini etdi. O, stul götürüb dördüncü mərtəbənin eyvanına çıxmağa çalışdı. Qalaktion xəstəxana işçiləri tərəfindən saxlanıldı. Balkon yağışdan islanmışdı və tibb işçisi ona bayıra çıxmamağı məsləhət gördü. Xəstə Tabidze bir kəlmə də demədən ona itaət etdi. Qalaktion üçüncü və sonuncu dəfə nevrologiya şöbəsi müdirinin kabinetinə girəndə saat 6-ya 10 dəqiqə qalmışdı. Xəstəxana xalatını çarpayının üstünə atdı, pəncərənin yanına stul gətirdi, üstündə oturdu və pəncərəni açdı... Qalaktionu son səfərində bütün Gürcüstan yola saldı. Mtatsminda xiyabanına aparan küçələr insanlarla dolu idi. Tabidze Mtatsmindada Barataşvilinin yaxınlığında dəfn edildi. 2000-ci ilin iyun ayında Gürcüstan Pravoslav Kilsəsi Sovet hökumətinin verdiyi əzabların məntiqi nəticəsi olaraq Qalaktionu intihar günahından bağışladı. Onun məzarı Gürcüstanın Katolikos-Patriarxı II İlya tərəfindən müqəddəs elan edildi.
(Mənbə: Mixeil Basiladze, “24saati.ge”)
***
Görkəmli gürcü və ictimai xadim. Gürcüstanın xalq şairi, Gürcüstan Elmlər Akademiyasının akademiki Qalaktion Tabidze. Gürcüstanın dahisi adlandırılan sənətkar cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırdı.
Şair ən dərin düşüncələrini ən yaxın dostlarından biri olan gündəliklə bölüşürdü. Qalaktion Tabidzenin yazdığı budur:
“Hələ də xəstəyəm və Yeni ili ciblərim boş halda qarşılayıram... Ayaqyalın gəzirəm; yeganə nailiyyətim nəhayət əldə etdiyim bu paltodur... Ən dəhşətlisi odur ki, hələ də intihar düşüncəsi mənə əzab verirdi, çünki bu düşüncədən əbədi olaraq qurtulduğumu düşünürdüm. Saat düz on ikiyə qoyulub və onun zəngi mənə Yeni ilin gəlişindən xəbər verəcək. Keçən ilin hadisələrindən bir şey xatırlamağa dəyərmi?..
İl boyu iyrənc şəkildə qidalanırdım və güman ki, buna görə hər şeyə həvəsim itir. Min dəfə soyğunçuluğa məruz qalmışam. Bir dəfə paltomu götürdülər, ikinci dəfə sənədləri olan pencəyimi (oh, bu dəhşətli idi), üçüncü dəfə ayaqqabılarımı və qaloşlarımı, dördüncü dəfə papağımı (cəmi üç papağımı itirmişəm)...
Müxtəlif vaxtlarda iki təptəzə şarfımı itirdim, böhran zamanı son şalvarımı satdım. Anam məni kənddən qarğışla yola saldı. Abesalom bura gəldi, mənə boş “lay-lay” söyləyib yenidən çıxıb getdi.
Xəstə olanda Olya məhz elə o anda yoxa çıxır və mənə su gətirəcək bir kəs yoxdur. Bundan əvvəl bütün bir həftə xəstə idim, ac yatağımda uzanmışdım və yanıma heç kim gəlmədi. Ac, xəstə və paltosuzluğa görə ümidsizliyə qapılmışdım. Halımı soruşan bir kimsə olmadı. Düz beş ildir ki, mənzilimə heç bir dostum gəlməyib, məgər, bu, bədbəxtlik deyilmi? Əgər bir kişi öz otağında ölsə, bu barədə yalnız 15 gündən sonra, çürümə qoxusu qapıları dağıdıb həyətə aparanda biləcəklər...”
(Qalaktionun gündəliyindən: 1932-ci il, 31 dekabr)
***
Vera kitab mağazasından Lermontovu alırdım.
– Salam, əzizim! – Kimsə arxadan məni salamladı. Dönüb baxdım ki, Qalaktiondur.
– Salam, cənab Qalaktion! Lermontov gürcü dilində nəşr olunub, mən də almaq istəyirəm, siz də istəyirsinizmi? – Soruşdum və əlimi cibimə saldım.
– Mənimlə gəl, əzizim! – Qalaktion əlini qoluma qoyub məni Vera bazarının yanındakı bir pivəxanaya apardı.
Biz həmçinin həmin kitab mağazasını və bir çox başqalarını qeyd etdik. Qalaktion yanağıma toxundu və gülümsəyərək dedi:
– Lermontovu, Puşkini və Tolstoyu rus dilində oxumalısan, əzizim, Qalaktionu isə gürcü dilində, yalnız gürcü dilində oxumalısan...
...Və həqiqətən də, Qalaktionu gürcü dilində oxumaq nə qədər böyük xoşbəxtlikdir, Puşkini rus dilində oxuya bilməmək isə nə qədər bədbəxtlikdir.
Əgər məndən soruşsalar, deyərəm: Qalaktionun doğulduğundan bəri Yer kürəsinin çiyinlərində onun qədər yüksək olan şair gəzməyib və bu Qalaktion iyirminci əsrdə oyanmış və Günəşə qaldırılmış Rustavelinin dahisidir.
(“Mənim Qalaktionum” – Nodar Dumbadze)
***
Fransadan gələn yazıçılar Maçabeli küçəsindəki Yazıçılar Birliyinin evinə baş çəkdilər. Onlar təngnəfəs Qalaktionu axtarırdılar. Həmin vaxt Qalaktion meydanda bir neçə nəfərlə içki içirdi. Nəhayət, onu tapdılar, amma o getmək istəmədi. Ona o qədər yalvardılar ki, başqa çarəsi qalmadı.
İçəri girər-girməz əlinə buynuzu götürdü və tost əvəzinə bədahətən nəsə şeir oxudu və birdən geri döndü.
***
Akaki Xintibidzenin söylədiyi:
Qalaktion və Konstantine, sən demə, Tsagveridə istirahət edirlərmiş. Konstantine hər dəfə Qalanı (Qalaktionu – M.M.) belə salamlayardı:
– Salam, aslan!
Qala cavab verirdi:
– Yaşasın pələng!
Bu, uzun müddət davam edirdi.
Konstantine pələnglikdən incidi. Bu niyə həmişə aslan olmalıdır, – deyə düşündü və bir gözəl səhər çağı onu belə salamladı:
– Salam, pələng!
Qalaktion cavab verdi:
– Salam, Kotsiya! (Konstantinenin əzizlənərək çağırılan adıdır – M.M).
***
Qalaktion akademikliyə namizəd göstəriləndə bu məsələni Yazıçılar Birliyinin Rəyasət Heyəti nəzərdən keçirirdi. Yazıçılardan biri buna qarşı çıxaraq bildirdi: Bizi biabır edəcək, şərabı sevir, həmişə sərxoş olur.
Qalaktion sakitcə soruşdu:
– Sən, əzizim, şərabı sevmirsənmi?
– Xeyr! – Əleyhdarı qürurla dedi.
– Heç sərxoş olmusanmı?
– Xeyr, heç vaxt! – O, yenə təkəbbürlə bildirdi.
– Yoldaşlar, onda bu adamı akademik seçin! – Qalaktion qışqırdı.
***
Qalaktionun Partsxnalada dərs dediyi müddətdə bir şagird dərsə gələ bilmədi. Qalaktion ona evdə baş çəkdi və özü üçün olan pulu uşağın anasına verdi, çünki anası onun yuduğu şalvarı qurutmağı çatdıra bilmədiyindən uşaq məktəbə gedə bilməmişdi.
“Bu pula ona başqa bir şalvar da al”, – deyə uşağın anasına bildirib.
***
İrakli Seretelinin atası Sidamon Sereteli bir dəfə Qalaktion ilə rastlaşıb. Sən demə, Qalaktion sərxoş olub və saqqalında turşunun qalıqları qalıbmış. Sidamon turşu qalıqlarını təmizləyib ondan xahiş edir: “Cənab Qalaktion, sizinlə bir şəkil çəkdirə bilərəmmi?”
– Siz mənimlə tarixə düşmək istəyirsiniz, cavan oğlan?
– Xeyr, siz özünüz tarixə düşün, – Qalaktiona qürurla cavab verib.
***
Bir dəfə, sən demə, Moskvada yazıçıların qurultayı keçirilirdi, Gürcüstan da daxil olmaqla, on beş respublikanın nümayəndə heyətləri gəlməli idi... Nümayəndə heyətimiz 50 nəfər üzrə tərtib edilmişdi və onlar hətta getdilər də... Qalaktion 50 nəfərin içində yox idi, ona görə də səbəbini soruşublar. Deyiblər ki, nəzərdən qaçırmışıq...
***
Qalaktion bir kafeyə girdi. Sahibi nəyisə israr edirdi. Kafenin sahibi (Qalaktionu tanımadı) ona qışqırdı: “Məni rahat burax, a kişi, səni kimisi mini gəlir!”
Qalaktion bığının altında güldü və çıxıb getdi.
***
Bir dəfə quş maşının şüşəsinə çırpılıb, Kutaisiyə doğru gedən Qalaktion maşını saxlayıb, quşu torpağa basdırıb və sonra yenə yoluna davam edib.
***
Qalaktion qəribə bir uşaq idi. Bir dəfə anası balaca şairi otaqda tək qoymuşdu və Makrine otağa qayıdanda Qalaktionun pəncərədən içəri girən günəş işığını öpdüyünü görüb. Təəccüblənmiş anası qışqırıb: “Nə edirsən, Qatuni?” Qalaktion utanıb və anasının qucağında ağlayıb. Uşaqlıqdan bəri qəribə bir insan idi. Buna görə də anası məktublarında həmişə yazırdı: “Həmişə fikrimdə olan, məni müxtəlif yollarla narahat edən oğlum”. Və Abesaloma isə yazırdı: “Qalaktionu sənə tapşırıram, bilirsən ki, nə çətin baxılasıdır. Camaat arasında ona acıqlanma, tək olanda onu danla, yoxsa qorxuram ki, başına nəsə bir şey açmasın”.
***
Qalaktion “İnturist”in bağçasında oturub bir qədəh şərab gözləyir.
Ofisiant gecikir. Qalaktion ona səslənir: – Əzizim!
Ofisiant narazılıqla cavab verir:
– Bir gözlə, a kişi, sənin kimilər milyondur, mən də tək.
(Nodar Dumbadze, “Günəşli gecə”)
Topladı və gürcü dilindən tərcümə etdi:
Mirzə Məmmədoğlu